“Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki…”

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Rəşadətli Azərbaycan Ordusu xalqımızın xəyalını reallığa çevirdi. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 30 ilə yaxındır düşmən tərəfindən işğal altında saxlanılan doğma torpaqlarımız geri qaytarıldı. Bu tarixi hadisə hər bir azərbaycanlı üçün qürur mənbəyidir və bundan sonra hər birimiz rahatlıqla “Biz qalib xalqın nümayəndəsiyik” söyləyə biləcəyik”.

Bu sözləri Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov söyləyib.

Onun sözlərinə görə, çox qısa müddətə Azərbaycan Ordusunun zəfəri ölkəmizin qarşısında böyük imkanlar açır:

İşğalçı Ermənistan elə rəy yaratmağa çalışırdı ki, guya Azərbaycan tarixi torpaqlarının işğalı faktı ilə barışıb və mübarizə əzmi yoxdur. Saxta bəyanat və təxribatçı hərəkətləri ilə bunu isbatlamağa çalışırdılar. Ermənistanın Baş naziri Nikol Paşinyanın Cəbrayıla yol çəkəcəyi, Şuşada sərxoş vəziyyətdə rəqsi, Azərbaycanın qondarma rejimlə danışıqlara başlaması barədə sərsəm açıqlamaları bunun bariz nümunəsi idi. Azərbaycan Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, böyük beynəlxalq təzyiqlərə və ATƏT-in Mniski Qrupu həmsədrlərinin birtərəfli mövqeyinə rəğmən çox qısa müddətə, cəmi 44 günə işğalçı Ermənistanın belini yerə vurdu və onları işğal altında saxladığı torpaqları geri qaytarmağa məcbur etdi. Bu qələbəni Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi və Azərbaycan Ordusunun canı-qanı bahasına əldə etdik”.

Gənclər Evinin direktoru bildirir ki, Azərbaycanın bu tarixi zəfəri bəzi beynəlxalq qüvvələrin ciddi narahatlığına səbəb olub və onlar hər vəchlə bu uğura kölgə salmağa çalışırlar:

“Hər kəsə məlumdur ki, bütün bu proseslərdə Azərbaycan xalqı misli görünməmiş birlik nümayiş etdirdi. Hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşdi və qələbəni şərtləndirən amillərdən biri də məhz bu oldu. Görünən odur ki, Azərbaycanda Prezident-Xalq birliyindən əndişələnən qüvvələr var və onlar ictimai rəyi çaşdırmağa, bu tarixi zəfərə kölgə salmağa çalışırlar. Çünki qısa müddətə əldə edilən tarixi qələbə Azərbaycanın dünya miqyasında rolunu və mövqeyini əhəmiyyətli dərəcədə artırdı. Ölkəmizin əldə etdiyi uğurlar xaricdə və daxildə məkrli qüvvələri hərəkətə gətirib və onlar öz təxribatçı addımları ilə bu böyük uğuru şübhə altına alırlar. Lakin gerçəklik ondan ibarətdir ki, xalqımızın əldə etdiyi tarixi qələbə Azərbaycanda Prezident-vətəndaş vəhdətini sarsılmaz edib və təxribatçı ssenarilərini işə salan qüvvələr bu dəfə də məyus olacaqlar”.

Oxşar xəbərlər