Ölkəmiz özü-özünü yumurta ilə təmin edir

Quşçuluğun inkişafı mövzusunda videokonfrans keçirilib.

SOSİUM.az xəbər verir ki, konfransda Kənd Təsərrüfati naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, ASK-ın prezidenti Məmməd Musayev, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quşçuluq şirkətlərinin rəhbərlərinin iştirak edib.

Bildirilib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər: “Ölkəmizin ərzaq təhlükəsizliyi, daxili istehsal hesabına özünü təmin etməsində böyük irəliləyişlər var. Qida zəncirində mühüm həlqələrdən biri də quş əti və yumurta ilə təminatdır. Azərbaycan özünü yumurta ilə tam təmin edir, quş ətində isə 25 faiz idxaldan asılılıq qalır”.

Qeyd olunub ki, quş ətinə olan daxili tələbatı təmin etməyə imkan verən potensial mövcuddur və Azərbaycan Sahibkarlar Konfederasiyası bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş dəstək verir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu sahədə fəaliyyət göstərən sahibkarların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirib. O, ölkə iqtisadiyyatının inkişafı, milli sahibkarların dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb.

Agentlik sədri Azərbaycanda quşların pərakəndə satışının epizodik vəziyyətə təsiri, zəif patogen quş qripinə qarşı vaksinasiya ilə bağlı gələcəkdə həyata keçiriləcək tədbirlər, quşçuluq müəssisələrinin idarə olunmasında mövcud olan nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.

Kənd Təsərrüfatı naziri İ.Kərimov hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, bu sahədə dövlətin tənzimləmə mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Eyni zamanda, nazir ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

Müzakirələr nəticəsində ASK-ın prezidentinin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara müvafiq təkliflər paketinin təqdim edilməsi qərara alınıb.

Oxşar xəbərlər