“Ağır oyun oldu, lakin biz yaxşı farsət…”

“Çox məyusuq. Bunu evdə Monteneqroya uduzduğumuz oyunla da müqayisə edə bilərik. Həmin görüşdən sonra da hamımız üzgün idik”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Lüksemburq yığmasının kapitanı Loran Yans “wort.lu” saytına açıqlamasında UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Kiprə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi bu məğlubiyyətlə liderlik şansını əldən verdiklərini bildirib: “Zirvədəki yerimizi qorumaq istəyirdik. Əsas vəzifə bu idi. Ağır oyun olsa da, yaxşı qol fürsətləri yaxaladıq. Hamımız 1 xal üçün sonadək vuruşduq”.

Belçika “Standard”ında çıxış edən futbolçu B Liqasına yüksəlmək şanslarının qaldığını söyləyib: “Həmişə deyirlər ki, futbolda hər şey olur. Amma realist olmaq lazımdır. Edə biləcəyimiz yeganə şey Azərbaycana qalib gəlib gözləməkdir. Monteneqronun Kiprlə matçda nə edəcəyinə baxmaq lazımdır”.

Qeyd edək ki, noyabrın 17-də “Jozi Bartel” stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Oxşar xəbərlər