“Ölkəmizdə ən nüfuzlu bitərəf siyasətçi…”

“Siyasətdə müstəqil olmaq o qədər də mümkün deyil. Çünki hansısa partiyanın, blokun üzvü olan şəxs mütləq həmin təsisatın maraqlarını müdafiə etməlidir”.

SOSİUM.az xəbər verir ki, bu sözləri “müstəqil siyasətçi” anlayışını izah edərkən, deputat Vahid Əhmədov söyləyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır və onun üzvləri müstəqil siyasətçi adlandırıla bilməz:

“Həmin üzvlər YAP-ın qarşıya qoyduğu məqsədləri həyata keçirməlidirlər. Bu partiyanın nizamnaməsidir.

Müstəqil siyasətçilər isə o cəhətdən müstəqil olurlar ki, heç bir partiyanın üzvü deyillər, demokratik mövqelərini ortaya qoymağa, müstəqil siyasət yürütməyə çalışırlar. Bir şərtlə ki, dövlətin müstəqilliyi, sabitliyi kimi məsələləri nəzərdə saxlasınlar. Belə şəxslərə müstəqil siyasətçi demək olar. Amma yenə də müstəqil siyasətçilərin də sona qədər müstəqil olduqlarını deməzdir. Müəyyən qədər əlaqələri, təmasları mövcud olur”.
Vahid Əhmədov hesab edir ki, Azərbaycanda ən nüfuzlu bitərəf siyasətçinin kim olduğunu demək çətindir:
“Amma bəzi insanlar var ki, öz müstəqilliklərini, bitərəfliyini qoruyub saxlaya bilirlər. Mən müstəqil o insanlara deyərdim ki, hansı vəzifədə olmasından, siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyi uğurunda mübarizə aparsın. Onun dedikləri həqiqətə söykənsin. Azərbaycanda stabilliyi qoruyub saxlamağı əsas bilsin. Bir də Qarabağ məsələsində açıq, sərt mövqe sərgiləsin. Digərləri kimi nala-mıxa vurmasınlar. Qarabağ Azərbaycanındır. Bunu həll etmək isə ən vacib məqsəddir.

Mən müstəqil siyasətçi kimi kiminsə adını çəksəm, bir başqası məndən inciyəcək. Amma belə insanlar az da olsa var”.
Xarici ölkələrdə müxtəlif partiyaların müstəqil siyasətçini nüfuzlu, sanballı olduğuna görə dəvət edib, partiya adından seçkilərdə iştirakını istəməsi təcrübəsi də mövcuddur.

Buna da münasibətini ifadə edən deputat inanır ki, belə bir siyasi mədəniyyət Azərbaycanda da olacaq:
“Cəmiyyət daha da demokratikləşdikcə, müstəqil insanların sayı artdıqca, siyasi mədəniyyət də yüksələcək. Xüsusilə, gənclərin bu məsələdə mövqeyini vurğulamaq istəyirəm. Fikir verirəm, yaşlılar müstəqillik məsələsində sərt mövqedə olmayıblar. Amma cavanların mövqeyi sərtdir. Mən arxayınam ki, gənclər müstəqilliyimizi qoruyub saxlamağın, demokratikləşmənin daha çox tərəfdarıdırlar. Ona görə, bizdə də vaxt gələcək, partiyalar nüfuzlu, müstəqil şəxslərə təklif edəcəklər ki, “dövlət üçün xidmətlərin böyükdür, nüfuzun kifayət qədər yüksəkdir, üzv olmasan da gəl, partiyamdan namizədliyini irəli sür”. Bunun gec-tezi var, amma mütləq olacaq”.

Oxşar xəbərlər