Yaşlı diplomatlar da istefa verəcək?

Baş Nazirin keçmiş müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovun gec də olsa vəzifələrindən azad edilməsi üçün ərizə yazmaları ictimaiyyət tərəfindən də müsbət qarşılanıb.

SOSİUM.az xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 21-də Baş Nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovu pensiyaya yola salarkən yaşı 70-i ötmüş vəzifə sahiblərini istefa mədəniyyəti göstərməyə çağırıb.

Ölkə başçısı 71 yaşlı Əli Həsənovla və 75 yaşlı Hacıbala Abutalıbova Nazirlər Kabinetinin tərkibinə nisbətən cavan kadrların cəlb olunacağını xatırladıb.

“…daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraicətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”, – İlham Əliyev vurğulayıb.

Əli Həsənovun və Hacıbala Abutalıbovun ardınca AMEA-nın 85 yaşlı prezidenti Akif Əlizadə də vəzifədən ayırlması ilə bağlı istefa ərizəsi yazıb.

Qeyd edək ki, diplomatiya sahəsində də yaşlı kadrlar kifayət qədərdir.

Maraqlıdır, təqaüd yaşını keçmiş diplomatlarımız da istefa verəcəklərmi?

Müstəqil Azərbaycanın Türkiyədə ilk səfiri olmuş Məmməd Əliyev Modern.az-a bildirib ki, özündə güc tapmayan diplomat mütləq istefa qərarını verməlidir:

“Əgər yaşlı diplomatlar özlərində güclü iş qabiliyyəti hiss edirlərsə, işləyə bilərlər. Diplomatiyada təcrübənin də xüsusi rolu var. Adam var ki, 30-40 ildir diplomatiyadadır, bir neçə dil bilir. Bu da faktdır. Eyni zamanda, gənclik də diplomatiya sahəsində öz sözünü deməlidir. Hesab edirəm ki, diplomatlara individual yanaşmaq lazımdır. Diplomatiya spesifik işdir. Burada həm xarici mühiti, həm də xarici dilləri bilmək lazımdır. Ancaq kimlərsə özündə güc hiss etmirsə, mütləq şəxsi qərarlarını verməlidir. Professor, elmlər doktoru olan səfirlərimiz var ki, səfirlikdən ayrılsalar belə, işsiz qalmayacaqlar, tədqiqatlarını davam etdirəcəklər. Məsələn, mən diplomatiyadan ayrılsam da, elmi işlərimi davam etdirirəm. Eyni zamanda, xarici işlər nazirinin müavini Hafiz Paşayevi götürək. Vaxtilə səfir kimi fəaliyyət göstərib. Bu gün isə ADA Universitetinə rəhbərlik edir. Səfir kimi çalışmasa da, ADA-da çox böyük işlər görür. Harvard Universitetini Bakıya gətirib. Demək istəyirəm ki, alim səfirlərimiz diplomariyadan ayrılsalar da, daha faydalı işlər görə bilirlər. Hafiz Paşayevin nümunəsi göz qabağındadır”.

Təqaüd yaşını keçmiş bəzi diplomatların siyahısını təqdim edirik:

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1945-ci ildə anadan olub. 74 yaşı var.

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov 1944-cü ildə anadan olub. 75 yaşı var.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev 1951-ci ildə anadan olub. 68 yaşı var.

Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov 1951-ci ildə anadan olub. 68 yaşı var.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov 1940-cı ildə anadan olub. 78 yaşı var

Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev 1952-ci ildə anadan olub. 67 yaşı var.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev 1952-ci ildə anadan olub. 67 yaşı var.

Oxşar xəbərlər