Metro nə zaman işə düşəcək: “Tam hazırıq”

Sanitar-epidemioloji vəziyyətlə əlaqədar Bakıda metropolitenin fəaliyyətinin məhdudlaşdırılması qərarı bu gün paytaxtda ictimai nəqliyyatda yaranan sıxlıqda ciddi paya sahibdir.

Sentyabrın 15-də yeni tədris ilinin fəaliyyətə başlaması ilə bağlı qərar Bakı metrosunun yenidən fəaliyyətini bərpa etməsi məsələsini gündəmə gətirdi.

SOSİUM.az sözügedən mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Azmedia.az-a müsahibəsini təqdim edirik:

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Metropolitenin fəaliyyətini bərpa etməsi real görünürmü?

– Yeni tədris ilində Bakı metropoliteninin fəaliyyətə başlaması ilə bağlı ehtimalları qiymətləndirmək bizə düşən vəzifə deyil. Metronun açılması, bağlanması səlahiyyəti Operativ Qərargahdadır. Metronun bağlanması da sırf epidemioloji vəziyyətlə bağlı olan məsələdir. Burada metronun texniki vəziyyəti, infrastrukturu ilə bağlı hər hansı bir məsələ yoxdur. Metropolitenin 4 iyulda bağlanarkən qarşısına qoyulan vəzifə metronun bütün infrastrukturunu sağlam və işçi vəzyyətində saxlamaq idi.

Bəs sentaybrın 15-dən Bakı metrosu fəaliyyətini bərpa etməyə tam hazırdır?

– Əgər qərar verilərsə ki, metropoliten sentyabrın 15-dən fəaliyyətini bərpa etməlidir, metropoliten buna hazırdır. Metropolitendə hər gün hazırlıq vəziyyəti olur və zaman-zaman yoxlanılır. Bizim texniki normativ sənədlərimiz var. Bəzi prosedurlar həmin normativ sənədlərə uyğun həyata keçirilir. Sadəcə olaraq, burada əsas məqsəd nədir? Tarixdə belə şey olmamışdı ki, pandemiya dövründəki qədər metro bu qədər bağlansın. Metro bağlandığı müddətdə bunu şərtləndirən səbəblərdən biri bu şəraiti nəzərə alaraq həmin işləri görməkdir. Qalan məsələlər adi iş günündə gördüyümüz məsələlərdir. Yəni, qatarlara qulluq edilməsi, stansiyaların, tunellərin cari vəziyyətinə baxılması, avadanlıqların cari vəziyyətdə saxlanılması, bunların hər biri metropolitendə qaydalara uyğun şəraitdə təmin olunur və aman-zaman da təbii ki, işçilərin hazırlığı və s. yoxlanılır və müvafiq qərarlar verilir. Fəaliyyətə başlamaqda metropolitenlə bağlı hər hansı bir problem yoxdur.

Metronun fəaliyyətinin bərpası qərarı verilərsə, sərnişinlər hansısa bir yeniliklə qarşılaşa bilərlər?

– Hələlik bu istiqamətdə başqa bir xüsusi tövsiyə yoxdur. Əsas məsələ pandemya ilə bağlı vəziyyətdir. Yəni, ictimai nəqliyyatla bağlı da müvafiq metodiki göstəriş var. Eyni zamanda, sərnişinlərin bu metodiki göstərişə uyğun olaraq tibbi maska taxması, sosial məsafəni qoruması qaydaları mövcuddur. Ən vacib şərtlər bunlardır. Hələlik bunlar qüvvədə olan qərarlardır. Ümumi, qlobal götürdükdə, böyük mənada hər hansısa böyük dəyişiklikdən söhbət də gedə bilməz. Metropoliten əvvəl necə xidmət göstərirdisə, yenə həmin cür sərnişinlərə xidmət edəcək. Başqa bir məhdudiyyət, hər hansısa bir başqa məsələ yoxdur. Sadəcə olaraq Metropoliten hansı qaydada çalışırsa, necə çalışırsa, pandemiya şəraitində bu qərarı Operativ Qərargah verir və metropoliten də bunu təmin edir.

Oxşar xəbərlər