Bayden iddialı danışdı: “Rusiyaya qarşı…”

Münhen Təhlükəsizlik Konfransındakı çıxışında ABŞ Prezidenti Co Bayden Avropa və NATO müttəfiqlərinə ABŞ-ın yenidən etibarlı tərəfdaş olduğuna dair bir mesaj verib.

SOSİUM.az xəbər verir ki, ABŞ prezidenti videokonfrans vasitəsi ilə keçirilən konfransda transatlantik ittifaqın bir daha ABŞ üçün prioritet olduğunu söyləyib.

“Mən sözümün ağasıyam. Amerika geri döndü. Bu gün, qısa müddət əvvəl başladığım vəzifədə, ABŞ prezidenti olaraq danışıram və bütün dünyaya çox açıq bir mesaj göndərirəm. Amerika geri döndü. Transatlantik ittifaq geri döndü. Və geri baxmayacağıq”, – deyə Bayden bəyan edib. ABŞ lideri daha sonra deyib ki, “Şübhələri aradan qaldırmağa icazə verin. ABŞ Avropa İttifaqındakı (Aİ) tərəfdaşlarımız və onların paytaxtları ilə sıx əməkdaşlıq edəcək”.

ABŞ-ın NATO ittifaqına tam bağlılığını təsdiqləyən Co Bayden “Birimizə hücum hamımıza bir hücumdur” ifadələrini istifadə edərək NATO-ya bağlılıqlarının “sarsılmaz” olduğunu vurğulayıb.

Bayden, Əfqanıstandakı 20 ilə yaxın davam edən qarşıdurmanın və sülh prosesinin diplomatik yolla həllini qətiyyətlə dəstəklədiklərini bildirib. İŞİD-lə mübarizənin hələ də davam etdiyini qeyd edən ABŞ Prezidenti bildirib ki, “İŞİD-in Yaxın Şərq, Avropa, ABŞ və ya başqa bir yerdəki insanları təhdid etmək üçün yenidən bir araya gəlməsinə icazə verə bilmərik”. Demokratik dəyərlərin vacibliyini vurğulayan Bayden “Demokratiya günümüzün problemlərinin əsas cavabıdır. Demokratiya təsadüfən meydana gəlmədi, onu qorumaq və gücləndirmək lazımdır” deyib.

ABŞ Prezidenti Çinlə uzunmüddətli bir mübarizə apardıqlarını qeyd edərək ABŞ-Aİ birliyinin Çinə qarşı xüsusən iqtisadiyyat və təhlükəsizlik sahələrində əhəmiyyətinə diqqət çəkib.

“Çinlə uzunmüddətli strateji rəqabətə hazırlaşmalıyıq. ABŞ Avropa və Asiyanın, Sakit Okeandakı ortaq maraqlarımızı və dəyərlərimizi təmin etmək səyləri ən vacib işlərimizdən biri olacaq. Çinlə rəqabət sərt olmalıdır” – deyən Bayden ABŞ-ın bu yarışmaya hazır olduğunu dilə gətirib. O, Pekinin insan hüquqları və demokratiya sahəsindəki pozuntularını və beynəlxalq iqtisadiyyatda “haqsız rəqabət” yaradan addımlarını diqqətlə izlədiklərini və bu məsələləri gündəmə gətirməyə davam edəcəklərini vurğulayıb.

Daha sonra Rusiyanı tənqid edən Bayden, Moskvanın Çindən daha çox transatlantik ittifaqa “təhlükə” yaratdığını bəyan edib.

“Putin Avropanı, Avropa proyektini və NATO ittifaqını zəiflətmək istəyir. Transatlantik birliyi və qətiyyətimizi pozmaq istəyir, çünki Kremlin ayrı-ayrı ölkələri həzm etməsi daha asandır” – deyən ABŞ Prezidenti Ukraynanın ərazi bütövlüyünün qorunmasının məhz bu səbəbdən çox vacib olduğunu bildirib.

Bayden Rusiyanın Amerika seçkilərinə kiber hücumlarla müdaxilə etməyə çalışdığını və dünyaya “Baxın, ABŞ sistemi pozulub” mesajını verməyə çalışdığını bildirərək, buna imkan verməyəcəkləri deyib. ABŞ lideri diplomatik həll yollarına önəm verdiklərini və bu səbəblə rəqabət halında olmalarına rəğmən Rusiya ilə Yeni Strateji Silahların Azaldılması müqaviləsinin uzadılması məsələsində razılığa gəldiklərini də qeyd edib.

Co Bayden Orta Şərqdəki problemləri də eyni yanaşma ilə həll etmək üçün addım atdıqlarını bildirib. O, İranın bölgədəki zərərli hərəkətlərini təqib etdiklərini, digər tərəfdən İranla nüvə danışıqlarına qayıtmağa hazırlaşdıqlarıı da söyləyib.

Oxşar xəbərlər