“Bir daha sürücülərə müraciət edirik ki…”

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən SOSİUM.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi, martın 11-də arabir yağış yağacağı, 12-də gündüz yağışın sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Martın 12-də günün ikinci yarısında çovğun olacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, martın 12-dən 13-nə keçən gecə 0 dərəcə olacaq.

Sinoptiklərin əvvəlcədən məlumat verməsilə əlaqədar yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq edir.

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hərəkət iştirakçıları mütləq əvvəlcədən verilən proqnozlara uyğun qaydalara əməl etməlidirlər.

“Biz də hava şəraitinin kəskin dəyişməsilə bağlı verilən proqnozları nəzərə alaraq bir daha sürücülərə müraciət edirik.

Nəzərə alsaq ki, sinoptiklər artıq əvvəlcədən Bakı şəhərində, eləcə də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi barədə məlumat verirlər, deməli, sürücülər buna hazırlıqlı olmalıdır.

İlk növbədə qarlı, şaxtalı, buzlu hava şəraiti olursa, yollarda sürüşmə ehtimalı artır deyə sürücülər şəxsi avtomobildən mümkün qədər az istifadə etməlidirlər. Belə hava şəraitində ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir.

Belə havada avtomobili idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Qarlı hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. Şüşəsilənlərin işləməsi, avtomobildə suyun antifriz olması vacibdir.

Piyadalara və sərnişinlərə də müraciət edirik ki, yolların hərəkət hissəsinə çıxmaq olmaz. Sərnişinlər təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər.

Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. İşıq cihazları təmiz saxlanılmalıdır.

Sürücülər Bakı şəhəri ərazisini tanıyırlar. Bilirlər ki, enişli-yoxuşlu yollar, sərt döngələr hər zaman sürüşmə ehtimalı yaradır.

Bu ərazilərdən keçərkən diqqətli olmalıdırlar. Təhlükəsizliyin təmin edilməsi baxımından idarə edilən avtomobilin texniki baxımdan saz olmasına üstünlük verməlidirlər”.

Oxşar xəbərlər