“Biz ermənilərlə yox, hamiləri ilə danışmalıyıq”

“Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə “sənədlər” imzalaması 10 noyabr tarixli bəyanatına ziddir. Bu səfər qanunsuzdur, hüquqi baxımdan düzgün sayıla bilməz”.

SOSİUM.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev deyib.

N.Məhəməliyev bildirib ki, bu, nizamlanma prosesinə zidd hərəkətdir: “Bu addımlar bir daha göstərir ki, Ermənistan cəmiyyətində kifayət qədər təxribat yolunu tutmuş siyasi qüvvələr mövcuddur. Onlar ciddi məğlubiyyətdən sonra tarixi proseslərdən düzgün nəticə çıxarmadılar. Normal məntiq göstərirdi ki, belə bir ciddi məğlubiyyətdən sonra erməni diasporu, erməni xalqı, siyasi elitası düzgün nəticə çıxaracaqlar. Onlar işğalçılıq siyasəti nəticəsində baş vermiş böyük itkilərin nəticələrini araşdırmalı və gələcəyə istiqamətlənmiş düzgün siyasətə başlamalı idilər. İlk növbədə, indiyə qədər apardıqları tarixi saxtalaşdırmalardan, qonşu ölkələrə – Azərbaycana, Türkiyəyə, Gürcüstana və digər ölkələrə qarşı ərazi iddialarından, mifik, tarixdə heç vaxt mövcud olmayan “Böyük Ermənistan” ideologiyasından əl çəkməlidirlər və mehriban qonşuluq, normal münasibətlər məcrasına yönəlməlidirlər. Amma biz reallıqda nə görürük? Görürük ki, ermənilər, erməni dövləti, diasporu yenə də köhnə şakərindən əl çəkmir, düşmənçilik yolunu tuturlar. Narahatedici məqam odur ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyan həmin görüşü Yerevanda təşkil edə bilərdi. Bir neçə gün əvvəl, separatçıların cinayətkar başçısı Araik Arutunyan Yerevanda olmuşdu, “müqavilə”ləri orada da bağlaya bilərdilər, “danışıqlar” apara bilərdilər. Bilirsiniz ki, Ermənistanın iqtisadi gücü olduqca aşağı səviyyədədir, dövlət iflas həddinə gəlib çatıb. Bu “danışıqları”, mövcud problemlərlə bağlı “müzakirələri” Yerevanda apara bilərdilər. Bunun əksinə olaraq, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Qarabağ bölgəsinə qanunsz səfəri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, düşmən siyasətinin davam etdiriləcəyini göstərməkdir. Onlar göstərirlər ki, Azərbaycanla heç bir normal qonşuluq və əməkdaşlıq etmək istəmirlər. Xatırlayırsınızsa, bir müddət öncə, Ermənistan rəhbərliyi Türkiyə məhsullarının Ermənistana daxil olmasının qadağan olunması barədə qərar verdi. Türkiyə malları İran malları ilə əvəz edildi. Bu, Türkiyə iqtisadiyyatı üçün bir damcıdır. Amma atılan addım xoşagəlməz məqsədlərdən xəbər verir. Qonşu İran həmişə olduğu kimi, bu məsələdə də Azərbaycana qarşı qeyri-səmimidir. İran maksimum çalışır ki, Dağlıq Qarabağda bərpa işləri adı altında proseslərə müdaxilə etsin. Biz bu qeyri-səmimiliyin 44 günlük müharibənin başlanmasından son gününə qədər şahidi olduq. Təəssüflər olsun ki, müharibəyə qədər aparılan siyasət təkrar olunur”.

Deputat qeyd edib ki, Azərbaycan hadisələrin inkişafına hazır olmalıdır:

“Millət olaraq birliyimizi qoruyub saxlamalıyıq, hərbi gücümüzü daha da artırmalıyıq, hücum diplomatiyasını davam etdirməliyik. Qarabağda bərpa-quruculuq işlərinə 44 günlük müharibə zamanı Azərbaycana dəstək olan ölkələri dəvət etməliyik. Azərbaycan dövləti riyakar oyunçuları məsafədə saxlamaq üçün kifayət qədər güclüdür. Bu, tarixi prosesdir, biz heç zaman olmadığı kimi güclüyük. Xalq olaraq bir yumruq kimi birləşməyi bacarırıq. Bunu sübut etmişik. Biz proseslərə ikiüzlü, üçüzlü oyunçuları yaxın buraxmamalıyıq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, iradəsi, prinsipiallığı, qeyri-adi diplomatik gedişlər etmək bacarığı, rasionallığı imkan verir ki, proseslərdən üzüağ çıxaq. Prezident dahiliyini, gücünü bir daha onda göstərdi ki, müharibəni lazım olan anda saxladı. Müharibədən sonra baş verən proseslər – ATƏT-in Minsk Qrupunun bərpa cəhdləri, Fransa və bəzi Avropa ölkələrində aparılan siyasət, təhrikedici məsələlər, Rusiyanın daxilində olan müəyyən qüvvələrin olması deməyə əsas verir ki, Azərbaycan olduqca doğru, dürüst addım atıb, tarixi qələbə əldə edib. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan dalan dövlətdir. Ermənistan formal olaraq müstəqildir. Biz daha çox Ermənistanı idarə edən dövlətlərlə danışıqlar aparmalıyıq. Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərini və kağızlar imzalasını qəti şəkildə pisləyirəm, xoş olmayan missiya kimi qəbul edirəm”.

Oxşar xəbərlər