Biznes ictimaiyyəti birgə bəyanat yayıb

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycanda Britaniya Biznes Qrupu (BBG), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM) və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası (IACCI) Azərbaycan xalqına birgə dəstəklərini ifadə edirlər.

SOSİUM.az xəbər verir ki, bu barədə Azərbaycanın biznes ictimaiyyətinin yaydığı Birgə Bəyanatda bildirilir.

“Biz, münaqişə zonası xaricindəki mülki şəxsləri və kritik infrastrukturu hədəf alan son və davam edən hücumlar da daxil olmaqla, Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı edilən bütün hərbi əməliyyatları pisləyirik. Həmçinin, hərbi əməliyyatlar nəticəsində həyatlarını itirmiş şəxslərin ailələrinə başsağlığı verir və hamıya əmin-amanlıq arzu edirik.

Biz, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq həll edilməsinə çağırırıq.

Ötən günlər ərzində son 30 ildə ilk dəfə olaraq işğal altında olan bir neçə ərazinin erməni işğalından azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə qayıdacağına və davamlı sülhün bərqərar olduğu stabil bölgədə yaşayacağına ümid verir”, – deyə bəyanatda qeyd olunub.

Oxşar xəbərlər