BNA-ya qarşı hücumları kim təşkil edir? – TƏHLİL

Paytaxtda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı durmadan artır. Nəticədə Bakı sakinləri arasında bu xidmətə xüsusi maraq yaranıb. Statistik göstəricilərə istinad etsək görərik ki, əvvəlki dövrlərdə hər 20-30 adamdan biri taksidən istifadə edirdisə, hazırda bu rəqəm hər 2-3 adamdan biri səviyyəsinə qədər artıb.

Təbii ki, harada inkişaf və tərəqqi varsa, orada qüsurlar da olmamış deyil və müəyyən səviyyədən sonra özünütənzimləmə mexanizmləri işə düşür. Yox əgər bu baş vermirsə, hərc-mərcliyə və müştəri hüquqlarının pozulmasına gətirib çıxarır. Təsadüfi deyil ki, bəzi hallarda taksi xidmətindən istifadə edən sərnişinlər müxtəlif maneələr və əngəllərlə üzləşirlər.

Yəqin ki, dəfələrlə başınıza gəlib: taksi sifariş vermisiniz, gəlməyib və ya çox gec gəlib, nəticədə mənzil başına gecikmisiniz. Yaxud sifariş verdiyiniz taksini xeyli gözlədikdən sonra mobil tətbiqinizə yenidən “hara getmək istəyirsiniz” təklifi çıxıb. Haqlı sual yaranıb: Axı mən hardan hara getdiyimi qeyd etmişdim və avtomobil də müəyyən olunmuşdu. Xeyli gözlədikdən sonra hansı səbəbdən şirkət və ya sürücü mənim hüququmu pozur? Bu məqsədlə etdiyiniz şikayətlərin də bir faydası olmayıb.

Dünyanın inkişaf etmiş dövlətlərində, hətta Naxçıvanda taksi sürücüləri intizamlı, müştəri məmnuniyyəti prisniplərinə cavab verirlər. Onlarda vahid qiymət və tariflər var. Bütün taksi şirkətləri bu qaydalara riayət edir. Çünki hər bir biznesin mahiyyətində istehlakçıya xidmət, müştəri məmnuniyyəti prinsipi dayanmalıdır. Yox əgər bu yoxdursa, vətəndaşın hüququ pozulacaq.

İddialar səslənir ki, guya bu sahədə özünütənzimləmə mexanizmləri yaranarsa, qiymətlər artacaq. Bunu deyən adamların elementar marketinq və biznes təfəkkürü yoxdur. Necə yəni, qiymətlər artacaq? Bunu düşünməyin özü belə sadəlövlükdür.  Çünki bunun baş verəcəyi təqdirdə xidmətə maraq azalacaq və nəticədə rentabelliyi itirəcək. İndi özünüz fikirləşin, bu kimə və niyə lazımdır?! Və ya hansı sahibkar belə riskli qərara gedə bilər? Suallar çoxdur.

Lakin görünən odur ki, BNA-nın ətrafında “suyu bulandırıb, balıq tutmaq istəyənlər”in sayı kifayət qədərdir və onlar uzagörən nəticələr çıxarıb ictimai rəyi çaşdırmağa çalışırlar. Hansı məqsədlərə xidmət etdikləri isə qaranlıqdır.

Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin kiçik bir açıqlamasını və orada səsləndirdiyi hansısa lüzumusuz arqumenti böyüdənlər və hətta BNA rəsminin cəzalandırılmasından sonra da bu kampaniyanı dayandırmayanlar, unutmasınlar ki, BNA ancaq təkliflər toplayır və qərar verən qurum deyil. Ümumiyyətlə isə bu sahədə hələki hər hansı qanun və ya qərar yoxdur. Hazırda məsələ yalnız ictimai müzakirə səviyyəsindədir və bu yalnız təqdir oluna bilər. İtimai müzakirələr və cəmiyyətlə dialoq  niyə tənqid olunmalıdır ki?! Hansı ki, BNA-nın bu gün gördüyü iş yalnız bundan ibarətdir.

Oxşar xəbərlər