“Bu, böyük qələbədir, ancaq bayram deyil”

“Bu günlər sosial şəbəkələrdə bir şadyanalıq var və bunu mən də bölüşürəm. Ancaq qələbələrlə bağlı sevincimizi istənilən şəkildə qeyd edəndə bu günlər şəhid verdiklərimizi, onların ana-bacılarının, doğmalarının yas içində olduqlarını heç vaxt unutmamalıyıq”.

SOSİUM.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bu, bizim üçün qələbədir, ancaq toy-bayram deyil. Bu qələbələri qurbanlar hesabına qazanırıq, bunun fərqində olmalıyıq. Şəhidlərimizin qanı qurumamış rəftarımızda diqqətli olmalıyıq. Hər birimiz şəhid ailəsinin yaşadıqlarını hiss etməliyik. Bu günlər mən dostluğumda olan heç kimi təbrik etməmişəm və bunu düz də saymıram. Ancaq sosial şəbəkələrdə bu tip paylaşımları çox görürəm. Nə olsa da bu günlər mərd, gənc, əsl Vətən Oğullarını itirdiyimizi bir dəqiqə belə yaddan çıxartmamalıyıq. Bu şərəfli günləri bizə yaşadan əsgər və zabitlərimizə eşq olsun, rəhmətə gedənlərə Uca Allah rəhmət eləsin, doğmalarına səbr versin!” – A.İsmayılov qeyd edib.

Oxşar xəbərlər