Cəbrayılov üçün həbs təhlükəsi: 175-ci maddə

Prokurorluğun dələduzluq və tikinti işi ilə bağlı məsələyə qarışması gözləniləndir, çünki R.Cəbrayılov illərdir arxasına sığındığı deputat toxunulmazlığından artıq məhrum edilmiş hesab oluna bilər; Milli Məclis qalmaqalla bağlı niyə mövqe bildirmədi?

Milli Məclisin sentyabrın 30-da başlayan payız sessiyası, gözlənildiyi kimi, deputat vəsiqəsini borc müqabilində girov qoyan 46 saylı Binəqədi seçki dairəsindən mandat almış Rəfael Cəbrayılovun məsələsinə baxılmaqla başlayıb.

Spiker Oqtay Əsədov deyib ki, deputat Rəfael Cəbrayılov barədə mətbuatda çoxlu yazılar yazılıb. Sədr bildirib ki, R.Cəbrayılov özü Milli Məclisə müraciət edib. Müraciəti R.Cəbrayılovun da üzv olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. Bildirib ki, R.Cəbraylov mandatdan özü imtina etməsi ilə bağlı müraciət edib. O, seçicilərindən üzr istəyərək bu qərarı verib. Ə. Hüseynli deyib ki, Milli Məclisin bununla bağlı qərar vermək səlahiyyəti yoxdur və müraciət Mərkəzi Seçki Komissiyasına göndərilir. Müraciətin MSK-ya sentyabrın 30-da göndəriləcəyini nəzərə alsaq, gözlənilir ki, qurum bu həftə ərzində deputatla bağlı müvafiq qərar verəcək.

Beləliklə, Rəfael Cəbrayılov Seçki Məcəlləsinin Milli Məclisin deputatının mandatdan məhrumetmə və əlavə seçkilərin keçirilməsi haqda 28-ci fəslində əks olunan 175-ci maddənin təsiri altına düşüb. Həmin maddənin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 1-ci bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

175.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 3-cü bəndində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar müvafiq məhkəmə tərəfindən qəbul edilir.

175.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən əsaslar olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir”.

Qanunda deyilir ki, Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. Aydındır ki, R.Cəbrayılov mandatdan könüllü imtina etdiyi üçün heç bir apelyasiyadan söhbət gedə bilməz.

Yada salaq ki, bu, Milli Məclis tarixində ikinci dəfədir ki, deputat yaranmış maliyyə qalmaqalından sonra könüllü olaraq mandatından imtina edir. (Qalan bir neçə hallarda prokurorluğun müraciətindən sonra bir neçə deputatın səlahiyyətlərinə xitam verilib ki, bu, fərqli situasiyadır). Bundan əvvəl 2012-ci ilin payızında – maraqlıdır ki, yenə də məhz sentyabr ayında Gülər Əhmədova ilə bağlı rüşvət qalmaqalı ortaya çıxmışdı. YAP üzvü olan xanım deputat bundan sonra 34 saylı Xətai ikinci seçki dairəsindən aldığı mandatdan imtina etməli oldu.

Oktyabrın 3-də MSK G.Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı qərar verdi.

Ötən il keçirilən prezident seçkilərindən sonra bir neçə deputat vəzifəyə təyin edildi ki, bununla da deputatsız qalan dairələrin sayı 6-ya çatdı. R.Cəbrayılovun məsələsi çox fərqli olsa da, artıq onun da mandat aldığı 46 saylı Binəqədi seçki dairəsi deputatsız qalıb. Deputatsız qalan 7 dairəni yada salaq: 14 saylı Xəzər, 120 saylı Cəbrayıl-Qubadlı, 101 saylı Göygöl-Daşkəsən, 43 saylı Sumqayıt üçüncü, 34 saylı Xətai ikinci, 91 saylı Ucar və nəhayət, Rəfael Cəbrayılovun mandatdan imtina etdiyi 46-saylı Binəqədi seçki dairələri…

YAP-ın fəal deputatlarından olan Səyavuş Novruzov çıxışında “istefa da bir mədəniyyətdir” deyərək, həmkarlarından R.Cəbrayılovla bağlı məsələdən danışmamağı xahiş edib. Aydındır ki, R.Cəbrayılovun siyasi kimliyi olmasa da, etdiyi hərəkətlə Milli Məclisin reputasiyasına, dolayısı ilə iqtidara da zərbə vurub.

Bu səbəbdən hesab edək ki, məsələni parlamentdə gündəm etmək təkcə R.Cəbrayılovun deyil, elə iqtidar deputatlarının da, parlament rəhbərliyinin də maraqlarına uyğun deyildi. R.Cəbrayılov 14 ildir ki, parlamentdədir və deputat həmkarları da onun etdiyi bağışlanılmaz səhvə baxmayaraq, müzakirələrdən yayınmağı daha məqsədəuyğun hesab etdilər. Heç kim R.Cəbrayılovun parlamentdə acı sözlərlə “kötəklənməsini” də gözləmirdi, sadəcə, parlament rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini bildirməsi yaxşı olmazdırmı?

R.Cəbrayılov mandatdan imtina etdi, bu, onun mövqeyidir. Bəs Milli Məclisin? R.Cəbrayılov kitabxanadan aldığı oxucu biletini deyil, köhnə də olsa bir vaxtlar daşıdığı deputat vəsiqəsini girov qoyub. Deputat kimi məsuliyyətsizlik edib, “millət vəkili bizneslə məşğul ola bilməz” kimi formal da olsa, qəbul edilən qanuni kobud pozub, dələduzluğa görə məhkəməlik olub və sairə. Onun barəsində internet resurslarında illərdir ki, materiallar dərc edilir. Milli Məclis isə indi belə bu məsələnin üstündən “mənəvi prinsiplərlə” sükutla keçməklə işini bitmiş hesab edib. Halbuki bu məsələyə ən sərt mövqe bildirilməsi gərəkirdi, çünki R.Cəbrayılov olayı yeganə olsa da, o, biznesmen kimi tək deyil. Parlamentdə hələ də bir əli biznesdə olan, hər gecə obyektlərində “otçot” edənlər var. Bu müzakirə onlar üçün lazım idi…

Mənəvi prinsipləri gözləmək əlbəttə ki, nümunəvi davranışdır. Amma bu sabiq deputat israrla medianı günahlandırırdı, kiminsə ona qarşı kompromatlardan danışırdı, ona böhtan atıldığını deyirdi. İndi isə seçicilərindən üzr istəməklə qalmaqala yekun vurur. R.Cəbrayılov təkcə onu seçməyən seçicilərdən yox, bütün xalqdan üzr istəməliydi. Eləcə də etibarını itirdiyi deputatlardan da, mediadan da…

Mümkündür ki, “isti-isti” bu mövzudan sükutla keçən Milli Məclis məsələyə sonrakı günlər münasibət bildirsin. Prokurorluğun da dələduzluq və tikinti işi ilə bağlı məsələyə qarışması gözləniləndir. Çünki R.Cəbrayılov çox istədiyi və arxasına sığındığı deputat toxunulmazlığından artıq məhrum edilmiş hesab oluna bilər…

Dünən günün sonunda R.Cəbrayılov gözlənilmədən mətbuat konfransı dedikləri, əslində isə yarıgizli bir monoloq-açıqlama verib. Çünki mətbuat konfransına jurnalistlər dəvət edilər və sonda onları maraqlandıran suallara cavab verilir.

R.Cəbrayılova kimsə məsləhət görüb ki, çıx danış. Sabiq hesab olunan deputat isə bu dəfə özünü lap rüsvay edib. Hiss olub ki, mandatını itirən R.Cəbrayılov siyasi dəngəsini də itirib. Yoxsa 14 il müstəqil Azərbaycanın parlamentində dövlətdən məvacib alan, üçrəngli bayrağı yaxasında gəzdirən biri heç sovet rejiminin xiffətini çəkdiyini etiraf edərmi. Həm də “bəlkə də qaytardılar” deməklə…

Ayıb və çox ayıb şeylər danışan R. Cəbrayılovu bu cür halda danışdıranların məqsədi nə olub, o da bir ayrı maraq mövzusudur. Azərbaycanın çörəyini yeyib Kommunist Partiyasının biletini hələ də saxladığını deyən biri ilə artıq Milli Məclis deyil, hüquq-mühafizə orqanları maraqlanmalıdır.

“Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra onun kimlərəsə borclu olması məsələsi müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər”.

Bunu baş prokuror Zakir Qaralov bu gün jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, hazırda R.Cəbrayılovun həmin işlə bağlı iddia ərizəsinə mülki qaydada baxılır:

“Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, Rəfael Cəbrayılovun barəsində xüsusi qərarda çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq”.

Oxşar xəbərlər