Çində ikinci Azərbaycan Ticarət Evi açılacaq

5-10 noyabr tarixlərində keçirilən II Çin Beynəlxalq İdxal Sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 26 Azərbaycan şirkətinin məhsulları nümayiş olunub.

SOSİUM.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, sərgi ziyarətçilərinin Azərbaycan sahibkarları həmçinin, xarici həmkarları ilə ixraca dair müzakirələr aparıb, distribütorluq və alqı-satqı müqavilələri imzalayıblar.

Bundan başqa, II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində AZPROMO ilə Çinin Kommersiya Nazirliyinin Ticarət İnkişafı Bürosu və Şanxay Xarici İnvestisiyaların İnkişafı Mərkəzi arasında anlaşma memorandumları, eləcə də Azərbaycanın Çindəki Ticarət Nümayəndəsi, Veynan İqtisadi və Texnoloji İnkişaf Zonası və “Xian Camel Guest E-Commerce Co.Ltd.” şirkəti arasında Şaansi əyalətinin Veynan şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Müqaviləsi imzalanıb.

Hazırda Çində 1 Azərbaycan Ticarət Evi və 2 Şərab Evi fəaliyyət göstərir.

Oxşar xəbərlər