Daha nə qədər adam ölməlidir ki?..

Azər Niftiyev yazır:

Daha nə qədər insan virusa yoluxmalı və daha nə qədər adam ölməlidir ki, koronavirusun mövcud olduğuna inanaq?! Covid-19 yeni yayılmağa başlayanda deyirdilər ki, “Bizə bircə adam göstərin ki, onun tanıdığı kimsə koronavirusa yoluxsun”. İndi isə hamının ətrafında nəinki koronavirusa yoluxan, hətta ölən tanışı var.

Bir müddət tibbi saytlar işlətmişəm və bu sahədə müəyyən nəzəri biliklərim var deyə, dostlarım xəstəliklə bağlı ilkin suallarını mənə yönləndirirlər. İki gün öncə daha bir dostum bu mövzuda mənə müraciət etdi: Qızdırmam düşmür, ürək nahiyəsində ağrılarım var, həzm sistemim pozulub. Dünən onu kompüter tomoqrafiya (KT) müayinəsindən keçirmək üçün özəl tibb mərkəzlərindən birinə yola düşdük. Birinci klinikada ən tez müayinənin üç gün sonra mümkün olacağını söylədilər. İkinci klinikadan isə ümumiyyətlə bir həftəlik növbənin tam dolduğunu bildirdilər. Nəhayət üçüncü klinikada 6 saat sonra KT müayinəsinə növbə yazdılar.

Növbəmizin çatmasına bir saat qalmış yenidən klinikaya qayıtdıq və gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Növbəyə yazılarkən Qeydiyyat şöbəsinə yaxınlaşmışdıq deyə, gerçək mənzərədən xəbərimiz yox idi. Demək bizdən öncə müayinədən keçən 5 xəstədən 4-də ağciyərlərin “buzlu şüşə” simptomu aşkar edilmişdi. Məlumat üçün deyim ki, “buzlu şüşə” ağciyərlərin pnevmoniyasıdır və koronavirus bitikdən sonra belə davam edir. “Koronavirus oyundur” deyə aylardır hayqıran dostumuz qorxuya düşür və müayinədən keçməkdən imtina edir. Necə ki, biz onu zamanında “koronavirus oyun deyil” fikrinə inandıra bilmirdik, bu dəfə də müayinəyə sala bilmədik. Beləcə hər şey yarımçıq qalır və çətinliklə tutduğumuz növbəni ləğv edib, kor-peşman geri qayıdırıq.

“TƏBİB bacarmır”, “Səhiyyə Nazirliyi yaxşı işləmir”, “Təcili yardım zənglərə cavab vermir” və bu kimi bəhanələr sizi ölümün pəncəsindən xilas etmir. Anladıq, sizin immun sisteminiz güclüdür və əminsiniz ki, ciddi fəsadları olmayacaq (Halbuki kimlərin koronavirusu yüngül keçirdiyinə dair birmənalı məlumat yoxdur), bəs qohumlarınız, doğmalarınız, soydaşlarınız?! Axı onların içərisində yaşlı, yanaşı xəstəliklərdən əziyyət çəkənlər var. Necə qıyırsınız ki, siz rahat şəraitdə, onlar isə süni nəfəs aparatına bağlı vəziyyətdə can verəcəklər?! Bu qədər eqoist olmayaq və təhlükənin miqyasını anlayaq. Və nəhayət anlayaq ki, sərt karantin qaydaları bizi qorumaq üçündür, sıxmaq üçün yox. Əgər biz bu pandemiyanın daha tez bitməsini istəyir və arzu ediriksə, o zaman daha çox qaydalara əməl etməliyik. Çünki əvvəlki həyatımıza qayıtmağın yeganə alqoritmi – sosial məsafə gözləməkdən, maska ilə hərəkət etməkdən, qoyulan qaydalara düzgün riayət etməkdən ibarətdir.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir