Niyaz Əliyev mərkəz rəhbəri təyin olundu

“Davam” Gənclər Hərəkatının regional ofislərinin formalaşdırılması, bu ofislərdə gənclərlə işin təşkili, layihələrin icrası və davamçı gənclər şəbəkəsinin genişləndirilməsi məqsədi ilə hərəkatın nəzdində Davamlı İnkişaf Mərkəzi yaradılıb. Bu gün “Davam” Gənclər Hərəkatının sədrinin müvafiq əmri ilə Niyaz Əliyev Davamlı İnkişaf Mərkəzinə direktor təyin olunub.

Qeyd edək ki, Niyaz Əliyev 9 avqust 1991-ci il tarixində Bakı şəhərində anadan olub.

Orta təhsilini Binəqədi rayonu 83 saylı məktəb-liseyində, ali təhsilini isə Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Maliyyə və kredit fakültəsində iqtisadiyyatçı ixtisası üzrə alıb. O həmçinin Yunanıstanda yerləşən Beynəlxalq Olimpiya Akamediyasının yay məktəbi proqramının məzunudur. N.Əliyev ictimai fəaliyyətə 2009-cu ildə “İRƏLİ” İctimai Birliyində başlayıb. 2009-2014-cü illərdə “İRƏLİ” İctimai Birliyinin katibliyində müxtəlif vəzifələrdə çalışıb.

Ölkəmizin ev sahibliyi etdiyi 2015-ci ildə İlk Avropa Oyunları, 2016–cı ildə 42-ci Şahmat Olimpiadası, 2017-ci ildə İslam Həmrəylik Oyunları kimi mötəbər idman tədbirlərinin Əməliyyat Komitələrində, 2016-2018-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətində və 2019-cu il Futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılan Əməliyyat Komitəsində işləyib.

2017-2019-cu illərdə Şahdağ Turizm Mərkəzində tədbir təşkilatçılğı üzrə menecer vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycanda keçirilən ən böyük gənclər festivalı olan “YayFest”-in təşkilat komitəsinin üzvü olub. 2020-ci il mart ayından dekabr ayına kimi Azərbaycan Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzində çalışıb.

N. Əliyev Yunanıstan, Niderland, Macarıstan, İtaliya, Rusiya, Türkiyə, Polşa, Ukrayna, Gürcüstan, BƏƏ, Tacikistan, Serbiya, Makedoniya və Albaniya kimi dünyanın fərqli ölkələrində müxtəlif sosial layihələrin iştirakçısı və Azərbaycanın təmsilçisi olub.

Oxşar xəbərlər