“Bu bir daha aydın şəkildə ortaya qoyur ki…”

“Azərbaycan “Doing Business 2020” reytinqində islahatçı ölkələr arasında ilk iyirmilikdə yer alıb. Bu, Azərbaycanın nail olduğu yüksək sosial-iqtisadi inkişaf səviyyəsi ilə dünyanın aparıcı dövlətlərinin, eləcə də beynəlxalq nüfuzlu təşkilatların diqqətini çəkdiyini göstərir”.

SOSİUM.az xəbər verir ki, bu barədə deputat Hüseynbala Mirələmov bildirib. Onun sözlərinə görə, Dünya Bankı ekspertləri hesab edir ki, ölkəmizin belə bir müsbət nəticəyə imza atması Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların müdafiəsi və müqavilə intizamı sahələrində həyata keçirilən tədbirlərin reallıqda təsdiqini tapması ilə əlverişli biznes mühitinin formalaşmasının nəticəsidir:

“Davamlı uğurlar silsiləsi Azərbaycan iqtisadiyyatında müsbət meyillərin yüksələn dinamika ilə inkişafının göstəricisi kimi çox sevindiricidir.

Ölkə başçısının indiyədək imzaladığı fərman və sərəncamlarda, təsdiq etdiyi Dövlət Proqramlarında qarşıya qoyulan hədəflərin reallaşması üçün zəruri tədbirlər müəyyən edilib. Bu hədəflər sırasında ölkənin mövcud iqtisadi potensialının gücləndirilməsi ilə yanaşı bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması nəzərdə tutulur. Bundan başqa bu hədəflər sırasında qeyri-neft sektorunun və insan kapitalının davamlı inkişafı, hər bir regionun özünəməxsus potensialından məqsədəmüvafiq şəkildə faydalanma prinsipləri, yoxsulluğun minimum həddə qədər azaldılması kimi məsələlər də yer alır.

İqtisadi islahatlar istiqamətində səmərəli tədbirlərdən biri də dövlət səviyyəsində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi yönündə görülən işlərdir. Səmərəli vergi islahatları korrupsiya, inhisarçılıq və ölkənin sosial-iqtisadi inkişafının qarşısında maneə ola biləcək digər mənfi halları aradan qaldırmağa xidmət edir. Vergi yükünün mütəmadi olaraq azaldılması və vergiyə cəlbetmə işində biznesin inkişafı üçün əsaslı tədbirlərin görülməsi müsbət nəticə verir”.

Mirələmov xatırladıb ki, “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin institusional mühitin keyfiyyəti, aparılan iqtisadi islahatlar və tərəqqi tempi ilə bağlı yeni hesabatında da Azərbaycanın adı var. Deputat bildirib ki, hesabatda Azərbaycanın islahatların həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə etdiyi qeyd olunub:

“Ölkə başçısının bir neçə il öncə təsdiqlədiyi və bütün sahələrdə inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əsas qismi uğurla gerçəkləşib.

Prezident İlham Əliyevin sözügedən İnkişaf Konsepsiyasının təsdiqi ilə bağlı Fərmanında da qeyd edildiyi kimi, astanasında olduğumuz 2020-cı ilə sayılı aylar qalan bir zamanda artıq əminliklə deyə bilərik ki, hazırda Azərbaycanda tarazlı və dayanıqlı inkişafının təmin olunduğu, əhalinin sosial rifahının yüksəldiyi, eləcə də cəmiyyətin bütün istiqamətlərdə sürətli tərəqqisini özündə ehtiva edən iqtisadi, siyasi və mədəni inkişafın keyfiyyətcə yeni modeli formalaşıb”.

Oxşar xəbərlər