AsiyaPA üzvləri beynəlxalq aləmə müraciət etdi

Asiya Parlament Assambleyasındakı (AsiyaPA) Azərbaycan nümayəndə heyəti, Assamb­le­yaya üzv ölkələrin nümayəndə heyətlərinə məktubla müraciət edib. Bu barədə məlumat verən Nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva, məktubda Ermənistan silahlı qüvvələrinin 11 oktyabrda gecəyarısı Gəncə şəhərini raket atəşinə tutması və bunun nəticəsində baş vermiş insan təlafatından bəhs edildiyini bildirib.

AsiyaPA üzvlərinin diqqətinə çatdırılıb ki Azərbaycanın mülki əhalisinə qarşı növbəti hərbi təcavüz aktı baş verib. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisi Ermənistan Respublikasının ərazisindən “Toçka-U” uzaqmənzilli raketindən istifadə edilməklə hədəfə çevrilib; Ermənistan silahlı qüvvələrinin bu məsuliyyətsiz hərbi təcavüzü nəticəsində 9 mülki şəxs ölüb, 30-dan çox dinc sakin yaralanıb. Qurbanları arasında uşaq, qadın və yaşlı insanların olduğu bu tələfat bir daha sübut edir ki, işğalçı dövlət müharibə cinayəti törədib. Özü də, bu, Moskvada Rusiya Xarici işlər nazirinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin 10 oktyabrda imzaladığı “Humanitar atəşkəs” razılaş­masının qüvvəyə minməsindən bir neçə saat keçmiş baş verib.

Bu da, Ermənistan tərəfinin vasitəçilik səylərinə və ümumən beynəlxalq ictimaiyyətə sayğısızlığının ifadəsidir. Həm atəşkəs razılaşmasından sonra baş verməsi, həm də, hərbi obyektlərin deyil, sırf mülki yaşayış yerlərinin atəşə tutulması cinayətin miqyasını açıq şəkildə göstərmək­dədir. Üstəlik, raketin atıldığı şəhər aktiv döyüş bölgəsinə aid deyil. – Dünyanın harasında yaşamasından asılı olmayaraq, istənilən şəxs xəritədə asanlıqla müəyyənləşdirə bilər ki, Gəncə döyüş meydanından 60-70 kim. məsafədə yerləşir. Ermənistanın bu, beynəlxalq hüquqa zidd qanlı addımı, son iki həftə ərzində ilk hücum deyildi və əgər beynəlxalq ictimaiyyət bu qeyri-insani hərəkətlərə qarşı səs qaldırmasa, sonuncu da olmayacaq.

Erməni silahlı qüvvələri Azərbaycanın mülki əhalisini bilərəkdən hədəf alaraq, yaşayış məntə­qələrini ağır atəşə tutmağa davam edir və bu, 1949-cu il Cenevrə Konvensiyaları və Kon­vensiyanın Əlavə Protokolları da daxil olmaqla, beynəlxalq hüququn bütün norma və prin­siplərini pozmaqdadır. Beynəlxalq təzyiq görməyən Ermənistan, Gəncə ilə paralel olaraq, 11 oktyabr gecəsi digər bir Azərbaycan şəhərini – bütün Güney Qafqaz bölgəsində ən böyük su elektrik stansiyasının yerləşdiyi Mingəçeviri də “Smerç” raketləri ilə hədəf alıb.

Asiya PA-dakı nümayəndə heyətimiz adından göndərilən məktubda bir daha vurğulanıb ki, Ermənistanın belə məsuliyyətsiz və şərəfsiz hərəkətləri qətiyyətlə pislənilməli, qınanılmalıdır. “Əziz həmkarlar, bu ciddi narahatlıq doğuran məsələ ilə bağlı daha ətraflı müzakirələr aparmaq üçün videokonfrans vasitəsilə “onlayn görüş” də daxil olmaqla, uyğun biləcəyiniz hər hansı bir formada suallarınıza cavab verməyə hazırıq” – deyə məktubda qeyd edilib.

Oxşar xəbərlər