Dövlət başçıları İlham Əliyevi təbrik etdilər

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

SOSİUM.az-ın məlumatına görə, məktubda deyilir:

“Cənab Prezident.

Respublika Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını bütün İtaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Çox gözəl xatırladığım son dövlət səfəriniz bizim ölkələrimizi birləşdirən dərin dostluq münasibətlərini bir daha təsdiq edərək məhsuldar və çoxtərəfli əməkdaşlığımıza yeni nəfəs vermək üçün bir fürsət oldu. Əlbəttə, bu əməkdaşlıq Sizin dövlət səfəriniz ərzində müzakirə edilən bir çox sahələr üzrə daha da genişlənərək ölkələrimiz üçün yeni nəticələr əldə olunmasına şərait yaradacaq.

Ürəkdən arzulayıram ki, Azərbaycan və Avropa İttifaqı arasında tezliklə yeni tərəfdaşlıq sazişi imzalansın, bu da bizim əlaqələrimizin möhkəmlənməsi üçün vacib bir amildir.

Eyni zamanda, səhiyyə sahəsində yaranmış fövqəladə vəziyyət zamanı Azərbaycanın İtaliyaya nümayiş etdirdiyi yaxınlığa və göstərdiyi dəstəyə görə də dərin minnətdarlığımı bildirmək istərdim. Bu, bizim xalqlarımız arasında mövcud olan əlaqələrin intensivliyini və dərinliyini sübut edir.

Səmimi dostluq hissi ilə Sizə, xanımınıza və bütün azərbaycanlılara xoşbəxtlik və firavanlıq arzulayıram”.

  ***

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Malayziya ilə Azərbaycanın hər zaman yaxın və səmimi münasibətləri olub. Malayziya Azərbaycan Respublikasını Qafqaz regionunda vacib tərəfdaş kimi qəbul edir. Qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Malayziyanın Azərbaycanla sıx işləməyə hazır olduğunu bildirməkdən şərəf duyuram.

Uca Allahdan xalqlarımıza COVID-19 pandemiyasının və sonrakı çətinliklərin öhdəsindən gəlmək üçün qüvvə və dözüm verməsini diləyirik. Allah-Təala Zati-alinizin dinamik rəhbərliyi ilə Azərbaycan Respublikasına və onun xalqına sülh, firavanlıq bəxş etsin.

Fürsətdən istifadə edərək Sizə bir daha hörmət və ehtiramımı bəyan edirəm”.

Oxşar xəbərlər