“Döyüşdə iştirak üçün hər gün yüzlərlə…”

Azərbaycan Respublikasının Türkiyənin İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva Modern.az saytına müsahibə verib. Qeyd edək ki, N.Mustafayeva bu il iyulun 28-də Azərbaycan Respublikasının İstanbul şəhərində baş konsulu təyin olunub.

Xanım konsulla müsahibəmizdə müxtəlif məsələlərə toxunmağa çalışdıq.

– Nərminə xanım, İstanbul konsul vəzifəsinin icrası üçün ən çətin şəhərlərdəndir. Sizə çətin olduğunu hiss edirsinizmi?

– Düşünürəm ki, bir işi ürəkdən və məsuliyyətlə görürsənsə, bunu qadın və kişi cinsinə bölmək dogru deyil. Əgər mənə bu işi həvalə ediblərsə, demək o etibarı qazanmışam. Çalışacam ki, mənə olan etimadı doğruldam. Hələ işə yeni başlamışam, burada yaxşı işlər görmək üçün əlimdən gələni edəcəm.

– Belə düşünənlər var ki, qardaş ölkə olduğu üçün Türkiyədə çalışmaq daha asandır. Amma Türkiyə çalışmaq üçün o qədər də asan coğrafiya deyil.

– Coğrafi cəhətdən çətin oldugunu düşünmürəm. Siz məndən daha çox müddətdir burda yaşayırsınız və gördükləriniz, təcrübəniz çoxdu. Türkiyədə soydaşlarımız çox olduğu üçün iş yükü də çox ola bilər. Qardaş ölkədir, burda həyatını quran, işləyən, müalicəyə gələn, tələbələrimiz, insanlarımız çoxdur. Ona görə də bizə muraciətlər də çox olur. Həm sənəd işləri, həm digər yardımlar üçün müraciət edənlər var. İşin həcminin çox olması baxımından çətin ola bilər. Təbii ki, hər işin çətin tərəfləri var. Amma bir yaxşı cəhəti də odur ki, bura Turkiyədir. Basqa dövlətlərdə bir şeyi istəmək üçün bəlkə üç dəfə müraciət edərsən, Türkiyədə bir dəfə. Burda haranı arasan Azərbaycan deyən kimi ilk eşitdiyimiz söz “qardaş” sözü olur. İstəklərimizi canla-başla yerinə yetirirlər.

– Hansısa bir iş proqramı hazırlamısınız?

– Proqram ondan ibarətdir ki, öz vətəndaşlarımızın hüquqlarını qoruyaq. Nə olursa olsun, burdakı soydaşlarımızın köməyinə çataq, müraciətlərinə baxaq, hər hansı bir şəkildə bizim kurasiyamızda olan məsələləri həll edək… Bundan başqa, iki ölkə arasında siyasi, mədəni, iqtisadi münasibətləri daha da inkişaf etdirmək, daha da yuksəltmək qarşımızda duran vəzifələrdir…

– Soydaşlarımızın ən boyuk problemi nədir? Konsulluqdan umacaqlar çox olur. Düzü, pandemiya dövründə konsulluqla baglı çox sikayət eşidirdik.

– Səfirlikdən fərqli olaraq biz daha çox konsulluq işlərini görürük. Pasport, viza, yeni doğulan uşaqların şəhadətnamələri… Həddindən artıq çox müraciət daxil olur. Amma bəzən basqa məsələlərlə bağlı da müraciət edilir. Ailə munaqişəsi, sosial problemlər, xəstəlik və s. Biz onları yönləndiririk. Bizim gücümüzdə olanlara yardım edirik, olmayanlara iş adamalarının dəstəyindən istifadə etməklə yardım göstəririk.

– Konsulluğun büdcəsində vətəndaşların maddi problemləri üçün yardım nəzərdə tutulubmu?

– Umumiyyətlə, konsulluğa bu cür yardımlar üçün büdcə ayrılmayıb. Bizə bu cür müraciətlər çox olur. Yenə də həll etməyə çalışırıq. İş adamları və başqa şəkildə. Bəzən insanlar problemin həlli yolunu bilmir və biz bu məsələdə yardım edirik, doğrudan da müsbət nəticə alırıq.

– Konsulluqla əlaqə qurmaq çox çətin olur. Telefonların durmadan məşğul olması və ya cavab verilməməsindən şikayətlər var. Bu problem həll ediləcəkmi? Bəlkə konsulluğa əlavə işçi lazımdır?

– Doğrudan da çox iş var. Hədsiz dərəcədə çox zənglər olur. Sadəcə, işləmələrlə bağlı durmadan zəng edib sual verirlər. Halbuki, bu məlumatlar internet saytımızda var. Saytda istənilən məlumat, sənədlərin alınması üçün lazım olan hər şey yer alır. Oradan istifadə edilsə, telefonlar bu qədər yüklənməz. Bundan başqa, Facebook və digər sosial media şəbəkələrindən də bizə yaza bilərlər. Bizə yazan, telefon nömrəsini qeyd edən hər kəsə cavab veririk. Amma hər kəs zəng etməyə üstünlük verir və inanın ki, telefonlarımız bir dəqiqə də olsun boş deyil, əməkdaşlarımız fasiləsiz soydaşlarımıza məlumat verir. Bu, işçinin azlığı ilə bağlı deyil….

– Problemlərdən biri də konsulluq işçilərinin soydaşlarımızın burada yaratdığı dərnək və jurnalistlərdən uzaq durması ilə bağlıdır. Konsulluq diplomatik korpusdur, amma etiraf edək ki, dərnəklər və jurnalistlər də diasporun bir parçasıdır, onlarla əlaqə qurmaq dipomatlar üçün faydalı ola bilər…

– Dərnəklərin bəziləri ilə biz görüşlər kecirmisik. Pandemiya dövrü olduğu üçün hamısını bir arada qəbul edə bilmirik. Bir qrupla görüşdük, digərləri ilə də görüşlər davam edəcək. Həm yerli, həm də xarici jurnalistlərlə də əlaqə qururuq, çoxu ilə görüşmüşük. Digərləri ilə də görüşəcəyik. Mən hər zaman jurnalistlərlə görüşməyə hazıram. Biz hər zaman buradakı diaspor üzvləri, jurnalistlərlə əlaqədə olacağıq. Nə sual olsa, hər zaman cavablandırmağa hazıram. Mətbuatla işləmək çox vacibdir. Hələ indiki zamanda həddindən artıq vacibdir.

– Azərbaycanda Vətən müharibəsi gedir. Eşitdiyimə görə, bu müharibədə könüllü iştirak etmək üçün konsulluğa müraciətlər daxil olur.

– Doğrudur, müraciətlər həddindən artıq çoxdur. Hələ də davam edir. Elə olur ki, bir gündə 100 müraciət daxil olur. Onlarin hamısı ilə görüşüb, ərizələrini almışıq, bilgilərini toplamışıq, dəstəyə görə təşəkkür etmişik. Vətəndaşlarımızın hisslərini anlayırıq. Amma hələ ölkəmizdə qismən səfərbərlik elan edilib. İstəyən cəbhəyə gedə bilmir. Əgər zaman gələrsə, ehtiyac olarsa, o zaman ərizələrə baxılacaq. Bir seyi də deyim ki, müraciət edənlər tək Azərbaycan vətəndaşları deyil, çox sayda Türkiyə vətəndaşı da Qarabağda döyüçmək istədiyini bildirib.

– Türkiyədə Qarabağ müharibəsi ilə bağlı bugünkü qədər canlanma olmayıb. Media da bugünkü qədər münaqişəni işıqlandırmayıb. Siz bu yöndə işinizi necə qurmusunuz? Türkiyədəki beynəlxalq təşkilatlarla necə işləyəcəksiniz?

– İşə başladığım gündən həm xarici dövlətlərin nümayəndələri, həm də beynəlxalq təşilatlarla işləyirik. Biz mütamadi olaraq demək olar ki, hər gun Qarabağla bağlı xəbərləri onlara göndəririk. Bəzən bir gündə iki dəfə eyni təşkilata məlumat göndəririk. Həm xəbər şəkilində, həm nota şəklində. Gəncə hadisələri ilə baglı durmadan, təkrar-təkrar bütün təşkilatlara məlumat göndərdik. Hər dəfə xəbər yeniləndikcə, yeni bir məsələ gündəmə gəldikcə, diplomatik korpuslara, eləcə də beynəlxalq təşkilatlara yazırdıq. Onların görmək istəmədiklərini israrla göstərməyə çalışırıq. Yenə də ən çox Türkiyə mətbuatı və təşkilatları tərəfindən maraq görürük…

– Bəlkə bu barədə danışmaq tezdir, siz yeni təyinat almısınız. Amma bilirsiniz ki, Türkiyədə 100 min erməni yaşayır, onlar bu ölkənin vətəndaşlarıdır. Özlərinin xəstəxanası, unversiteti, 25 məktəbi var. Eləcə də Rusiya, Ukrayna və digər ölkələrin burda konsulluq və ya özəl məktəbləri var. Bizim konsulluğun da belə bir məktəbi ola bilərdi…

– Doğrudur, bu cür məktəblər var. Hazırda belə bir məsələ gündəmdə olmasa da, gələcəkdə bəlkə düşünülə bilər. Amma öncəliklə burda yaşayan vətəndaşlarımızın sənəd problemləri həll edilməlidir. Bu çox ciddi məsələdir. Sənədi olmayan uşaqlar konsulluq məktəbində oxuya bilməz… Bu, bir-birinə bağlı prosesdir. Sənədsiz insanların probleminin həlli üçün dövlət işçi qrupu yaradıb. Pandemiya və müharibə bu işləri bir az yavaşlatdı. Amma işçi qrupu bu məsələni həll edəcək. Bu, sadəcə dövlətin həll edə biləcəyi məsələdir və dövlətin yaratdığı qrup problemi həll edəcək…

Oxşar xəbərlər