“Ermənistan üçün cəmi bircə xilas yolu var…”

“Uşaqlıqda Qarabağda çox olmuşam, orda qohumlarım var. Mənim üçün Qarabağ çox doğma yerdir. Çox acıyırdım ki, biz – Azərbaycan dövləti və xalqı – fərsiz siyasət nəticəsində Qarabağı uduzmuşuq”.

SOSİUM.az xəbər verir ki, bu barədə politoloq Zərdüşt Əlizadə bildirib. 

O vaxtilə Azərbaycanı məğlubiyyətə aparanların səhvlərindən də söhbət açıb. Qeyd edib ki, o dövrdə ağızları isti yerdə olanların başları qarışıb vəzifəyə, var-dövlət toplamağa. Nəticədə düşmən bundan yararlanıb, torpaqlarımızı işğal edib. Politoloq erməni tərəfi ilə çox sayda əlaqələrinin olduğunu, dəfələrlə Ermənistanda olduğunu da dilə gətirib:

“Ermənistan fəalları ilə bəzən mübahisə, bəzən fikir mübadiləsi aparmışıq. Nəhayət, iş elə gətirdi ki, Ermənistanın Qarabağ siyasəti onu məğlubiyyətə apardı. Mən bunu onlara açıq deyirdim. Sonuncu dəfə sentyabrın 10-da erməni sülhpərvər dostum Georgi Vanyanla birgə müraciətim olub. Hər iki xalqa müraciət etdik ki, çox güman qanlı müharibə olacaq, böyük itkilər olacaq və tərəflər o qanlı itkilərdən yayınmaq üçün daşı ətəklərindən töküb otursunlar, iki xalqın bir dövlətdə yaşamaq imkanını Avropa standartlarına uyğun, Avropa təcrübəsi əsasında müzakirə etsinlər, barışığa gəlsinlər. Təəssüf ki, bizim müraciətimizə etinasız yanaşıldı, müharibə başladı, itkilər, dağıntılar oldu. Əlhəmdülillah, müharibə bizim ordunun zəfərilə müşayiət edilir. Erməni tərəfi basılır, mən çox ümid edirəm ki, sona qədər də basılacaq, işğalçı ordu Azərbaycanın ərazilərini tərk edəcək, qəsb edilmiş ərazilər qayıdacaq. Ermənistan əhalisi də müharibə bitəndən sonra, təbii ki, bir müddət qəzəb və nifrətdən qovrulacaq. Amma sonra onun yaralarının üstünə həyat öz məlhəmini qoyacaq, öz səhvini anlayacaq və həyat onu məcbur edəcək ki, Türkiyə və Azərbaycanla normal diplomatik, ticari, insani əlaqələr qursun. Beləliklə, münaqişə qalsın tarixdə. Tarix boyu çox belə münaqişələr olub və onlar da tarixin səhifələrində yazılıb və bitib”.

Z.Əlizadə deyib ki, Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistan ötən illər ərzində çox səmərəsiz bir dövlət quruluşuna çevrilib: 

“Bundan xilas olmaq üçün ermənilər məxməri inqilab edib Nikol Paşinyanı hakimiyyətə gətirdilər və o da, məncə, belə anladı ki, Qarabağ münaqişəsi Ermənistanın Rusiyadan qopub qərbə yönəlməsinə imkan vermir. Mən belə düşünürəm ki, Paşinyan Qarabağdan xilas olmağın zəruriliyini anladı. Başa düşdü ki, Ermənistanı Rusiyanın qarmağından xilas etmək istəyirsə, Qarabağ qarmağından çıxmalıdır. Yəni xilas yolu müharibə və məğlubiyyətdir. …Paşinyanın siyasətini başqa cür izah etmək olmur. Paşinyan ya səfehdir, ya da mən dediyim siyasəti yürüdür. Onun indiyədək sürdüyü həyat tərzi göstərir ki, əsla səfeh deyil. Əksinə, hiyləgərdir və bu yolu bilərək seçib: Ermənistan məğlub olsun, Qarabağdan, eyni zamanda Rusiyadan asılı olmaqdan da canı qurtarsın. Paşinyanın antirus siyasəti ona gətirdi ki, Putin ondan incidi və onu cəzalandırmaq üçün Ermənistana Qarabağ məsələsində verdiyi şəksiz himayəni də aradan qaldırdı. Bizə də bu lazım idi. Azərbaycan tərəfi Ordunun hazırlığına xeyli pul xərcləmişdi, xeyli sərmayə qoymuşdu. Eyni zamanda, xalqdan da tələb gəlirdi ki, bəsdir, 30 ildir bizə deyirsiniz ki, lazım gəlsə, azad edərik, “lazım” nə vaxt gələcək? Azərbaycanın siyasi hakimiyyəti də başa düşdü ki, şərait münasibdir, Qarabağı azad etmək mümkündür. Bundan əlavə, Paşinyan Türkiyəyə qarşı, Azərbaycana qarşı bir sıra təxribat səciyyəli addımlar atdı və danışıqlar prosesini tamamilə pozdu. Bunu bilərəkdən etdi ki, müharibə olsun”.

Siyasi şərhçi deyib ki, Qarabağın alınacağı sözsüzdür: “İndiki mərhələdə Paşinyan ölkəsinin siyasi qüvvələrilə hansı güzəştlərə gedə biləcəkləri ilə bağlı məsləhətləşmələr aparır ki, Azərbaycan ordusu hücumu dayandırsın. Bu güzəşt o ola bilər ki, onlar rayonları qaytarar, amma Qarabağa Azərbaycanın tərkibində hansısa bir status verilər. Əgər yadınızdadırsa, müharibə təzə başlayanda Paşinyan getdi parlamentə, belə bir sual verdi ki, əgər Azərbaycan Dağlıq Qarabağa status versə, biz müharibəni saxlaya bilərikmi? Parlament qəti şəkildə “yox” dedi. İndi müharibə artıq iyirmi günə yaxındır davam edir, artıq Ermənistan tərəfinin müharibədə uduzduğu bəllidir. Xaricdən hər hansı bir yardım yoxdur. Bu şəraitdə Paşinyan o sualı yenidən Ermənistanın siyasi qüvvələri qarşısında qoyacaq. Qarabağ seperatçılarının keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanla məsləhəşəcək ki, biz hansı statusla razılaşaq. Artıq Moskva da Ermənistan tərəfi ilə razılaşdırdığı güzəştli sülhü Azərbaycan xarici işlər nazirinə təklif kimi verməyə tələsir. Seçim Azərbaycan prezidentinin olacaq. Putinin təklifi budur ki, Dağlıq Qarabağ müəyyən beynəlxalq zəmanətlərlə Azərbaycanın tərkibində qalsın. Mən bilən, başqa bir təklif də Ərdoğandan gəlir ki, əgər sən qələbə yolundasansa, yarıda dayanma, axıracan get. Yəni bundan sonra hər şey İlham Əliyevin qətiyyətindən asılı olacaq”.

Politoloq Dağlıq Qarabağa muxtariyyət verilməsi məsələsinə də toxunub: “Nəzəri baxımdan elə ola bilər ki, muxtariyyət verilməsin. Əgər Azərbaycan Ordusu hücumlarını davam etdirsə, altı rayonu alıb bir rayonun – Laçının yolunu açıq saxlasa ki, əhali oradan keçib gedə bilsin, əhali də getsə, onda kiminlə muxtariyyət məsələsini müzakirə edəcəyik ki? Bu, İlham Əliyevin seçimindən asılıdır. İlham Əliyevin və onun arxasında duran qüvvələrin – Ərdoğanın və mənə elə gəlir ki, həm də Amerikanın. Çünki Amerikanın müsbət münasibəti olmasaydı, Ərdoğan Rusiyaya qarşı belə qətiyyətli mövqe sərgiləməzdi. Yəni Ermənistan bir qədər gecikdi. Heç olmasa bir həftə əvvəl, Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatlarından əvvəl bu təklifi səsləndirsəydi, Azərbaycan tərəfi bəlkə də qan tökməmək üçün onu qəbul edərdi”.

Z.Əlizadə Rusiyanın sülhməramlı qoşunlarının Qarabağa gətirilməsinin qəbuledilməz olduğunu söyləyib. Bildirib ki, rus sülhməramlılarının Abxaziyada, Osetiyada oynadığı əsl rolu hamıya bəllidir: “…Biri var Rusiya açıq desin ki, Ermənistan mənə lazım deyil, biri də var sona qədər deyir ki, mən beynəlxalq hüquq çərçivəsində hərəkət edirəm, sənə kömək etmək istəyirəm, sülhməramlıları da yerləşdirmək istəyirəm, amma Azərbaycan qoymur. Siyasi oyundur bu”.

Oxşar xəbərlər