Müşahidə Şurasının sədri bu şəxs oldu

“Expressbank” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağının qərarına əsasən Müşahidə Şurasına yeni sədr və bir üzv seçilib.

SOSİUM.az xəbər verir ki, Əfqan Cavadov Müşahidə Şurasının sədri təyin edilib. Digər təyinat isə Ələsgər Məmmədəliyevdir. O, Müşahidə Şurasına üzv seçilib. Səhmdarlar tərəfindən təsdiqlənən hər iki təyinatı Azərbaycan Mərkəzi Bankı nəzərə alıb.

Ə.Cavadov bu vəzifədə Vaqif Davudovu əvəzləyib. V.Davudov isə 2019-cu ilin iyulundan bu Bankın Müşahidə Şurasının sədri vəzifəsində çalışırdı.

Əfqan Cavadov — 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Institutun “Mühasibat uçotu və Audit” fakültəsini bitirib. İş fəaliyyətinə 1999-cu ildən mühasib kimi başlamış və müxtəlif şirkətlərdə çalışaraq baş direktorun müavini vəzifəsinədək yüksəlmişdir. 6 mart 2020-ci il tarixindən bankın Müşahidə Şurasının üzvü vəzifəsində çalışıb.

Ələsgər Məmmədəliyev — 1 noyabr 1958-ci ildə Yevlax rayonu Salahlı kəndində anadan olub. 1980-ci ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Universitetinin “İqtisadiyyatın təşkili” fakültəsini bitirmişdir. 2007-ci ildən “Azenco Group”da baş mühasib və baş direktorun maliyyə işləri üzrə müavini vəzifələrində çalışır.

Oxşar xəbərlər