Fərid Şəfiyev: “Ermənistan özünü tələyə saldı”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri: “Azərbaycana çox ciddi təzyiqlər var idi”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin SOSİUM.az-a müsahibəsi

– Nəhayət 30 ildən sonra torpaqlarımız işğaldan azad edildi və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. İlk öncə, bu barədə təəssüratlarınızı eşitmək istərdik…

– Bilirsiniz ki, beynəlxalq hüquq beynəlxalq təhlükəsizliyin, regional təhlükəsizliyin qarantıdır. 30 ildir Azərbaycanın torpaqları işğal altında idi, ərazi bütövlüyümüz pozulurdu. Çox təəssüf ki, bu müddətdə Ermənistana tutarlı cavab verilmirdi və bu səbəbdən düşmən öz işğalçılıq siyasətini davam etdirirdi. Bu hadisələr bir daha göstərdi ki, dondurulmuş münaqişə anlayışı mövcud deyil. Əgər bunun əksi olsaydı, uzun illər beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarının işğal altında saxlanılmasına göz yummazdı. Baxmayaraq ki, Azərbaycan dövləti kifayət qədər təmkin nümayiş etdirir və məsələni sülh yolu ilə həll etməyə çalışırdı, bu nəticəsiz qalırdı. Bütün bunlar illərdir Azərbaycanı münaqişəni sülh yolu ilə həll etməyə təşviq edən qüvvələrin acizliyinin etirafı idi. Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan daha 30 il gözləyə bilməzdi və bu səbəbdən məsələnin konkret həll planı ortaya qoyuldu. Bir halda ki, torpaqlarımız məhz hərbi yolla işğala məruz qalmışdı, işğalı aradan qaldırmaq üçün hərbi yoldan başqa seçimimiz yox idi. Vətən Müharibəsi zamanı biz Azərbaycanın qüdrətini nümayiş etdirdik və məhz hərbi yolla doğma torpaqlarımızı işğaldan azad edərək, düşməni geri çəkilməyə məcbur etdik. Bəlli həqiqətdir ki, BMT Təhlükəsizlik Şurası çoxsaylı qətnamələr qəbul etsə də, heç bir icra mexanizmi mövcud deyil. Biz bunu Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bir daha aydın şəkildə gördük və bu beynəlxalq birlik üçün ciddi mesajdır. Baxmayaraq ki, bəzi dövlətlər, məsələn Fransa maksimum səylə münaqişənin uzadılmasına çalışırdı, ümumilikdə beynəlxalq ictimaiyyət bizim tərəfimizdə idi. Bu ona görə beləydi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfində idi.

Ermənistan faktiki olaraq danışıqlar prosesindən imtina edirdi və bunu artıq erməni mənbələri də etiraf etməyə başlayıblar. Erməni alimləri Qərb mətbuatında bununla bağlı məqalələr hazırlayır, rəsmi Yerevanı erməni xalqının maraqlarına zidd siyasət yürütməkdə ittiham edirlər. Ermənistan hakimiyyəti Kosova təcrübəsindən yararlanmağa, bu presedentə dayanaraq, doğma torpaqlarımızı işğal altında saxlamağa çalışırdı. Lakin onlar unudurdular ki, Kosova təcrübəsi beynəlxalq hüquq müstəvisində dəstək qazanmır və Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsinin qərarında da bu öz əksini tapıb. Qərarda Kosovonun müstəqilliyin bəyan edilməsi unikal hal kimi qiymətləndirib və onun digər hadisələrə presedent olmadığı vurğulayıb. Heç şübhəsiz Ermənistan iqtidarının yürütdüyü siyasət nəticə etibarilə onların məğlubiyyətini şərtləndirdi və bunun bilavasitə səbəbkarı Ermənistan hakimiyyətidir.

– Ermənistan tərəfi döyüşlərdə iştirak etmək üçün Qarabağa muzdlular gətirirdi və beynəlxalq birlik buna göz yumurdu…

– Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsi başlanan dövrdən bəri beynəlxalq ictimaiyyət ikili standartlar nümayiş etdirib. Bu illər ərzində onların məsələyə münasibətində bunu dəfələrlə müşahidə etmişik. Bəzi dövlətlərin Ermənistana xüsusi simpatiyası var və təəssüf ki, onlar bu simpatiyasını nümayiş etdirmək üçün beynəlxalq hüquqa belə arxa çevirirlər. Baxmayaraq ki, Ermənistan tərəfi terrorçu muzdluları Qarabağa gətirirdi, bəzi dairələr nəinki Ermənistanı bu təxribatçı fəaliyyətdən çəkinməyə çağırır, əksinə, bizim muzdlular gətirdiyimizə dair əsassız ittihamlar səsləndirirdilər. Bu açıq-aydın ənənəvi ikili standartlar siyasətinin davamı idi. Rəhbəri olduğum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bununla bağlı ingilis dilində məruzə hazırlayıb, beynəlxalq birliyə təqdim edib.  Ermənistan tərəfindən döyüşən muzdlulara gəldikdə isə, onlardan bəziləri pul qarşılığında döyüşürdülər. Digər qismi isə üçüncü dövlətlərdə müharibədə iştirak etmiş şəxslər idi. Bilirsiniz ki, beynəlxalq qanunvericiliyə görə, başqa dövlətlərdə hərbi əməliyyatlara qatılan şəxslər digər dövlətlərdə aparılan hərbi əməliyyatlarda iştirak edə bilməz. Elələri də var idi könüllü şəkildə iştirak edirdilər və erməni tərəfi iddia edirdi ki, onlar erməni əsillidirlər. Bunun özü də qeyri-qanunidir və Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Üçüncü dövlətin vətəndaşları heç bir halda digər ərazidə hərbi əməliyyatlarda iştirak edə bilməz və əksər ölkələrdə bu konkret cinayət əməlidir. Misal üçün Rusiyada bu əmələ görə, 7 il müddətində azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. ABŞ, Fransa və digər dövlətlərin də bununla bağlı sərt qanunları var. Məlumdur ki, Birinci Qarabağ müharibəsində də Ermənistan muzdlu terrorçular cəlb etmişdi və Azərbaycana qarşı konkret terror həyata keçirmişdi. İkinci Qarabağ döyüşlərində də bu qeyri-qanuni üsuldan istifadə edildi. Bununla bağlı müvafiq qurumların əlində konkret faktlar var və biz onu beynəlxalq ictimaiyyətə təqdim edəcəyik. PKK yaraqlıları, Yunannıstan, Kanada və digər dövlətlərdən muzdluların gəlməsinə dair əlimizdə təkzibolunmayan sübutlar var. Heç şübhəsiz buna görə, Ermənistan hökuməti məsuliyyət daşıyır.

– Ordumuz yalnız döyüş meydanında döyüşdüyü halda, düşmən Gəncə, Bərdə, Tərtər və digər rayonlarımızda terror törədərək, mülki şəxsləri qətlə yetirdi…

– Cənab Prezident İlham Əliyev həm xalqa müraciətləri, həm də xarici mətbuata müsahibələri zamanı dəfələrlə bəyan edirdi ki, Azərbaycan Ordusu yalnız döyüş meydanına döyüşür və mülki əraziləri hədəf almır. Lakin buna baxmayaraq ki, Ermənistan ordusu həm Gəncə, həm Bərdə, həm də Tərtərdə mülki infrastruktur və əhalini hədəf aldı. Bu açıq-aydın terror siyasəti idi və 98 mülki vətəndaşımız bu terrorun qurbanı oldu. Artıq bununla bağlı beynəlxalq məhkəməyə müraciət olunacaq. Bu hərbi cinayət olmaqla yanaşı, həm də Cenevrə Konvensiyasına kobud sürətdə pozulmasıdır. Baş verənlər sənədləşdirilib və ilk növbədə daxili qanunvericilik səviyyəsində məsələ həllini tapacaq. Bundan sonra isə beynəlxalq hüquq müstəvisində addımlar atılacaq. Baş verənlərə görə, Ermənistan rəhbərliyi məsuliyyət daşıyır və onlar buna görə, cavab verəcəklər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (üzvü olmasaq da) müraciət edə bilərik. Dünyanın peşəkar hüquqşünasları da prosesə cəlb edilib və onlar artıq fəaliyyətə başlayıblar.

– Prezident İlham Əliyevin də söylədiyi kimi, Ermənistan işğalçılıq siyasəti ilə özünü bütün regional iqtisadi layihələrdən kənarda qoydu…

– Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistan işğalçılıq iddialarını ortaya atmaqla özünü tələyə saldı. Sonrakı mərhələdə, Ermənistan dövlət müstəqilliyi əldə etdikdən sonra da bu siyasət davam etdi və nəticədə Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, onlar özlərini bütün regional layihələrdən kənarda saxladılar. Heç şübhəsiz Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirilirsə, bu halda Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməzdi. Yeganə yolları Azərbaycanın ərazi bütövlüyün tanımaqdan keçirdi. Onlar isə buna getmədilər və işğalçılıq nəticəsində Azərbaycana milyardlarla dollar həcmində böyük ziyan vurdular. Bununla bağlı Azərbaycan təzminat iddiası qaldıracaq. Bu istiqamətdə müvafiq işlər aparılır. Ermənistan ilk növbədə özünə, erməni xalqına misilsiz ziyan vurdu və bundan ziyan çəkən Ermənistan xalqı oldu. Nəhayət bu gün dərk etməlidirlər ki, bu yanaşma Ermənistanı uçuruma aparır və bu siyasət dəyişməsə, bundan sonra da tədric vəziyyətində qalacaqlar. Bu gün Ermənistan faktiki olaraq iqtisadi müstəqilliyini itirib. Siyasi cəhətdən də müstəqil omadığını, eyni zamanda müstəqil xarici siyasət yürütmək iqtidarında olmadığını da bura əlavə etsək, o zaman vəziyyət onlar üçün daha dramatikdir və yeganə çıxış yolu içğalçılıq siyasətindən əl çəkməkdir.

– Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir və Paşinyanı istefaya səsləyirlər. Paşinyanın gedişi hansı nəticələrə gətirib çıxara bilər?

– Bu məsələyə dair birmənalı mühakimə yürütmək mümkün deyil. Əgər bu baş verərsə, iqtidara kimin gələcəyi və hansı siyasət yürüdəcəyi vəziyyəti şərtləndirəcək. Hesab etmirəm ki, Nikol Paşinyan yaxın zamanlarda hakimiyyətdən gedəcək. Bu gün Ermənistanda total repressiyalar həyata keçirilir, Paşinyan öz rəqiblərini güc yolu ilə sıradan çıxarmağa çalışır. Faktiki olaraq Ermənistanda demokratik imkanlar yoxdur. Ola bilər ki, gələcək seçkilərdə Paşinyan məğlub olsun, lakin bu indiki halda gözlənilmir. Baxmayaraq ki, Paşinyan hərbi kaputilyasiya aktına imza atıb və onun yürütdüyü siyasət Ermənistanı uçuruma sürükləyib, 30-35 faiz erməni əhalisi hələ də onu dəstəkləyir. Düzdür, bu böyük rəqəm deyil, ancaq müxalifətdə də yekdil qüvvə yoxdur. Müxalifətdə olan aparıcı qüvvə “Qarabağ klanı” adlandırılan Köçaryan-Sarkisyan tərəfdarlarıdır. Bu qüvvələr də hərbi məğlubiyyətə görə, məsuliyyət daşıyırlar. Çünki faktiki olaraq işğalçılıq siyasətini onlar başladıblar. Eyni zamanda hakimiyyətdə olduqları müddətdə böyük yeyinti və korrupsiya əməllərinə yol veriblər. Heç şübhəsiz erməni ictimaiyyəti onları dəstəkləmir və anlayırlar ki, Köçaryan-Sarkisyan rejiminin qayıdışı böyük fəlakətlərə gətirib çıxaracaq. Digər müxalif lider Qaqik Çarukyanın kriminal tarixi var və iqtidara gələcəyi təqdirdə Ermənistanı Rusiyadan daha asılı vəziyyətə gətirəcək. Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyan müəyyən perspektivlərə malik olsa da, ciddi ictimai dəstəyi yoxdur. Digər yandan hazırda heç bir erməni siyasətçisi hərbi kaputilyasiya aktına və onun nəticələrinə görə, məsuliyyəti üzərinə götürmək istəmir. Çünki qarşıda Qazaxın kəndləri və digər müzakirələr var. Yəqin ki, bu müzakirələr Azərbaycanın xeyrinə nəticələnəcək. İndiki halda Paşinyanın iqtidarda qalması Azərbaycan üçün daha əlverişlidir (gülür).

– Fransa Senatı qondarma qurumu tanımaqla bağlı qətnamə qəbul etdi. Sizcə, Fransa Senatı niyə  bu addımı atdı?

– Bu heç kimə sirr deyil ki, Fransada erməni diasporu güclüdür və ciddi təsir rıçaqlarına malikdir. Bu bir reallıqdır və məlum  qətanəmənin qəbulundə bu amilin rolu çox böyükdür. Digər yandan ATƏT-in Minski Qrupunun həmsədr dövləti olaraq Fransa münaqişənin həlli prosesindən kənarda qaldı. Heç şübhəsiz qısqanclıq amili də var və bu əsasən Rusiya ilə bağlıdır. Eyni zamanda Fransa-Türkiyə gərginləşən münasibətləri və bu münasibətlərdən qaynaqlanan təzyiqlər, islam dünyası ilə əlaqəli problemlər, xristian təəssübkeşliyi, islamofobiya amilləri də bu sırada yer alır. Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra Fransa özünü Avropanın mərkəzi kimi təqdim etməyə çalışır. Fransanın müstəmləkəçilik siyasəti, Əlcəzair, Afrika və digər regionlarda bu siyasətin doğurduğu acı nəticələr və bu gün də bu siyasətin təzahürlərinin qalması da qərara təsirsiz ötüşməyib. Bütün hallarda Fransa Senatının qəbul etdiyi qətnamə qanunsuzdur və heç bir icra mexanizminə malik deyil.

– Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşdirilməsi müəyyən müzakirələrə yol açıb. Bundan narahatlığını ifadə edən qüvvələr var…

– Bəli, bu narahatlıq var və biz də bunu müşahidə edirik. Lakin reallığı da unutmaq lazım deyil. Cəmi üç ay öncə desəydilər ki, işğal altında olan ərazilərimizi geri qaytaracaq və Şuşanı, Hadrutu, Suqovuşanı işğaldan azad edəcəyik, bu bəlkə də inandırıcı görünməzdi. Lakin bu gün Azərbaycan artıq bütün bunları həyata keçirib. İşğal altında olan əksər ərazilərimizi hərbi yolla, bir hissəsini də düşməni sülhə məcbur etməklə azad etmişik. Bu kifayət qədər ciddi nəticədir. Bəzən mənə də belə suallar ünvanlanır ki, niyə sona qədər getmədik? Nəzərə almaq lazımdır ki, ərazinin relyefi, landşaftı mürəkkəbdir, qarşıdan soyuq ayları gəlir, düşmən 30 il ərzində istehkamlar qurub. Belə olduğu təqdirdə döyüşlər davam etsəydi, çoxlu sayda itkilərimiz olacaqdı. Həm də böyük zaman sərf edəcəkdik. Mümkün idi ki, bütün qış ərzində döyüşlər davam edəcəkdi. Həmçinin bizə qarşı çox ciddi beynəlxalq təzyiqlər var idi. Bu təkcə Rusiyanın təzyiqləri deyildi, ABŞ, Fransa, Almaniya və s. dövlətlər də Azərbaycana ciddi təzyiq edirdi. Digər yandan diplomatiyada maksimalist mövqe adətən problemlərə yol açır. Misal üçün, həmsədrlər Ermənistana vaxtı ilə əvvəlcə 5, ardınca 2 rayonu işğaldan azad etmək təklifini irəli sürürdü. Ermənistan tərəfi bununla razılaşmadı və məhz bu maksimalist mövqe onları məğlubiyyətə apardı. Biz razılaşmaya getməsəydik, bizi ittiham edəcəkdilər ki, guya etnik təmizləmə siyasəti apararırıq. Və hətta digər dövlətlər də məsələyə müdaxilə edə bilərdi. Bunun doğuracağı nəticələri təsəvvür etmək kifayətdir ki, hansı risklərlə qarşılaşdığımızı görə bilək. Bu gün Dağlıq Qarabağ anlayışı yoxdur, heç bir status yoxdur. Təbii ki, yaxın gələcəkdə vaxtilə Dağlıq Qarabğın vətəndaşı olmuş və ya onların törəməsi olan ermənilərin yerləşdirilməsi mümkündür. Onlar Azərbaycan qanunlarına uyğun şəkildə bu ərazilərdə yaşaya bilərlər. Rusiya sülhməramlı qüvvələrinin cəlb olunmasına gəldikdə isə, deyə bilərəm ki, bu gün Azərbaycanla Rusiya arasında konstruktiv münasibətlər mövcuddur. Ukrayna, Gürcüstandan fərqli olaraq Rusiya Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu dəfələrlə ən yüksək rəsmi səviyyədə etiraf edib. Bu günlərdə Rusiya prezidenti Vladimir Putinin bununla bağlı açıqlaması da bu xüsusda təsadüfi deyil. Eyni zamanda Türkiyənin də bu prosesdə iştirakı qarşımızda böyük imkanlar açır.

– ABŞ-da prezident seçkiləri yekunlaşdı. Co Baydenin qalib gəlməsi dünyada, o cümlədən yerləşdiyimiz regionda hansı dəyişiklikləri qaçılmaz edəcək?

– Co Bayden çalışacaq ki, xarici siyasətdə Amerikanın rolunu bərpa etsin. Bilirsiniz ki, Donald Tramp bir çox layihələrdən kənara çəkilmişdi, təcrid siyasəti aparırdı. Bayden isə bəyan edib ki, ABŞ Ümumdünya Səhiyyə Təşkilatında, İqlim sazişində öz fəaliyyətini bərpa edəcək. Güman ki, Amerika beynəlxalq müstəvidə və NATO-da əvvəlki rolunu geri qaytaracaq. Siyasi dairələrə məlumdur ki, Baydenin təmsil olunduğu Demokratlar Partiyası ilə erməni lobbisi arasında münasibətlər yüksək səviyyədədir. Bu fakt heç şübhəsiz regional məsələlərə öz müəyyən təsirini göstərəcək. Digər tərəfdən Bayden NATO-ya xüsusi diqqət ayıracaq və bu xüsusda ABŞ-Türkiyə münsaibətlərinin artan templə inkişafı gözləniləndir. Türkiyə ilə yaxınlaşan münasibətlər fonunda qardaş Azərbaycanın da dünya miqyasında rolu artacaq. Nəzərə alanda ki, Bayden Vyetnam müharibəsinə aid nəsildəndir və onlar müharibə siyasətini dəstəkləmirlər, bu səbəbdən ABŞ-ın Yaxış Şərqdən öz qüvvələrini çıxaracağı və ya buna cəhd edəcəyi də proqnozlaşdırılandır. İranla əlaqələr, Əfqanıstan missiyası, İsrail-Fələstin münaqişəsi və s. hansılar ki, Türkiyənin önəmini artırır, bu məsələlərə də xüsusi diqqət ayrılacaq. Bütün hallarda hadisələrin gedişatı yanvar ayının 20-də baş tutacaq inaqurasiyadan və Baydenin prezident olaraq fəaliyyətə başlamasından sonra yürüdəcəyi siyasətdən asılı olacaq.

– Rəhbəri olduğunuz Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyəti hazırda nə yerdədir?

– İkinci Qarabağ müharibəsi dövründə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi olaraq xarici mətbuat və beynəlxalq elmi dairələrlə fəal iş aparıb. Mərkəzin rəhbəri olaraq mənim, o cümlədən Mərkəzin mütəxəssislərinin onlarla məqaləsi xarici mətbuatda dərc edilib. ABŞ-ın qabaqcıl nəşrləri, düşüncə mərkəzləri ilə, Ceymstaun Fondu, “Nəşnl interest”, “Əl Cəzirə”, “Deutsche Welle”, “Euronews”, “BBC”, Rusiya, Türkiyə kanalları ilə sıx əməkdaşlıq etmişik. Paralel olaraq xarici ekspertləri münaqişə ilə bağlı zəruri materiallarla təmin etmişik. Müəyyən dərəcədə bizim təşviqatımız sayəsində xarici dərgi və nəşrlərdə, mətbuatda onların Azərbaycanın haqlı mövqeyini müdafiə edən çoxlu sayda məqalələri tirajlanıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, bizim fəaliyyətimizin müəyyən bir hissəsi ictimaiyyətə açıq olmayan hissədir. Eyni zamanda bir çox materiallar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin web-saytında da yerləşdirilib.

// Azər Niftiyev, SOSİUM.az

Oxşar xəbərlər