“Manatın yenə ucuzlaşacağı gözlənilmir”

“Pandemiya bütün dünya iqtisadiyyatına olduğu kimi, ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşməyib. İlin sonuna iqtisadiyyatı 5-6 faizlik minusla başa vurmağı gözləyirik”.

SOSİUM.az xəbər verir ki, bu barədə danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, hazırkı situasiyada manatın dəyərsizləşməsini gözləmir:

“Birincisi, kifayət qədər ehtiyatlarımız var. İkincisi, indiki vəziyyətdə buna getmək olmaz. Dövlət başçısı özü də çalışır ki, milli valyuta dəyərdən düşməsin. Neftin qiyməti də hələlik çox aşağı deyil. Hətta bu qiymət dövlət büdcəsində nəzərdə tutulduğundan yuxarıdır. Ona görə də ciddi problem olmamalıdır. Fikir verin, pandemiya, müharibə şəraitində Azərbaycanın ərzaqla bağlı heç bir problemi yoxdur. Bütün mağaza və marketlərdə hər şey var. Eyni zamanda, Azərbaycan ordusunun təminatında heç bir problem yoxdur”.

2021-ci ilin dövlət büdcəsilə bağlı sualı cavablandıran iqtisadçı deputat deyib ki, bu hazırkı proseslərin gedişindən asılıdır:

“Ümumilikdən indidən fikir bildirmək çox çətindir. Ümid edirəm ki, müharibə çox çəkməyəcək. Büdcə müzakirələrinə qədər müharibəni qələbə ilə başa vuracağıq. İnşallah, ümid edirik ki, bir neçə günə cənab Prezident Şuşanın azad olunmasını elan edəcək. Rəcəb Tayyib Ərdoğan Xankəndinə bayraq sancma mərasimində iştirak edəcəyini açıqlayıb. Müharibədən millətimiz əziyyət çəkir, amma bu, qürurlu əziyyətdir. Bu tarixdə 500 ildə Azərbaycanda birinci dəfədir ki, biz torpaqlarımızı işğaldan azad edirik. Biz illərdir ki, torpaqlarımızı itirə-itirə gəlmişik. Bu tarixə qızıl hərflərlə yazılası bir şeydir ki, bunu da Ali Baş Komandan gerçəkləşdirir. Bu, adi məsələ deyil, heç kimə zarafat gəlməsin. Dünya dövlətlərinin 80 faizi erməniləri müdafiə edir. Belə çətin şəraitdə vuruşmaq hər Prezidentin işi deyil”.

Oxşar xəbərlər