“İnsanovun bir atımlıq barıtı var”

Siyasi ekspertlərin keçmiş nazirin partiyasından gözləntiləri Keçmiş səhiyyə naziri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sabiq sədr müavini Əli İnsanov Haqq Ədalət Partiyası yaratdığını elan edib. Siyasi ekspertlərin 73 yaşı keçmiş nazirin bu addımından gözləntiləri nədən ibarətdir?

«Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Azər Rəşidoğlu mövzu ilə bağlı açıqlamasında deyib:

«O, istər YAP sədrinin müavini, istər həbsdə olduğu dövrdə, istərsə də həbsdən çıxandan sonra verdiyi bəyanatlarla siyasətdə yeniliyə səbəb olacaq heç bir tezislə çıxış etməyib. Onun son bəyanatları və təşkilat yaratması hikkədən doğan bir şeydir. Güman etmirəm ki, ora toplaşanlar demokratik dəyişikliyə səbəb olacaq addımlar atsınlar».

A.Rəşidoğlunun fikrincə, sadəcə, Ə.İnsanovun ətrafında ajiotaj yaradılıb. O, cəmiyyətin dəyişiklik istədiyini və indiki müxalifət partiyalarının da bu dəyişikliklərin önündə gedə bilmədiyini düşünür: «Ona görə də, hər bir yeni müxalif qüvvəyə müəyyən ümidlər bəslənir. Müəyyən müddətdən sonra bu ümidlər puç olur. O baxımdan Əli İnsanovun bir atımlıq barıtı olduğunu güman edirəm. Müəyyən müddətdən sonra ona bəslənən ümidlər də puça çıxacaq».

Siyasi şərhçi vurğulayıb ki, ümumiyyətlə, bu adam birbaşa korrupsiya ilə bağlılığına, səhiyyə sistemini çökdürən əsas adamlardan biri olduğuna və səhiyyənin çökməsindən ən çox əziyyət çəkənlərin kasıb təbəqə olduğuna görə ona münasibət heç zaman müsbət olmayıb: “Digər tərəfdən, müxalifət liderlərini, mətbuatını güllələməyə, məhv etməyə çağıran odioz fiqur kimi tanınıb. Xalqdan hələ də buna görə üzr istəməyib. Hikkəylə partiya yaratmaq istəyir. Bu baxımdan, o, müxalifətin dəyirmi masasında iştirak etsə də, partiya yaratsa da, fərqi yoxdur, ona münasibət mənfidir, həmin demokratiyanı boğan bəyanatlarına, səhiyyəni iflic vəziyyətə saldığına görə».

Oxşar xəbərlər