KİVDF sədrinin adı məlum oldu

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının ilk iclası keçirilib.

SOSİUM.az xəbər verir ki, iclasda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülvi Hüseynli KİVDF Müşahidə Şurasının sədri seçilib.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, KİVDF-nin fəaliyyəti qısa müddətdə təmin edilməli, yeni layihələr hazırlanmalı və müsabiqələr keçirilməli, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlıq gücləndirilməlidir. Eyni zamanda Jurnalistlərin peşə davranış qaydaları ilə bağlı tövsiyələr hazırlanmalı, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələri haqqında informasiya bankı yaradılmalıdır: “Fondun Müşahidə Şurası qanunvericiliyə uyğun olaraq ona həvalə edilmiş vəzifələrin icrasında məsuliyyəti artırmalı, teleradio və qəzetlərin fəaliyyəti ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat verməlidir”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında Fərman imzalayıb. V. Talıbovun müvafiq fərmanı ilə Fondun Müşahidə Şurasının üzvləri də təsdiq olunub.

Oxşar xəbərlər