“Bəziləri şüurlu şəkildə ortalığı qatmağa çalışır”

10 Noyabr tariximizə Qələbə günü kimi daxil oldu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Böyük Vətən müharibəsi Böyük Zəfərimizlə başa çatdı. Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin siyasi-diplomatik müstəviyə daşıdı. Ali Baş Komandan xalqa sonuncu müraciətində bu məqamı da xüsusi vurğuladı: “Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı… Biz tarixi Qələbəmizi hüquqi və siyasi müstəvidə daha da möhkəmləndirəcəyik”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd etdi ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır, 30 ildir işğal altında olan torpaqlarımız Azərbaycanın qəhrəman əsgərlərinin gücü, canı, qanı bahasına erməni istilasından xilas oldu. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüz dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

Tamam Cəfərova qeyd etdi ki, sentyabrın 27-dən etibarən Azərbaycan Xalqı tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Hamı bir nəfər kimi yerində əsgər oldu, Ali Baş Komandanın hər müraciətini, hər sözünü birmənalı qəbul edərək ÖZ LİDERİNİN ətrafında dəmir yumruğa çevrildi. Cənab Prezidentin qeyd etdiyi kimi “Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir”. Millət vəkilinin fikrincə, Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Həmçinin, müxalifət nümayəndələrinin və siyasi partiyaların bu mərhələdə nümayiş etdirdikləri mövqe həqiqətən təqdirəlayiqdir. Cənab Prezidentin sözləri ilə desək, “Siyasi müxalifət bu dövrdə yüksək şüur nümunəsi göstərdi. Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. Məhz bu həmrəyliyin sayəsində mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirə bilmədilər.

Birmənalı demək olar ki, bu bəyanat bizim şanlı qələbəmizdir. İmzalanmış bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. İndi qarşımızda daha iki böyük vəzifə durur: işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazım olan infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın vətənlərinə köçürülməsi. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resurslarımız – maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var! Cənab Prezidentin dediyi kimi, “Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək. Qarabağ əsl cənnət məkanına çevriləcək”.

Çox təəssüflər olsun ki, bu gün sosial mediada bəzi “klaviatura qəhrəmanları”, “hər şeyi hamıdan çox bilənlər” Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə məkirli məna qatmaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Əslində isə Rusiya sülhməramlılarının fəaliyyətinin əsas mahiyyətini təhrif edən həmin qaragüruhçular unudurlar ki, bu sadəcə bölgədə təhlükəsizliyə nəzarət prosesidir. Bölgəyə Rusiya sülhmərmalılarının gəlişindən əndişələnən soydaşlarımıza səslənirəm. Kimsə narahat olmasın. Bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi baza yaratması kimi qiymətləndirilməsin. Bu sadəcə Türkiyə hərbçiləri ilə birlikdə məhdud sayda sülhməramlı hərbçilərin mövcudluğundan ibarət olacaq. Bununla bağlı olaraq, tərəflərin bu bəyanata əməl etməsi üçün sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Bir vacib məqamı da unutmayaq ki, bölgədəki sülhün qarantı təkcə Rusiya deyil, həm də qardaş Türkiyə də olacaq.

“Xalq nəyi nə zaman və necə etmək lazım olduğunu çox yaxşı bilən LİDERİNƏ güvənir!, deyə Tamam Cəfərova bildirdi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Müzəffər Ali Baş Komandana, Yaşasın Azərbaycan xalqı! Eşq olsun Şanlı Azərbaycan Ordusuna!

Oxşar xəbərlər