KOBİA bu layihələrə də dəstək verəcək

KOBİA təhsil, elm, tədqiqat, o cümlədən innovativ və startap layihələrinin dəstəklənməsi ilə bağlı müsabiqə elan edir

SOSİUM.az xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.

Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Müsabiqəyə sənədlərin qəbulu 17 fevral – 18 mart 2021-ci il tarixlərində həyata keçiriləcək.
Hər bir layihə üzrə maliyyələşdirmə 20 min manat məbləğində müəyyən edilib.

Müsbiqədə iştirak etmək istəyən KOB subyektləri müvafiq ərizə formasını (https://bit.ly/3cS3v8I) və lazım olan digər sənədləri 17 mart 2021-ci il tarixinədək elektron ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) təqdim etməlidir.

Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın rəsmi internet səhifəsində – www.smb.gov.az yerləşdiriləcəkdir. Ətraflı məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi və http://bit.ly/36WhTcq

Qeyd edək ki, Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib. Qaydalara uyğun olaraq, KOB subyektlərinin inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi müsabiqə yolu ilə KOBİA tərəfindən həyata keçiriləcək.

Təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ölkəmizdə KOB-ların inkişafına müsbət təsir göstərməklə, bu sahədə yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, startap layihələrinin dəstəklənməsi, sahibkarların fəaliyyətinə, iş proseslərinə təsir edən ixtira, faydalı model, texnoloji yenilik və sənaye nümunələrinin elmi cəhətdən öyrənilməsi və araşdırılması, bu istiqamətdə təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, KOB sahəsində elmi biliklərin tətbiqi və s. baxımından əhəmiyyətli olacaqdır.

Oxşar xəbərlər