Deputat: “Qarşıda görəcəyimiz işlər çoxdur”

Milli Məclisin deputatı Məşhur Məmmədovun TİA.az və SOSİUM.az portallarına müsahibəsi

– Məşhur müəllim, VI çağırış Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından bir il ötür. Ötən il qanunverici hakimiyyətdə islahatların dərinləşməsi və parlamentin yenilənməsi zərurəti ilə vaxtından qabaq Milli Məclis buraxıldı. Bu müddətdə ali qanunverici orqan hansı yeniliklərə imza ata bildi?

– Hesab edirəm ki, VI çağırış Milli Məclisin fəaliyyəti Azərbaycan Parlamenti tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı sayıla bilər. Bəlkə də bu kənardan bir o qədər də görünmür. Lakin Milli Məclisin fəaliyyətinə yaxından bələd olan biri kimi deyə bilərəm ki, kifayət qədər ciddi dəyişikliklər var. İstər qanunvericilik təşəbbüslərinin irəli sürülməsi, istər seçicilərlə təmaslar, istərsə də beynəlxalq əlaqələrin inkişafı baxımından mühüm fərqlər nəzərə çarpır. Eyni zamanda deputatlar ictimai əlaqələrə xüsusi önəm verməyə başlayıblar. Bu da öz növbəsində diqqətdən yayına bilməz. Bilirsiniz ki, son parlament seçkiləri zamanı təxminən 40 deputat ilk dəfə olaraq parlamentə mandat qazandı. Bu müddətdə biz təkcə onların deyil, həm də bundan öncəki çağırışlarda parlamentdə təmsil olunan həmkarlarımızın xüsusi aktivliyini müşahidə etdik. Bunun da əsas səbəbi ölkədə həyata keçirilən çoxşaxəli islahatlar və qanunverici orqanın da öz fəaliyyətini buna uyğunlaşdırması ilə bağlıdır. Məlumat üçün deyim ki, VI çağırış Milli Məclisin fəaliyyətə başlamasından bir ildən bir qədər artıq zaman ötsə də, ötən dövrün müvafiq göstəriciləri ilə müqayisədə qəbul edilən qanun layihələrinin sayı 2-3 dəfə çoxdur. Öncəki dövrlərdə qərarların qəbulu daha çox zaman alırdısa, atıq daha çevik və daha dinamik fəaliyyət ortadadır. Komitə iclasları da intensiv keçirilir və işçi qrupları ilə birgə təkmil qanun layihələri ərsəyə gətirilir. Bu mənada parlamentin bir illik fəaliyyətini yüksək qiymətləndirirəm. Çox təəssüf ki, deputatın statusu, cəmiyyətdə yeri və rolu, funksiya və vəzifələri ilə bağlı cəmiyyətdə düzgün olmayan təsəvvürlər var. Əslində deputatın işi qanunvericilik bazasının təkmilləşdirilməsi, seçicilərdən daxil olan müraciətlərin müvafiq dairələrə çatdırılmasından ibarətdir. Bəzən seçicilər deputata icra hakimiyyətinin funksiyasına dair tələbləri irəli sürürlər. Heç şübhəsiz bu məsələdə cəmiyyətin maariflənməsinə ciddi ehtiyac var. Düşünürəm ki, zamanla bu məsələlər də öz həllini tapacaq.

– Parlamentdə hakim partiyanı təmsil edirsiniz. Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay qərarı hansı zərurətdən qaynaqlanırdı?

– Bu gün Azərbaycanda hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatlar hakimiyyətin bütün qollarını – qanunverici, icraedici, məhkəmə və bütün sahələri əhatə edir. Eyni zamanda ölkəmizdə instusional islahatlar aparılır. Siyasi islahatları, siyasi dialoq qurulmasını da bura əlavə etsək, o zaman açıq şəkildə söyləmək olar ki, hakim partiyada da bu proseslərdən kənarda qala bilməzdi. Bu mənada Yeni Azərbaycan Partiyasının qurultay qərarı əslində gözlənilən idi. Son qurultay partiyanın idarəetmə sistemində ciddi dəyişikliklərin əsasını qoydu. Siyasi Şuranın ləğv edilməsi, İdarə Heyətinin say tərkibinin artırılması, Mərkəzi Aparatın təsis edilməsi, xüsusən də gənclərin partiyanın seçkili orqanlarına seçilməsi bunun bariz nümunəsidir. Hesab edirəm ki, partiya daxilində islahatların davamı olacaq. Qarşıdakı aylarda Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında, yerli təşkilatlarında da yenilənmələrin şahidi olacağıq. Bütün hallarda hakim partiyanın fəaliyyəti müasir dövrün tələbləri ilə vəhdət təşkil etməli idi və qurultay qərarına  da məhz bu aspektdən yanaşmaq lazımdır.

– Son dövrlər əksər dövlət qurumları Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə verilir. Bu qurumdan gözləntiləriniz nədir?

– Bilirsiniz ki, bu günə qədər dövlət qurumlarının əksəriyyəti dotasiya hesabına fəaliyyət göstərirdi. Azərbaycan İnvestisiya Holdinqi büdcə xərclərinin optimallaşdırılması, audit-nəzarət sisteminin qurulması, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, gələcək perspektivdə həmin qurumların özəlləşdirməyə çıxarılması məqsədilə yaradılıb. Məqsəd dövlət qurumlarını dotasiya alan müəssisədən gəlir gətirən müəssisəyə çevirməkdir. Əgər hər hansı dövlət müəssisəsi rentabelli deyilsə, həmin müəssisələr gələcəkdə özəlləşdirməyə çıxarıla bilər. Eyni zamanda dövlət büdcəsi əlavə yüklərdən azad olunmalıdır. Çünki bizim büdcəmiz sosial yönümlüdür və qarşıda işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasına böyük iqtisadi yatırımlar edəcəyik. Azərbaycan İnvestisiya Holdinqinə daxil olan dövlət qurumları arasında faydalı, qarşılıqlı və rentabelli əlaqələrin qurulması baxımından da bu qurumun müstəsna əhəmiyyəti var. Bu qərar həm də idarəetmə sistemində şəffaflığı təmin edir. Hesab edirəm ki, baş verənlər qurumlar üzərində şəxslərin nəzarətinə də son qoyacaq. Azərbaycan İnvestisiya Holdinqin fəaliyyətini təqdi edirik və bu qurumdan ciddi  gözləntilərimiz var.

– Rusiyanın “İsgəndər M” raketlərinin qalıqları ilə bağlı ANAMA-nın açıqlaması ciddi müzakirələrə səbəb oldu. Sizcə, Dağlıq Qarabağ münaqişəsini bitmiş saymaq olarmı?

– Birmənalı şəkildə söyləmək olar ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində mümkün olanın ən yüksəyini əldə etdi. Rusiya dəfələrlə bəyan edirdi ki, Ermənistanın ərazisinə hər hansı zərbə dəyərsə, müdaxilə edəcək. Bu mövqeyini onunla əsaslandırırdı ki, Ermənistan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və buna görə konkret öhdəliyi var. Bundan sui-istifadə edən Ermənistan Ordusu Gəncədə, Bərdədə, Tərtərdə amansız terrorlar həyata keçirir və Azərbaycanı təxribata çəkməyə  çalışırdı. Hər hansı məsələyə qiymət verəndə reallığı nəzərə almaq lazımdır və müharibənin davam etməsi beynəlxalq ictimaiyyətin ölkəmizə qarşı təzyiqlərini gücləndirəcəkdi. Əslində müharibə hərbi mənada bitsə də, iqtisadi, siyasi, informasiya məkanında mübarizə hələ davam edir. Ermənistan faktiki olaraq özünü bütün iqtisadi layihələrdən kənarda qoyub və məhz elə bu səbəbdən erməni əhalisi fəlakət həddində yaşayır. Bu səbəbdən koomunikasiya xətlərinin və nəqliyyat qovşaqlarının açılması ilk növbədə Ermənistanın özünün maraqlarına cavab verir. Bizim kifayət qədər ciddi təsir rıçaqlarımız var və qarşıdakı dövrdə diqtə edəcək tərəf yenə də Azərbaycan olacaq. Cənab Prezident İlham Əliyev tərəfindən atılan addımlar və verilən qərarlar Azərbaycanın bütün mənalarda qələbəsini şərtləndirirdi. Ənənəvi müxalifət təmsilçilərinin tarixi zəfərə kölgə salmaq cəhdləri isə onların təxribatçı xislətindən xəbər verir. Bu sadəcə erməni dəyirmanına su tökmək cəhdindən başqa bir şey deyil. Necə ki, onlar bütün şüurlu fəaliyyətini buna həsr ediblər, bu gün də onu davam etdirirlər. Onlar müharibədən qabaq “Bircə rayon alınsa, siyasətdən gedərik” kimi populist bəyanatlar səsləndirsələr də, bunu etmədilər. Bu xüsuda onları ciddiyə almağa, uzagörən nəticələr çıxarmağa gərək yoxdur. O ki qaldı “İsgəndər M” raketlərini qalıqları ilə bağlı məsələyə, Rusiya bu məsələyə aydınlıq gətirməlidir. Əgər bu baş verməsə, Rusiyanın sülhməramlı mandatı şübhə altına düşəcək.

– Rusiyadan söz düşmüşkən, Rusiya-Ukrayna müharibəsi nə dərəcədə realdır və bunun Azərbaycana hansı təsirləri olacaq?

– Bilirsiniz ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Eyni zamanda Ukrayna da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Vətən Müharibəsi zamanı rəsmi Kievin, o cümlədən prezident Zelenskinin açıqlamaları bunun əyani təzahürüdür. Digər yandan Rusiya ilə tərəfdaş dövlətik və tarixi qonuşuluq münasibətlərimiz var. Hesab edirəm ki, Rusiya ilə Ukrayna arasında müharibənin baş verməsi bütövlükdə regon üçün təhlükəlidir. Təbii ki, bunu qətiyyən arzulamırıq. Müəyyən konfliktlər və iğtişaşlar olsa da, bunun böyük müharibəyə çevrilməsi ehtimalı azdır. Yəqin ki, müəyyən qarşılıqlı təzyiqlər olacaq, silahlar işə düşəcək. Lakin yekunda hər iki tərəf dayanacaq və mövcud reallıqları nəzər alacaq. Baş verənlərin ölkəmizə təsirlərinə gəlincə isə, Azərbaycan da bu regionda yerləşir və belə bir müharibənin olması nəinki Azərbaycan üçün, bütövlükdə bəşəriyyət üçün böyük təhdiddir.

– Bir cənublu deputat olaraq qadın hüquqlarının qorunması adı altında feminizm hərəkatının Azərbaycanda təşəkkül tapmasına necə baxırsınız?

– Tam səmimi deyirəm ki, Cənub bölgəsində dini fanatizm meylləri çox azdır. Düzdür, inanclı insanların sayı çoxdur, lakin onlar heç bir təmayülün təsiri altına düşmürlər. Bir məqamı unutmaq lazım deyil ki, bir kəsin hüquqlarının qorunması digər şəxsin hüquqlarına ziyan verdiyi yerə qədərdir. Sənin hüquqların qorunacaq deyə, başqalarının mənafeyini zərbə altında qoymaq, mənəvi və etik cəhətdən də düzgün deyil. Əgər müxtəlif adlar altında millətin genefondunu dəyişməyə cəhdlər varsa, milli təhlükəsizliyə təhdid yaranırsa, heç şübhəsiz bunun qarşısı alınmalıdır. Qətiyyən buna imkan vermək olmaz. Əgər biz Avropa dəyərlərindən danışırıqsa, hansı səbəbdən mütərəqqi deyil, ziyanlı dəyərləri idxal edirik? Təəssüf ki, bu gün dünyada ikili standartlar var və bundan bütün dünya əhalisi əziyyət çəkir. Azərbaycanı, digər dövlətləri insan haqlarını pozmaqda ittiham edən ölkələrin əksəriyyətində addımbaşı insan hüquqları pozulur. Aksiya iştirakçıları qəddar zorakılığa məruz qalırlar. NATO-nun üzvü olan qardaş Türkiyəyə embarqo qoyurlar ki, Rusiyadan niyə S-400 silahı almısan?! Halbuki bu silahı Yunanıstan da alıb. Bəs bu təzad nədir?! Heç şübhəsiz xristian təssübkeşliyi amili bu məsələdə də öz sözünü deyir. Hesab edirəm ki, şərti adı “Soros” olan bu ideologiya Azərbaycanı da öz təsir dairəsinə almğa çalışır və baş verənlərin, bütün təxribatların mahiyyətində də məhz bu amil dayanır.

– Seçicilərlə görüşləriniz olurmu? Əsasən hansı məsələləri qabardırlar?

– Deputat seçildiyim ilk günlərdən seçicilərlə vaxtaşırı təmaslarım olur. Telefon nömrəm günün bütün saatlarında açıqdır və seçicilər çox rahat şəkildə mənimlə təmas yarada bilirlər. Digər yandan rəsmi olaraq iki köməkçim var. Bundan başqa 5 nəfər qeyri-rəsmi köməkçim, gənclərdən ibarət könüllü dəstək qrupum fəaliyyət göstərir. Seçicilərlə bütün görüşlərimiz qeydə alınır. Müvafiq dairələrlə birgə daxil olan müraicətlərdə əksini tapan problemıləri həll etməyə çalışırıq. Əsasən sosial və pensiya təminatı, məşğulluq, səhiyyə, təhsillə bağlı müraciətlər daxil olur. Ayda iki dəfə seçiciləri qəbul edirik. Təbii ki, sosial izolyasiya qaydalarını gözləmək şərti ilə. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu istiqamətdə kifayət qədər məhsuldar fəaliyyət ortaya qoymuşuq.

– Deputat seçildikdən sonra Masallıda Təhsil və Müharibə iştirakçılarına yardım Fondu yaradıldı. Bu fondların fəaliyyəti hazırda nə yerdədir?

– Döyüş iştirakçılarına yardım Fonduna Masallıdan olan xeyli sayda sahibkar dəstək oldu. Çox sevindirici haldır ki, bu məsələdə ən yüksək səviyyədə birlik nümayiş etdirildi. 920 şəhid və qazi ailəsi, müharibə iştirakçısı tərəfimizdən ziyarət olundu. Onlara müxtəlif yardımlar payladıq. Fürsətdən istifadə edib bizə bu işdə dəstək olan hər bir soydaşımıza öz dərin təşəkkürümü bildirirəm. Bundan sonra da bu istiqamətdə fəaliyyətimiz davam edəcək. Təhsil Fondunun isə əsas missiyası rayondan olan qadınların təhsil almasına şərait yaratmaq, onların maariflənməsinə nail olmaqdır. Ali məktəbə qəbul olunan və 300-dən artıq bal toplayan qızların təhsil haqlarını ödəyirik. Masallıdan olan xanımlarımızı təhsilə təşviq etməklə, həm də rəqabət şəraiti yaratmaq, erkən nikahların qarşısını almaq istəyirik. Ötən il 25 qız tələbəmizin illik təhsil haqlarını ödəmişik. Həmçinin onlara fərdi təqaüd təsis etmişik. Bu ildə eyni qədər tələbəyə dəstək olmuşuq. Bu kifayət qədər mütərəqqi ideyadır və gələcəkdə də bu ənənənin davam etdirəcəyik. Pandemiya bitəndən sonra Masallıdan olan ziyalıların və sahibkarların iştirakı ilə geniş formatda görüş keçirməyi nəzərdə tuturuq. Orada məhz bu məsələləri müzakirə etməyi nəzərdə tuturuq. “Hər kənddə üç tələbəni oxudaq” devizi altında aksiyaya başlamağı nəzərdə tuturuq.

Müsahibəni aldılar: Aytac Sahəd, Əlişir Əhəd, Azər Nifftiyev

 

Oxşar xəbərlər