“Bu səhv mənə çox baha başa gəldi” – Mahir Emreli

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli yığmanın Millətlər Liqasnın 6-cı turunda Lüksemburqla keçirəcəyi oyun haqda danışıb.

SOSİUM.az AFFA-nın saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu matçdan əvvəl təşkil olunan mətbuat konfransında bunları deyib:

“Rəqibin potensialına bələdik. Ağır oyun olacağını bilirik. Qrupun son oyunudur. Azərbaycana qalib kimi dönmək istəyirik. Bunun üçün də əlimizdən gələni edəcəyik.

İlk oyunda qırmızı vərəqə alaraq komandamı azlıqda qoymuşdum. Hər bir futbolçunun başına gələ biləcək hadisədir. Bir səhv etdim və bu, mənə baha başa gəldi. Qisas barədə düşünmürəm. Bakıdakı oyunda məğlub olmamalıydıq. Azlıqda qalmağımıza baxmayaraq qol vurmuşduq. Həmin oyunun psixoloji təsirini üzərimizdən atmasaq, bizə çətin olar. Mən artıq o anı unutmuşam.

Az qol vurmağımıza gəlincə, hər oyunda fərqlənmək imkanımız olub, ancaq istifadə edə bilməmişik. Bunu təcrübəsizlik və ya şanssızlıqla əlaqələndirməzdim. Elə oyun olur düşən fürsətdən maksimum istifadə edirsən, elə oyun olur alınmır”.

Qeyd edək ki, sabah keçiriləcək Lüksemburq – Azərbaycan görüşü Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Oxşar xəbərlər