Misir Mərdanov vəsiyyət etdi: “Əgər mən ölsəm…”

SOSİUM.az AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla azedu.az-ın müsahibəsini təqdim edir:

-Misir müəllim, hər zaman elm və təhsilin inteqrasiyasının vacibliyindən danışmışınız. Bu tandem rəhbəri olduğunuz institutun nümunəsində necə təcəssüm olunur?

-Bu yaxınlarda institutumuzun 60 yaşı tamam oldu. Burada hər zaman elm və təhsil paralel şəkildə inkişaf etdirilib. Elmi-tədqiqat institutu olduğumuz üçün işimizin 75 faizi elmlə əlaqəli olub. Hesab edirəm ki, institutun vəzifəsinin yerdəqalan 25 faizi isə təhsillə bağlıdır.

İnstituta müxtəlif dövrlərdə rəhbərlik edib, burada çalışan insanların çoxu həm də BDU-da–bir addımlığımızdakı universitetdə-işləyib və orada təhsil alıblar. Alimlərimiz BDU, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Texniki Universitetində çalışıblar. Onlardan bəziləri tam , bəziləri isə yarım ştat burada vəzifələrini icra ediblər.

Bir neçə ildir ki, AMEA-da təhsilin magistratura səviyyəsi yaradılıb. Təbii ki, biz də bu prosesdən geri qalmırıq, müəllimlərimiz instituta gələn gənc magistr tələbələrlə ciddi məşğul olurlar.

Bir müddət öncə biz Gənc İstedadlar Məktəbini formalaşdırdıq. Burada institutumuzun seçilən alimləri dərs deyiblər. Bu məktəbə Bakı şəhərinin orta məktəblərinin seçilən şagirdləri gəlirdi. Həftədə bir dəfə onlara elementar riyaziyyatın seçilən dərsləri üzrə mühazirələr oxunurdu. Sonralar biz bunu davam etdirə bilmədik.

Əməkdaşlarımız orta məktəblərə dəvət alır, orada görüşlər keçirirlər.

Düşünürəm ki, bütün bu sadaladığım işləri elm və təhsilin inteqrasiyasına bilavasitə aid etmək olar.

-Misir müəllim, dərsliklərdən danışdınız. Siz həm də orta məktəblərdə riyaziyyat dərsliklərinin müəllifi olmusunuz. Sabiq Təhsil Naziri kimi zamanında dərsliklərin keyfiyyətinin yüksəldilməsi üçün hansı addımları atmışdınız?

-Müəllifi olduğum dərsliklər təxminən, 10 il bundan əvvəl məktəblilər üçün çap edilib. O zaman Təhsil Naziri vəzifəsində çalışırdım. Həmin dövrə qədər ümumtəhsil məktəblərinin bütün sinifləri üçün dərsliklər Moskvada hazırlanırdı və Azərbaycan dilinə tərcümə edilərək ölkəmizdə dərc olunurdu. Ölkə rəhbərliyi xüsusi tapşırıq vermişdi ki, bütün dərsliklər Azərbaycanda hazırlansın və bütün çap prosesi ölkəmizə aid olsun. Biz bu prosesi həyata keçirməyə başladıq. Əsas çətinliyimiz Azərbaycan dili, tarix və coğrafiya fənnindən oldu. Çünki bu dərsliklər həmin zamana kimi Azərbaycan dilində çap edilməmişdi. Bir müddət sonra riyaziyyat dərsliklərinin də çapına da başladıq. Qısa müddətdə bu məsələni də həll etdik; V-XI sinfə kimi olan bütün dərslikləri çap etdirib, məktəblilərə verdik. Hesab edirəm ki, bu, o zaman üçün çox uğurlu addım idi. Biz həmin o addımları davam etdirib, orta məktəblər üçün dərsliklərin hazırlanmasında dünya təcrübəsindən yararlandıq. Təhsil Nazirliyində Dərslikləri Qiymətləndirmə Şurasını yaratdıq. Çalışdıq ki, dərsliklərin keyfiyyəti yüksək səviyyədə olsun və bu gün həmin proses nazirlik tərəfindən daha uğurlu şəkildə davam etdirilir.

Mən indi orta məktəb üçün dərslik yazmaq fikrindən uzağam. Çünki hazırda tamam başqa sferada işləyirəm.

-Elə isə gəlin, hazırki işlərinizdən danışaq…

-Artıq 6 il yarımdır ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edirəm. Burada işləmək mənə çətin olmadı. Çünki kollektivin üzvlərini uzun zamandır ki, tanıyırdım. Bəzilərinə hətta dərs də demişdim.

Riyaziyyat və Mexanika İnstitutu akademiyanın sayca ən kiçik elmi müəssisəsidir. Ancaq keyfiyyət göstəricilərimiz çox yüksəkdir. Elmi fəaliyyətlə məşğul olan alimlərimizin sayı çoxdur. Əməkdaşlarımızın 50 faizindən çoxunun elmi adı və dərəcəsi var. 60-dan çox elmlər doktoru və professorumuz var. Bu, kiçik göstərici deyil.

Əsas işlərimizdən biri də bu institutun elmi jurnallarının keyfiyyətinin yüksəltməkdir”.

Haşiyə – 1 – Bu əsnada Misir müəllim Mexanika və Riyaziyyat İnstitutunun jurnallarını bizə göstərir və onların fəaliyyət istiqamətlərindən bəhs edir:

-Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu instituta gəldikdən sonra Azərbaycan Riyaziyyat Cəmiyyətinin jurnalını ingilis dilində çap etdirdik. Onun hər il iki nömrəsi çapdan çıxır. Bu jurnal Clarivate Analytics , Web of Sience bazasına daxildir. Baş redaktoru akademiyanın müxbir üzvü, institutumuzun şöbə müdiri Bilal Bilalovdur.

Digər bir jurnal isə Riyaziyyat və Mexanika İnstitutunun Elmi Əsərləri jurnalıdır, baş redaktoru özüməm; ingilis dilinə də tərcümə olunur. 2016-cı ildən Web of Sience-ın ilkin bazasına düşüb. Bu jurnala kimi heç bir akademiyaya bağlı jurnal Web of Science-ın bazasına düşməmişdi.

Digər bir jurnal isə Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri jurnalının Riyaziyyat seriyasıdır. İngilis dilinə də çap olunur. Bu jurnalı təzə çap etməyə başlamışıq.

Bizim işin istiqamətlərindən biri də bu elmi jurnalların dünya miqyasında tanıdılmasıdır. Günümüzdə dünyada 100 minlərlə jurnal və məqalələr çap olunur. Lakin dünyanın tanınan alimlərinin nə vaxtları, nə də maraqları yoxdur ki, bu jurnalların hamısını vərəqləsin. Yalnız Web of Sience və Scopus-un bazasına aid olan jurnallar daha çox oxunur.

Bu gün Azərbaycanda çoxlu jurnallar çap olunur. Əgər sizin yazdığınız əsər və məqalə xarici ölkədə oxunmursa, onu yazmaq da əbəs yerə olacaq. Bu gün bizim əsas məqsədlərimizdən biri də elmi məqalə və jurnallarımızı dünyada tanıtmaqdır. Müasir tələblərə cavab verən məqalə üçün hansı şərtlərin lazım olduğu isə mənim məqalələrimdə öz əksini tapıb. Bu bizim işimizin əsas tərəfidir:

Haşiyə – 2 – Bu əsnada Misir müəllim müəllifi olduğu kitabları bizə göstərir və onlar haqqında fikirlərini bölüşür.

Misir müəllim kitabları göstərərkən qeyd edir ki, onun elmi məhsuldar o dövrü məhz bu instituta direktor təyin edildikdən sonra başlayıb. Kitabları xüsusi şövqlə təqdim edir. İnstitut direktoru olandan bu günədək – yəni 6 il yarım müddətində bir xeyli kitab yazıb. Misir müəllimi dinlədikcə anlayırsan ki, o, həqiqətən də kitab, məqalə yazmaq, bir sözlə elmlə məşğul olmaq üçün çox darıxıbmış…

-Bura gəldikdən sonra xeyli kitab yazmışam. Onlardan biri belə adlanır: “Müəllimim Qoşqar Əhmədov”. Bu insan mənim müəllimim olub. O, Azərbaycanın çox tanınan simalarından biri idi. Müəllimimin həyat və elmi fəaliyyətini kitabda tam şəkildə canlandırmışam.

Bu kitabım isə (əliylə xeyli sayda kitabların arasından ən “cansız”ını göstərir) “Məktəblilər üçün izahlı Riyaziyyat lüğəti”dir.

Hə onu da qeyd edim ki, yazdığım kitabların hamısını ölkənin müxtəlif kitabxanalarına bağışlamışam.

Azərbaycanın böyük alimi, AMEA-nın prezidenti, Riyaziyyat və Mexanika İnstitutunu yaradan və ömrünün sonuna qədər bu institutun direktoru vəzifəsini icra edən Zahid Xəlilov haqqındadır. O, Azərbaycanda riyaziyyat üzrə ilk elmlər doktoru olan şəxsdir. Həmçinin, funksional analiz üzrə keçmiş SSRİ də ilk kitab yazan alim də odur. Bu kitabda onun 1949-cu ildə yazdığı kitabdır. Biz onu ötən il Moskvada rus dilində yenidən nəşr etdirdik və dünyaya yaydıq. Bu kitab dünya riyaziyyat elmində bir yenilik kimi qarşılandı”.

Digər bir kitabım isə bu yaxınlarda çapdan çıxan “Azərbaycan riyaziyyatçılarıdır”. Burada Nəsrəddin Tusidən başlayaraq bütün riyaziyyatçılar – həmçinin, SSRİ dövrünün alimləri, Akademiyanın üzvləri və elmlər doktorları – haqqında məlumatlar yer alıb.

Təhsil Naziri vəzifəsində çalışanda biz Müstəqil Azərbaycan Müəllimlərinin I Qurultayını keçirdik. Bu hadisə 1998-ci ilin sentyabr ayının 25-nə təsadüf etmişdi. Həmin tədbirdə Ulu Öndərin özü şəxsən iştirak edirdi. Mən həmin tədbirə hazırlaşanda maraqlı faktla rastlaşdım. Belə ki, bolşeviklər Azərbaycanı istila etdikdən sonra onun ilk təhsil və dini etiqad naziri olan Dadaş Bünyadzadə çıxışlarının birində qeyd etmişdi ki, Çar Rusiyası Azərbaycana heç bir xeyir verməyib. Çünki çarın dövründə çox az azərbaycanlı müsəlman ali məktəbdə təhsil alıb. O, qeyd etmişdi demişdi ki, Çar Rusiyası dövründə cəmi 62 nəfər azərbaycanlı ali təhsil ala bilib. Bu, mənə toxundu. Düşündüm ki, belə bir fakt doğru ola bilməz. O vaxtdan həqiqəti üzə çıxarmaq məqsədilə bu yola çıxdıq: Bu sahədə tanınan professor Ədalət Tahirzadə ilə görüşdüm. Ədalət müəllimi 1920-ci ilə qədər ali məktəbləri olan bölgələrə göndərdim. O, Kiyevə, Moskvaya, Sankt-Peterburqa , Kazana və digər yerlərə yola düşdü. Ədalət müəllimin güclü səyləri nəticəsində biz 62 rəqəmini 900-ə çatdırdıq. 900 nəfərin adı və soyadı bilindi. Amma 725 nəfərin şəxsi işi tapıldı. Biz 3-cü ildir ki, artıq o sənədlərin əsasında bu 3 kitabı nəşr etmişik.Birinci cildi biz keçən il çap etdik. Onun adını belə qoyduq: “1920-ci ilədək Ali Məktəblərdə Oxumuş Azərbaycanlılar”.

Çünki onların bəziləri tam şəkildə ali məktəbi bitirə bilməmişdi. Kitabın iki cildini isə biz bu il ortaya qoymuşuq. Bu Azərbaycan tarixində böyük əhəmiyyəti olan məsələdir. Biz hazırda 4-cü cild üzərində işləyirik. Bu kitab 7 cilddən ibarət olacaq. İnşallah biz 2021-ci ildə onu başa çatdıracağıq. Kitablar çıxdıqca bəzi adamlar öz qohumları, tanışları haqqında olan məlumatları bizə məktublar vasitəsi ilə göndərdilər. Biz kitabın birinci cildinin ön sözündə yazmışıq ki, kim bizə bu barədə məlumat verərsə, bunu gələcək cildlərimizə salacağıq. Ona görə də 8-ci cildi çap etdirmək niyyətindəyik. Burada hər bir adamın şəkilləri rəssam tərəfindən eyniylə çəkilib. Kitabın daxilində həmin şəxslərin nəslinin nümayəndələri yer alıb”.

Misir Mərdanov elmi fəaliyyətlə hazırda deyil, Təhsil Naziri vəzifəsində çalışdığı vaxtlarda da məşğul olub.

Bu məqamda Misir müəllim həmin kitabları rəfdən çıxararaq bizə göstərir. Arxasınca isə xatirələr…

-Nazirlikdə olanda 4 cildlik “Azərbaycan Təhsil Tarixi” kitabını yazdım.

“Azərbaycan Təhsil Nazirləri” kitabı Xalq Cümhuriyyəti dövründən müasir Azərbaycana qədər olan bütün nazirlər haqqında informasiyaları əks etdirir. Mümkün olan bütün materialları toplayıb burada əks etdirmişəm. Hacı Zeynalabdin Tağıyevin yaratdığı məktəb və onun nizamnaməsi də burada öz əksini tapıb.

“Azərbaycan Təhsil Tarixi” əsəri isə həqiqətən təhsilimiz üçün vacib kitablardandır. Mən xatirə də yazıram. O da gələcəkdə çap olunar. Həmin xatirədə bu kitablar barəsində bunları yazmışdım: vəsiyyət edərdim ki, baş daşımın üzərinə bu kitablarımın şəkilləri vurulsun”.

-Misir müəllim, kifayət qədər məhsuldar işləyirsiz…

-….Mənim nə evdə, nə də burada bir dəqiqə boş vaxtım yoxdur.Ona görə də çox zaman insanlarla görüşə bilmirəm. Çünki bu istər-istəməz vaxt alır. Səhər saat 10-dan 5-ə kimi burada işləyirəm. Qalan vaxtda isə evdə çalışıram. Gündəlik qrafikim ancaq iş üzərində qurulub.

-Bu qədər elmi əsərlərin müəllifisiz. Maraqlıdır heç yorulduğunuz vaxtlar olurmu?

-İnanın ki, bu kitabları yazdıqca enerjim daha da artır. Onu da deyim: digər fəaliyyətim Azərbaycandan kənarda yaşayan alimlərlə bağlıdır. Mənim onlarla çox yaxın münasibətim var Bizim işlərimizdə həmin alimlər mənə yaxından köməklik edirlər.

Onlardan biri mənə çox böyük dəstək verib – Yalçın Əfəndiyev. Cavan alimdir, amma Amerikada institut direktorudur. Orta məktəbi bitirdikdən sonra dünya olimpiadasında iştirak edib və yüksək yerə layiq görülüb. Moskva Dövlət Universitetini bitirib. İndi Amerika Birləşmiş Ştatlarında böyük bir institutun direktorudur. Mən bura gəldikdən sonra adını eşitdim və əlaqə yaratdım. İki dəfə onu institutumuza dəvət etdim. Y. Əfəndiyev həmçinin, Amerikada çox yüksək səviyyəli jurnalların baş redaktorudur. Sonra dünyada tanınan alimlərimiz sırasında Mübariz Qarayevin də adı var. O, riyaziyyatın çox böyük sahəsi olan ədədlər nəzəriyyəsi üzrə dünyada tanınan alimlərdəndir. Rusiyanın böyük alimləri hər hansısa bir nəticə aldıqda onunla məsləhətləşir.

İnstitutumuzun 60 illik yubileyinə çox nüfuzlu alimlər gəlmişdi. Mən onlarla bayramlarda da yazışıram. Bizim problemlərimizin biri də ondan ibarətdir ki, biz xarici ölkədə yalnız bazarlarda işləyən adamlarla ünsiyyət saxlamışıq. O adamların isə yuxarıya çıxmaq imkanları olmayıb. Ancaq alimin səsi istər-istəməz yuxarıdan gəlir. Məndə 400-500 yaxın xarici ölkədə yaşayan azərbaycanlı alimlərin əlaqə nömrələri var. Onlarla biz əlaqə saxlamalıyıq. Mərdi qova-qova namərd etməməliyik. Əksinə biz onları özümüzə cəlb etməliyik. Qoy onlar olduqları yerdə Azərbaycanın xeyrinə danışsın, təbliğati iş aparsın. Biri var, bazarda satıcılıq edən Azərbaycanı təbliğ etsin, biri də var ki, alim Azərbaycanı təbliğ etsin”.

-Misir müəllim, bu məsələdə mətbuatın rolunu necə qiymətləndirirsiz və jurnalistlərimizə nələri tövsiyə edirsiz?

-Mətbuatın rolu da bu məsələnin işıqlandırılmasında olduqca çoxdur. Mən sizə açığını deyirəm ki, 30 illik fəaliyyətim dövründə mediadan bir dəstək görmədim. Bunu açıq deyirəm. Belə olmasaydı, biz daha çox şey əldə edə bilərdik. Bununla biz inkişaf edə bilmərik.

Mən bu yaxınlarda jurnalistlər sual verdim ki, 30 adam oturmusunuz, biriniz hər hansısa müəllimi haqqında müsbət bir oçerk yazmısınızmı? Heç kim cavab vermədi. Belə şey düzgün deyil. Bəyəm, 150 min müəllimin hamısı pisdir?! Bizim millətin bugünkü günə gəlməyində müəllimin rolunu qiymətləndirməmək mümkün deyil .

-Biz Azərbaycan elmini və alimlərini təbliğ etməyə hazırıq. Bu gün bizə nə kimi tövsiyələriniz var?

-Mən onu deyərdim ki. cəmiyyətin gözü tərəzidir. Cəmiyyətin daxilində nüfuzu, hörməti olan adamlarla söhbət etmək lazımdır. Onların portretini yaratmaq çox vacibdir. Onları cəmiyyətə televiziya, qəzet və saytlarımız təqdim etməlidir ki, yetişməkdə olan nəsil də onları görsün. Layiq olmayan insanları təbliğ etmək olmaz. Cəmiyyətdə hörməti olan, nüfuzu olan adamları ortalığa çıxarmaq lazımdır.

Mən son dövrlər Təhsil Nazirliyinin çap etdiyi “Azərbaycan Müəllimi” jurnalını təqdir edirəm. Jurnal çox yüksək səviyyədədir. Mən işlədiyim zaman açığını deyim ki, biz onu bu səviyyədə buraxa bilmirdik. Bu illər ərzində həmin jurnal çox yüksək səviyyəyə qalxıb. Arzu edərdim ki, bu tipli jurnalların sayı çox olsun.

-Bu qədər gərgin iş rejiminin arasında mütaliəyə vaxt ayıra bilirsinizmi ?

-Əsasən internet resurslarından yararlanıram. Bir də lazım bildiyim qəzetləri oxuyuram. Bəzilərinə abunə olmuşam, digərlərini isə alıram. Mənim əsas işim riyaziyyatdır.

– Az öncə sadaladınız, xeyli kitabın müəllifisiniz. Məsələn, ağlınıza belə bir fikir gəlibmi ki, Misir Mərdanov rektor və nazir olmayıb, diqqətini yalnız elmə versəydi, o, hazırda dünya miqyasında bir alim olardı?

-Petrovski Rusiyanın çox böyük bir alimi olub. O, 22 il Moskva Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb. Stalinin rəhbərliyi dövründə Petrovski heç zaman partiyanın üzvü olmayıb. Lakin Stalin Petrovskini çağırıb və deyib ki, səni rektor təyin edirəm və o, 22 il rektor vəzifəsini icra edib.

Sonralar sizin mənə verdiyiniz sualı ona da ünvanlayıblar. Ona da deyiblər ki, siz çox görkəmli alim idiniz, bəlkə elmə daha çox töhfələr verərdiz. O, da çox ağıllı bir adam olub və deyib ki, artıq geriyə qayıtmaq qeyri-mümkündü, ancaq mən hesab edirəm ki, Moskva Dövlət Universitetinə rektorluğum dövrü mənim həyatımın millətimə xidmət etmək baxımından ən verimli bir dövrü olub.

-Bəs siz necə hesab edirsiniz?

-İndi məndə hesab edirəm ki, müstəqilliyini təzə əldə edən, yeni əlifbaya keçən, hələ siyasi və iqtisadi cəhətdən stabil olmayan bir ölkənin bütün təhsilinə rəhbərlik etməyim mənim üçün qürurvericidir.

Son olaraq…

Artıq söhbətin sonuna çatırıq: Amma hələ də fikrimizdə Misir Müəllimin yuxarıda “Azərbaycan təhsil tarixi” əsəri barəsində dediyi sözlər qalıb, istər-istəməz o söhbətə yenə qayıtmalı oluruq:

-O mənim 10 il öncəki düşüncələrim idi. Düşünürəm ki. o dörd cildliyin üzərinə azərbaycanlı ali təhsillilərdən bəhs edən 7 cildliyi də qoysam, daha yaxşı olacaq. Gələcək nəsil görər ki, belə bir insan olub və o həyatını bu kitabların yaranmasına həsr edib. Bu bir nümunə kimi örnək olar.

P.S. Misir müəllimin bu sözlərinə heç cür etiraz edə bilmirik: çünki kitab həqiqətən də böyük qüvvədir. Elə böyük qüvvədir ki…

Oxşar xəbərlər