Mixail Aleksandrov: “Rusiya və ATƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində artıq koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Buna baxmayaraq, ötən gün separatçı rejim aprelin 14-də “seçkilərin ikinci turu”nun keçirilməsini təsdiqlədi.

Eyni zamanda, separatçı lider postu uğrunda ikinci turda iştirak edən iki “namizəd”dən biri – Masis Mailyan artıq əhalini səs verməməyə çağırıb. Epidemiya zamanı izdihamlı toplaşmaların və yürüşlərin koronavirusun kütləvi yayılmasına səbəb ola biləcəyini bildirən “Sasna Tsrer” erməni partiyası da oxşar bəyanatla çıxış edib.

“Seçkilər”lə bağlı vəziyyəti Media.Az üçün rusiyalı analitik, siyasi elmlər doktoru Mixail Aleksandrov şərh edib.

– Ermənistanda Konstitusiya Məhkəməsi hakimlərinin tərkibi ilə bağlı referendum keçirilməsindən imtina edildiyi, həmçinin işğal olunmuş Qarabağda artıq COVID-19-a ilk yoluxma faktının qeydə alındığı pandemiya şəraitində Nikol Paşinyanın işğal altındakı ərazilərdə “seçkilərin ikinci turu”nda israr etməsinin səbəbi nədir?

– “Seçkilər” Dağlıq Qarabağda koronavirus halları olmadığı üçün keçirildi. Proses belə izah edilirdi və heç bir təhlükə daşımırdı. Əlbəttə ki, Nikol Paşinyan “namizəd”inin “hakimiyyət”ə gəlməsini təmin etmək istəyir. Bu, başa düşülən istəkdir. Bako Saakyan (separatçıların indiki lideri – red.) keçmiş Ermənistan lideri Serj Sarqsyanın adamıdır. Nikol Paşinyan qondarma respublikada ona daha sadiq birinin olmasını istərdi. Ancaq belə sistem həmişə işləmir. Hazırda yalnız iki “namizəd” qalıb…

– Yeri gəlmişkən, erməni analitiklərinin də dediyi kimi, həm Araik Arutyunyan, həm də Masis Mailyan Nikol Paşinyan üçün əlverişlidir.

– Bəli, təmin edirlər. Halbuki, hər ikisi Bako Saakyanın komandasında idi. Onların arasında çox böyük fərq yoxdur. Buna baxmayaraq, Araik Arutyunyanın qalib gələcəyini düşünürəm. Onun “inzibati ehtiyat”ı var. Qeyd edək ki, Qarabağda Yerevanın mövqeyi ilə hesablaşmağa məcburdurlar. Ermənistanın onlara göstərdiyi iqtisadi yardımı xatırlatmaq kifayətdir (məlumatlara görə, ildə 100 milyon dollardan (170 milyon AZN) çox – red.). Nikol Paşinyana qarşı açıq şəkildə çıxan “namizəd” vardı – Vitali Balasanyan. Lakin o, “ikinci tur”a vəsiqə qazana bilmədi.

– ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında, fikrimcə, düzgün tərif verildi: onlar Dağlıq Qarabağda “ümumi seçkilərin keçirilməsi”ni nəzərə aldılar. Daha sonra Dağlıq Qarabağ “əhalisi”nin rolunu vurğuladılar. Xalq yox, məhz əhali. Dağlıq Qarabağın əhalisi isə azərbaycanlılar, ruslar və ermənilərdir.

– Həm Rusiya, həm də ATƏT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna görə də, “əhali” terminindən istifadə olunur. “Xalq” deyirlərsə, deməli, Dağlıq Qarabağa müstəqil dövlət statusu verirlər. Burada yeni bir şey yoxdur. Azərbaycanın ərazi bütövlüyü, təkrar edirəm, tanınır.

– Koronavirus pandemiyasının tüğyan etdiyi dövrdə Ermənistanda “miatsum” (Qarabağın Ermənistanla birləşməsi) çağırışları var, digər qüvvələr isə Qarabağın “müstəqilliy”inin tanınmasında israr edirlər…

– Düzü, erməni cəmiyyətində həmişə fikir ayrılıqları olub. Bu problematika ilə məşğul olmuşam. Lakin Qarabağın Ermənistan tərəfindən ilhaq olunmasını müdafiə edənlər, əslində “ayı xidməti” (erməni tərəfinə – red.) göstərirlər. İlhaq vəziyyətində “bir millətin öz müqəddəratını təyinetmə hüququ” haqqında danışmağın yeri yoxdur. Bu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasının tanınması olacaq.

Oxşar xəbərlər