“Kreml fərqli yanaşma ortaya qoyur”

Rusiya və Türkiyə Suriya münaqişəsində olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də ortaq hərəkət etməlidir.

SOSİUM.az xəbər verir ki, bu sözləri axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bundan sonra münaqişənin nizamlanmasında daha fərqli formatlara üstünlük verəcək:

“Rusiya faktiki olaraq Türkiyənin münaqişədəki yerini və rolunu anlayır. Bu mənada bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti elə də məqbul sayılmayacaq. Amma istisna etmirəm ki, indi Rusiya hansısa seçim qarşısındadır. Çünki bəllidir ki, Rusiya və Türkiyə digər regionlarda olduğu kimi, özünəməxsus bir format təşkil edə bilərlər.

Hazırda Ermənistan tərəfi və digər qüvvələr istəyirlər ki, tez bir zamanda atəşkəs rejimi bərpa olunsun. Atəşkəs isə yalnız Türkiyə və Rusiyanın danışıqlarda iştirakı ilə mümkün ola bilər. Təbii ki, ermənilər buna qarşı çıxacaq. Amma Rusiya üçün Türkiyə daha yaxşı partnyordur, nəinki hansısa Qərb ölkəsi. Bu baxımdan onların ayrıca format seçməsi iki tərəfin marağındadır”.

Oxşar xəbərlər