“Müharibə dövründə çox açıq dəstək verdiniz”

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən ona, həmçinin TÜRKSOY-un rəhbərinə Azərbaycanı dəstəklədiklərinə görə təşəkkürünü bildirib.

SOSİUM.az xəbər verir ki, dövlətimizin başçısı Türk Şurasının Baş katibinin müharibə dövründə və müharibədən sonrakı bəyanatlarını xatırladaraq deyib: “Müharibənin lap əvvəlində siz Azərbaycanı dəstəkləyən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini, onun sərhədlərinin toxunulmazlığını dəstəkləyən bəyanat vermisiniz. Həmçinin bəyan etmisiniz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalıdır. Bu, müharibənin praktiki olaraq ikinci günü idi. Oktyabrın 20-də siz Gəncə şəhərinin ballistik raketlərlə bombalanmasını pisləyən bəyanatla çıxış etdiniz, Azərbaycan xalqına başsağlığı verdiniz. Daha sonra, oktyabrın sonunda siz münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində nizamlanmasının zəruri olması barədə bəyanatla çıxış etdiniz, Ermənistan tərəfindən Cenevrə konvensiyalarının pozulması barədə danışdınız. Siz mənə noyabrın əvvəlində məktubla müraciət etdiniz, ayın 2-də isə sizinlə Bakıda görüşdük və siz Azərbaycanı dəstəklədiyinizi bir daha bildirdiniz. 44 gün ərzində dörd dəfə Türk Şurasının Baş katibi adından rəsmi bəyanat verildi”.

Prezident qeyd edib ki, biz bunu, həmçinin hazırda sizin Azərbaycanda olmağınızı, işğaldan azad edilmiş ərazilərə səfər etməyinizi, eşitdiklərinizi və yəqin ki, qismən televizorda gördüklərinizi öz gözlərinizlə görməyinizi çox yüksək qiymətləndiririk. “Buna görə də sizə bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Türk Şurası müharibə dövründə bizi hamıdan çox dəstəkləyən təşkilatdır. Biz başqa təşkilatlara – İslam Əməkdaşlıq Təşkilatına da, Qoşulmama Hərəkatına da təşəkkür edirik. Bu müddətdə bizi dəstəkləyən ölkələrə təşəkkür edirik”, – deyə dövlətimizin başçısı bildirib.

Oxşar xəbərlər