Başqanlığına namizədlər seçki təbliğatına başladı

Müsavat Partiyası 12 oktyabrda qurultay keçirməyə hazırlaşır. Qurultayda partiyanın başqanı vəzifəsinə, eləcə də Mərkəzi Nəzarət Təftiş Komissiyası və sərbəst Məclis üzvlüyünə seçkilər keçiriləcək. Partiyanın başqanlığına indiyədək 3 namizəd irəli sürülüb. Bunlar Müsavat Divanının üzvləri Tofiq Yaqublu, Yadigar Sadıqlı və hazırkı başqan Arif Hacılıdır.

SOSİUM.az xəbər verir ki, qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən məktuba hələ ki, cavab verilməyib. Cavabın bu günlərdə veriləcəyi gözlənilir. Hazırda isə partiyada əsas diqqət başqanlığa namizədlərin keçirdikləri görüşlərə və oktyabrın 9-da saat 15-də namizədlər arasında keçiriləcək debatadır. Debat Müsavat Partiyasının qərargahında olacaq.

Ölkədə ilk dəfədir ki, bir partiyanın daxili seçkilərində bütün Tv və jurnalistlərin iştirakı ilə debat keçiriləcək.

Müsavat rəhbərliyi bu hadisənin Azərbaycanın demokratiya tarixində bir ilk olacağını bildirib.

Müsavat mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, başqanlığa namizədlər arasında debat KİV orqanları üçün açıq keçiriləcək, istənilən media orqanı müzakirəni canlı olaraq yayımlaya biləcək. Hər 3 namizədin razılığı ilə tərəfsiz jurnalistlərdən biri müzakirələrə moderatorluq edəcək.

Müsavat Partiyasının yaydığı məlumatlarda deyilir ki, oktyabrın 5-də hazırkı başqan və növbəti dönəm başqanlığa namizəd Arif Hacılının Cəlilabad nümayəndələri ilə keçirdiyi görüşə maneə yaradılıb. Polislərin iclasın qanunsuz olduğunu deyərək toplantını pozduğu bildirilir. Məlumatda həmçinin bildirilib ki, Müsavat başqanı və onu müşayiət edən müsavatçılara rayonda yumurta atılıb. Yayılan xəbərdə eyni halın Xaçmaz, Qəbələ və Salyan müsavatçıları ilə görüşlərdə baş verdiyi deyilir. Həmçinin qeyd edilib ki, digər başqanlığa namizədlər – Yadigar Sadıqlı və Tofiq Yaqublu nun görüşləri zamanı da bu cür xoşagəlməz hadisələr müşahidə olunub.

Oxşar xəbərlər