Nazir ümumi dəstəyin həcmini açıqladı

2020-ci il həm dünya, həm də Azərbaycan üçün mürəkkəb çağırışlarla dolu bir il oldu. Bütün ölkələrdə iqtisadi artımın zəifləməsi və mənfi zonaya keçməsi gücləndi. Bu proses Azərbaycana da təsirsiz ötüşmədi.

SOSİUM.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2020-ci ilin nəticələrinə görə ÜDM 4,3 faiz azalıb və dünya enerji bazarlarında yaranmış vəziyyət, enerji resursları üzrə ixrac payı yüksək olan ölkələrin iqtisadiyyatı müəyyən təzyiqlərə məruz qalıb:

“Azərbaycan OPEK+ razılaşması çərçivəsində neft hasilatını azaltmaq öhdəliyi götürüb və bu öhdəliyin yerinə yetirilməsi bəlli iqtisadi itkilər hesabına başa gəlib. Hökumət bu iqtisadi itkiləri nəzərə alıb. Əsas vəzifəsini biznesi və iqtisadi subyektləri itkilərdən qorumaq siyasəti və alətlərini tətbiq etməklə iqtisadiyyatda ciddi tənəzzülə yol verməmək kimi təyin edib. Bu məqsədlə 2020-ci il ərzində dövlət başçısının müvafiq sərəncamına əsasən milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə geniş miqyaslı dövlət dəstəyi göstərildi”.

Nazir qeyd edib ki, ötən il ərzində sahibkarlara 358 milyon manatdan çox birbaşa maliyyə dəstəyi göstərilib, 115 milyon manat həcmində vergi güzəştləri paketi təqdim edilib. Həmçinin 115 milyon manata yaxın dövlət zəmanətli kredit ayrılıb, toplam kredit portfeli 250 milyon manat dan çox olan mövcud kreditlər üzrə 33 milyon manat faiz subsidiyası verilib:

“Bir sıra digər dəstək tədbirləri göstərildi. Bu tədbirlərin nəticəsində pandemiyanın ilkin təsirləri qismən neytrallaşsa da iqtisadi fəallığın uzun müddətli məcburi daraldılması biznes üçün ciddi itkilər yaradıb. Pandemiyanın təsirlərinin aradan qaldırılması, iqtisadi fəallığın bərpa edilməsi, kiçik və orta biznesin yenidən orta-aktiv fəaliyyətə qaytarılması qarşımızda duran əsas vəzifələrdən biridir”.

Oxşar xəbərlər