“Öz yolumuza yenidən davam edəcəyik”

Düşmənin təxribatları səbəbindən Azərbaycan-Ermənistan arasında Qarabağ cəbhəsində başlayan müharibədə humanitar atəşkəs əldə olunub. Bu razılaşma Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, əksəriyyət bunu birinci mərhələ hesab edir, dövlətimizin işğal altındakı ərazilərini azad etmək qətiyyətindən bir addım da geri çəkilmədiyinə inanır. Hərbi əsirlərin, eləcə də, cəsədlərin dəyişdirilməsi üçün bu cür razılaşmaların müharibələrə xas xüsusiyyət olduğu vurğulanır.

AĞ Partiya başqanı Tural Abbaslı Musavat.com-a açıqlamasında bildirib ki, o, bu atəşkəsin uzunömürlü olacağına inanmır: “Əslində, bu müharibə başlayan gündən Rusiyanın məsələdə mövqeyinin olacağını hər kəs gözləyirdi. Hətta ermənilər Rusiyanı onları satmaqda və onlarla olan öhdəliklərə əməl etməməkdə ittiham edirdi. Dolayısıyla Rusiyanı beynəlxalq aləmdə müttəfiqlərini yarı yolda qoyan, müqavilələrə sadiq olmayan tərəfdaş kimi də təqdim edirdilər. Təbii ki, bu, şimal qonşumuza sərf etmirdi. Çünki belə bir imiclə Rusiya digər dövlətlərlə müttəfiqliyə girə bilməzdi və sadiq tərəfdaş imici məhv olardı. Eyni zamanda, Rusiya dünyaya Cənubi Qafqaz regionunun hələ də onun təsir dairəsində olduğunu sübut etməli idi. Hələ nəzərə alsaq ki, Makronun müharibə başlayandan telefon zəngləri və verdiyi bəyanatlarla aktivliyi xeyli artmışdı, o zaman belə rəy yarana bilərdi ki, region daha çox Avropanın təsirindəndir, nəinki Rusiyanın. Hələ mən regionda yeni güc və oyunçu kimi Türkiyənin təsirini və aktivliyini qeyd etmirəm. Bütün sadaladıqlarıma nəzər yetirdikdə görərik ki, bu müvəqqəti humanitar atəşkəs hava, su kimi ən çox Rusiyaya lazım idi. Bir sözlə düşünürəm ki, rəsmi Bakı prosesdə Moskvanın simasını nisbətən də olsa xilas etmək üçün

Putinə jest etdi. Həmçinin Azərbaycan humanitar atəşkəslə dünyaya və onu qaniçən tərəf kimi göstərməyə çalışan qüvvələrə bir daha göstərir ki, biz hər zaman danışıqlar tərəfdarı olmuşuq. Dolayısı ilə, Azərbaycan qısa müddətlik atəşkəslə dünya güclərinin onun üzərinə etdikləri basqıları azaltmağı da planlayıb. Mənə belə gəlir ki, bu atəşkəs ya 36, ya da ən çoxu 48 saat ola bilər. Bu müddət ərzində ermənilər döyüş bölgəsində qoyub qaçdıqları leşlərini toplaya və əsirlərin dəyişdirilməsini təmin edə bilərlər. Ondan sonra əgər Paşinyan Azərbaycan tərəfinə bütün rayonların boşaldılması barədə qrafiki təqdim etməsə, döyüş əməliyyatları bərpa edilməli və biz öz torpaqlarımızı terrorçulardan təmizləməliyik. İlham Əliyevin xalqa müraciətlərində dediyi şərtlərə əməl olunmadıqca, heç bir uzunmüddətli atəşkəsdən və sülhdən söhbət gedə bilməz”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Musavat.com-a açıqlamasında humanitar atəşkəsin gözlənilən olduğunu söylədi: “Belə qərarlar veriləcək, danışıqlar gedəcək. Bu, Qarabağı alacağımız mübarizəyə təsir edəcək amillər deyil. Biz gözləyirik ki, bu məsələlər hansısa səviyyədə danışılsın, söhbət edilsin. Belə müzakirələr olmalıdır. Torpaqlarımızı azad etməyə bunların dəxli yoxdur. İndi atəşkəsdir. Meyitlər veriləndən sonra əməliyyatlara yenə başlayacağıq, yolumuza davam edəcəyik. Burada qeyri-adi qəbul ediləcək heç nə yoxdur. Narahatçılığa əsas yoxdur. Mövqelərimiz möhkəmlənməli, müəyyən işlər görülməlidir. Azərbaycan Ordusu öz işini bilir. Əlavə narahatçılıq keçirməyə bir əsas da görmürəm. Atəşkəs qərarında qeyri-müəyyən vaxt yoxdur. Dövlət rəhbərliyi səviyyəsində müqavilə imzalanmalı, hansısa bir anlaşma əldə olunmalıdır. Bu da bir həftə, on gün, yaxud da 15 gün çəkə bilər. Biz birdən-birə hansısa bir danışığı yekunlaşdırmırıq. Bütün bunların da ordunun fəaliyyətinə təsiri yoxdur. Meyitlər mübadilə edilir, vəssalam. Ondan sonra yenə də mübarizə davam edəcək”.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də bu razılaşmanı normal sayır: “Humanitar məsələlərə görə, Ermənistana döyüş bölgəsindən öz itkilərini təmizləmək üçün zaman verilib. Qısa müddətdə düşmən ölkə BMT-nin qətnamələrini icra etməsə, yenə də bu funksiya Azərbaycan Silahlı Qüvvələrinin üzərinə düşəcək. Ermənistan köhnə oyunlarını oynamamalıdır. Ordumuz sülhməramlı missiyasını, BMT qətnamələrinin icrasını və Minsk qrupunun üzərinə düşən işləri həyata keçirməlidir. Ya Ermənistan qısa müddətdə ordusunu işğal edilmiş ərazilərdən çıxaracaq, ya da hərbiçilərimiz yollarına davam edəcəklər. Humanitar məsələlərə görə qısa müddətdə atəşkəs əldə olunub. Ondan sonra Ermənistan dərhal silahlı qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmalıdır. Azərbaycanın mövqeyi belə olmalıdır. Ermənistan anlamalıdır ki, bizim “Minsk qrupumuz” onların vaxt udmasına imkan verməyəcək. Artıq Azərbaycanın öz “Minsk qrupu” var. Bunu son döyüşlərdə gördük”.

Oxşar xəbərlər