Özgə əmlakını məhv edənlər cərimə ilə “canlarını qurtaracaqlar”

Əmlakı qəsdən məhv etmə və ya zədələməyə görə, inzibati məsuliyyət müəyyən olunur.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 232.1-ci maddənin əlavə olunması təklif edilir.

Qanun layihəsində bildirilir ki, özgə əmlakını qəsdən məhv etmək və ya zədələmək az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə nəzərdə tutulur.

“Az miqdar” dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

Məcəlləyə nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə də inzibati məsuliyyət tətbiq edilməsi təklif olunur.

Qanun layihəsində bildirilir ki, bununla bağlı Məcəlləyə 351.1-ci maddə əlavə olunsun.

Bu qanun pozuntusuna görə, vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə nəzərdə tutulur.

Lakin ziyan 50 min manatdan artıq olduqda, bu zaman Cinayət Məcəlləsinin müvafiq maddəsinə (186-cı maddə: Əmlakı qəsdən məhv etmə və ya zədələmə) əsasən məsuliyyət yaranır.

Oxşar xəbərlər