Milli Məclisdə ünvanlı sosial yardım müzakirə olundu

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

SOSİUM.az xəbər verir ki, komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə iki məsələ – “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri daxildir. Hər iki sənəd ikinci oxunuşda təqdim olunur.

Komitə sədri qeyd edib ki, birinci oxunuşda hər iki layihə komitə iclasında ətraflı müzakirə edilib, faydalı fikirlər səslənib. Eyni zamanda Milli Məclisin son plenar iclasında hər iki məsələ birinci oxunuşda geniş müzakirə olunub və qəbul edilib.

Bildirilib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna 11 dəyişiklik edilib və 10-cu maddə yenidən işlənib. Dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edən, yoxsul insanların dövlət yardımına əlçatanlığını daha da genişləndirən müddəalardır. Sənəd ölkə Prezidentinin ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmək, əlçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyəsinin əsasında hazırlanıb.

Məlumat verilib ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna nəzərdə tutulan düzəlişə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Mövcud variantda bu müddət 2 ilə bərabərdir.

Qanunun 10-cu maddəsi isə yeni redaksiyada təklif olunur. Burada qeyd edilir ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməlidir. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, bu barədə müvafiq quruma 15 iş günü müddətində məlumat verməlidir. Sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddədə digər vacib məqamlar da öz əksini tapıb. Təklif olunan dəyişikliklər növbəti illərdə ünvanlı dövlət sosial yardımın və özünüməşğulluq proqramlarının genişləndirilməsini, həmçinin aktiv özünüməşğulluğa yönləndirilməsini təmin edəcək.

İclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Jalə Əliyeva, İlham Məmmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Əziz Ələkbərov, Səttar Möhbalıyev, Arzu Nağıyev qanuna edilən dəyişikliklərin əhəmiyyətli olduğunu söyləyiblər.

Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, sənəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanunda müvafiq tələblərin pozulmasında təqsirkar olan şəxslərin İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıması da öz əksini tapıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Sənəddə uyğunlaşdırma məqsədi ilə bir sıra digər düzəlişlər də aparılıb.

Tədbirin sonunda hər iki qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir