“Paşinyan olduqca səriştəsiz adamdır”

“Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsi zamanı dediyi kimi, Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətləri reallaşdırmağa imkan vermirdi. Həqiqətən də, Ulu Öndər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bir qarış da torpağımız işğal olunmazdı”.

SOSİUM.az xəbər verir ki, bunu deputat Fatma Yıldırım deyib.

O bildirib ki, Qarabağ erməniləri Heydər Əliyevin adından belə qorxurdular: “Bu, bir faktdır. Mənim uşaqlığım, yeniyetməlik illərim ata-baba yurdum Qarabağda keçib. Uşaq olsaq da, biz bunu daim hiss edirdik. Əgər Sovetlər dövründə Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olmasaydı, ermənilər çoxdan Azərbaycana qarşı ərazi iddialarına başlayardı. Erməni əhalisi bizim doğma torpaqlarımızda yaşaya-yaşaya, bizə qarşı açıq-aşkar irqçilik nümayiş etdirməkdən çəkinmirdilər. Xatırlayıram ki, ermənilər bizə “tork”, yəni türk deyərək səslənirdilər və nifrət edirdilər. Orda yaşamış azərbaycanlılar, əminəm ki, bunu təsdiqləyərlər. Dəhşətlisi odur ki, erməni uşaqları bizimlə ünsiyyət qurmurdular, bərabər oyun oynamırdılar. O dövrlərdə biz uşaq şüuru ilə buna, əlbəttə ki, bir məna verə bilməzdik. Lakin Qarabağ hadisələri, Xocalı soyqırımı göstərdi ki, bu davranışlar uzun illərdir ermənilər tərəfindən gizli aparılan irqçiliyin təzahürüdür. Hətta keçən əsrin 60-cı illərində Dağlıq Qarabağ Muxtar Vilayətinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışan babam Yusif Əliyev onların apardıqları çirkin siyasətlə mübarizəyə başlamışdı. Belə ki, təkidlə ermənilərin istəmədiyi halda Dağlıq Qarabağ Muxtar Vilayətində erməni məktəblərində Azərbaycan dili fənninin mütləq tədris olunmasına nail olmuşdu. Çünki bura Azərbaycan torpağı idi və burada yaşayan hər kəs ilk növbədə Azərbaycan dilini bilməli idi”.

Fatma Yıldırım bildirib ki, sonralar Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə erməni separatçılarına qarşı mübarizə aparmışdı: “Onun Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunması hər bir azərbaycanlı üçün qürurverici hadisə idi. Çünki o, həmişə öz xalqına arxa-dayaq idi. Lakin Mixail Qorbaçov və onun ətrafındakı Aqambekyan, Şahnazarov, Volski kimi “müşavirləri” Heydər Əliyevə və onun həm Sovetlər İttifaqında, həm də beynəlxalq arenada yüksək nüfuzuna çox qısqanclıqla yanaşırdılar. Ulu Öndərimizi vəzifəsindən uzaqlaşdırmaq üçün hiyləgər planlar hazırlayırdılar. Heydər Əliyev Moskvada yüksək vəzifədə işləyərkən, böyük nüfuz qazanmışdı. Mən hesab edirəm ki, bu xəyanətkar planlar nəticəsində Heydər Əliyevin Moskvadan ayrıldıqdan sonra Qarabağın qara günləri başladı”.

Millət vəkili Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı proseslərə də toxunaraq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti vəziyyəti daha da gərginləşdirməyə xidmət edir: “Paşinyan səriştəsiz adamdır və onun dövlət idarə etmək, normal danışıqlar aparmaq təcrübəsi yoxdur. Görünən odur ki, Paşinyan münaqişənin sülh yolu ilə həllinə maraqlı deyil. O, təxribatçı əməlləri ilə öz xalqını uçuruma aparır. Danışıqlar prosesinin formatını dəyişdirmək cəhdi, işğal olunmuş torpaqlarımıza qanunsuz səfərləri və səsləndirdiyi destruktiv bəyanatlar, Tovuz istiqamətində hərbi təxribat və həyat yoldaşı Anna Akopyanın məlum son “şouları” hərəkətləri onu göstərir ki, Paşinyan qətiyyən sülh danışıqlarının tərəfdarı deyil. Ümumiyyətlə, tarixən ermənilər vətəni olmayan insanlar olublar. Onlar azərbaycanlıların torpaqlarını zəbt etmək hesabına özlərinə “vətən” yaratmağa çalışıblar”.

Fatma Yıldırımın fikrincə, beynəlxalq birlik, xüsusilə ATƏT-in Minsk qrupu Ermənistanın işğalçı və son dövrdə açıq şəkildə nümayiş etdirdiyi təxribatçı əməllərinə hələ də adekvat münasibət bildirmir: “Prezident İlham

Əliyev də yerli televiziyalara müsahibəsi zamanı Minsk qrupunun fəaliyyətindən narazılığını ifadə etdi. Görünən odur ki, Minsk qrupu və həmsədrlər münaqişənin ədalətli həlli istiqamətində əməli addımlar atmır. Azərbaycan xalqının ATƏT-in Minsk qrupuna etibarı və inamı tamamilə itib. Onların fəaliyyəti ancaq münaqişənin uzadılmasına xidmət edir. Ermənilər və onların havadarları hesab edirlər ki, məsələnin həlli uzandıqca, bəlkə də, Azərbaycanda yetişən yeni nəsil Qarabağı unudacaq, lakin onlar çox yanılırlar. Təcavüzkar Ermənistan bilməlidir ki, bura bizim dədə-baba torpaqlarımızdır, Qarabağda köklərimiz çox dərindir. Biz heç vaxt bir qarış torpağımızı da düşmənə pay vermək niyyətində deyilik. Bizə bunu tariximiz, əcdadlarımız və şəhidlərimiz bağışlamaz! İyul ayında baş verən Tovuz hadisələri bir daha göstərdi ki, 30 ilə yaxın vaxt keçsə belə, vətəndaşılarımız əzəli torpaqlarımızı unutmayıb və onun azadlığı uğrunda döyüşmək üçün sadəcə Ali Baş Komandanın əmrini gözləyirlər. Azərbaycan xalqı anlayır ki, Ermənistan yeni təxribatlara hazırlaşır və beləliklə, yeni torpaqlar işğal etməyə cəhd edirlər. Lakin düşmən unutmasın ki, onun qarşısında güclü Azərbaycan ordusu var və bu cəhdlər onların özlərinin sonu olacaq”.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir