“PR menecerin əsas vəzifəsi insanlarla…”

SOSİUM.az tanınmış PR menecer Təranə Xudabaxşiyevanım facemark.az-a müsahibəsini təqdim edir.

– Şirkət rəhbərləri, əsasən PR menecerinin (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis) fəaliyyətinin tam olaraq nə demək olduğunu bilmədən, onu işə götürür. Nəticədə müəyyən anlaşılmazlıqlar meydana çıxır. Təranə xanım, anlayışla yeni tanış olacaqlara PR-ı necə izah edə bilərsiniz?

– Bəziləri düşünür ki, mütəxəssisi işə götürdümsə, şirkətin PR-ında bir problem olmayacaq. Əslində isə elə deyil. PR mütəxəssisi sadəcə PR-ı aparan şəxsdir, amma bir şirkətdə bütün işçilərin hamısı özləri də bilmədən həmin şirkətin PR-ında iştirak edirlər. Maraqlısı budur ki, bir şirkətin əsl PR-ını o şirkətdə çalışıb, daha sonra ayrılan işçilərdir. Həmin şəxsləri şirkət ilə heç nə bağlamadığı üçün rahatlıqla şirkət haqqında həqiqətləri söyləyə bilirlər.

– PR prosesinin həyat keçirilmə mərhələləri nədən ibarətdir? PR prosesi nələri əhatə edir?

Düşünürəm ki, hər bir şirkətdə daxili və xarici PR olmalıdır. Təəssüf ki, Azərbaycanda bir çox şirkətlərdə daxili PR anlayışı yoxdur. Şirkətlərin müdirləri belə PR-ın nə olduğunu çoxu bilmir. Onların özləri ilk növbədə PR-da iştirak edirlər. Belə ki, müdir işçilər ilə davranması düzgün olmalıdır, işçilərə pozitiv enerji hiss etdirməlidir, onlara bu gün sən mənə lazımsan, sabah yox münasibəti göstərməməlidir. Çünki o işçi ilə yollar ayrılandan sonra da bu şirkət və müdir haqqında müsbət fikirdə qalması həmin şirkət üçün önəmli olmalıdır.

PR-çı şirkətin PR-nı tək özü etməli deyil. Sosial şəbəkələrin olmadığı dövrdə PR-çının işi daha asan idi. Uzaqbaşı narazı müştəri həmin şirkətin qarşısında aksiya keçirə bilərdi, məktub və ya zəng ilə şikayətlərini bildirə bilərdilər. Amma bu gün Dövlət Qurumlarının sosial platformaları var, tag-lər var. Asanlıqla bir şirkətin imicinə ziyan vura bilərlər. Təsəvvür edin ki, rəsmi bir şəxs çıxıb insanları aşağılayırsa, ha PR-çı və komandası özünü “öldürsün”, artıq o qatar getdi. Çünki əldə video görüntü var. Heç bir PR-çı çıxıb cəmiyyətə siz bizi anlamadınız deyə bilməz. Bu PR deyil. İndi PR işləri mətbuat xidmətlərinin rəhbəri görür. Onlar insanlara qarşı əks tərəfdə dururlar, amma başa düşmürlər ki, sən ictimaiyyətlə əlaqələr mütəxəssisisən, ictimaiyyətlə işləməlisən. Sənin işin onların yanında olmaq, yanlış anlaşılma olmuşsa belə onu izah etməkdir. Görünür, hələ PR-çılar özləri öz işlərini bilmirlər. İkincisi, rəhbərlər onları nə üçün işə götürdüklərini də anlamırlar.

– Bəs, bunun həll yolu nədir?

Mən PR-çı olmaq istəyirəm deməklə, PR-çı olmaq olmur. Bu dəqiqə mətbuatın çoxu PR-çı olmaq istəyir. Niyə? Çünki düşünürlər ki, 5 manat maaş daha çoxdur və vəzifə deməkdir. Əslində isə o çiyinə düşən yük daha ağırdır. PR həddindən artıq çox stressli bir sahədir. Jurnalistikada da bu var, amma bu dərəcədə deyil. Mən həmişə deyirəm, jurnalist işləyəndə mənə daha rahat idi. Yazımı redaktora göndərməklə işim yekunlaşırdı. Amma PR-çının belə vaxtı olmur. O, bəzən 24 saat işləyir, xatırlayıram səhər saat 4,5 qədər işlədiyim vaxtlar olub. PR-nın ailəsinə ayıracağı zaman olmur, onun bəzən günlərlə evində tapılmadığı vaxtlar belə olur. PR-çının şənbə-bazarı, tətili belə olmur.

-Təranə xanım, PR-çı və mətbuat xidmətini rəhbəri eyni anlayışlardır?

Hətta bəziləri PR dedikdə mətbuat ağıllarına gəlir, bu heç də belə deyil.

Xeyr. PR-çı ayrıdır, mətbuat xidmətinin rəhbəri ayrıdır. Bizim ölkədə bunu səhv salırlar. Mətbuat xidməti mətbuata açıqlama verən insanlardır. Mətbuat xidmətinin rəhbəri kimi televiziyadan gələn, görüntüsü və danışığı yaxşı olan insanları seçmək olar. Amma PR-çı zatən çox görünməməlidir, o gördüyü işləri ilə öndə olmalıdır.

Mən mətbuatdan gəlmişəm PR-ı bilirəm demək deyil. Mən yazı yaza bilirəm, məndən PR menecer çıxacaq deyə bir şey yoxdur. PR-çının mətbuatdan gəlməsi onun üçün önəmlidir. Çünki mətbuat PR-ın böyük bir qoludur. PR-çı mətbuatın mətbəxini biləndə ona mətbuatla işləmək çox rahat olur. Amma PR tək bu deyil.

PR-ın digər kanalları ilə işləmək üçün isə çox oxumaq, konfranslarda iştirak etmək, böhran vəziyyətlərinə dəfələrlə düşmək və ondan çıxış yollarını tapmaq və nəticələrini görmək lazımdır. Əks halda çox çətin olacaq.

– Təranə xanım, PR-çı işlədiyin brend ilə assosiasiya olunmalıdırmı?

Bir PR-çı kimi onu da deyim ki, siz bir marka ilə assosiasiya olunduqda, həmin marka ilə brendləşirsiniz. Buna isə ehtiyac yoxdur. Heç vaxt işlədiyiniz yerin adı ilə brendləşməyin, başqa bir sahəyə keçdikdə bu sizin özünüz üçün çətin olacaq. Necə ki, bazarda bir çox mütəxəssislər bu çətinliyi yaşayır. Qoy iş sizin brendiniz olsun, siz onun brendi olmayın.

– Təranə xanım, necə düşünürsünüz? Bir şirkətin strategiyasına toxunmadan həmin şirkətin PR-nı aparmaq olarmı?

Bu çox yaralı mövzudur, bəzi qurumlar var ki, PR-çını çağırır və deyir ki, mənim strategiyama toxunmadan PR-ımı uğurlu bir şəkildə apar. Deyirlər mən əvvəldə necə idim elə qalım. Düşünürəm ki, bu şirkət rəhbərlərinin PR-a açıq olmaması ilə bağlıdır. Birinci növbədə problemi həll etmək üçün şirkət rəhbərləri PR-çıya düzgün yanaşmalıdır. Mütəxəssisin təklif etdiklərini dinləməlidir, onlardan düzgün PR taktikası tələb etməlidir. Çox vaxt isə bunun əksi olur, müdirlər PR, marketinqdə çalışan insanlara özlərinin istəklərini etdirməyə çalışırlar. Eləcə də ƏN ƏSASI mütəxəssisdən qısa zamanda böyük effektlər gözləyirlər. Təəssüf ki, bu kimi problemlər hələ də qalır.

– Təranə xanım, dövlət səviyyəsində olan şirkətlər niyə PR-a büdcə ayırmaqda maraqlı deyillər?

PR-çı tək olmalı deyil, onun PR komandası olmalıdır. Təəssüf ki, bizdə bir nəfəri işə götürürlər, ondan belə hər şey tələb edirlər. Peşəkar PR-çıya pul vermək istəməyib, qeyri-peşəkarı tapan şirkətlər sonda nəticə də əldə edə bilmirlər və bunun mənfi nəticələrini görürlər.

– PR mencerlər sosial şəbəkələr üzərində yaranan böhran hallarında nə etməlidirlər?

Mən PR-a yeni başlayanda rəqəmsal marketinqdən xəbərsiz idim. Amma sonradan başa düşdüm ki, rəqəmsal marketinq barədə də məlumatlı olmağım mənim işimi asanlaşdıracaq. PR menecerlər mütləq şəkildə rəqəmsal marketinqi bilməldiir. Əgər gələcəkdə nə vaxtsa PR-çı olmaq istəyənlər varsa, mütləq rəqəmsal marketinqi öyrənsinlər. Ona görə yox ki, gedib dijital marketoloq olacaqlar. Niyə bilməlidirlər? Onun təmsil etdiyi şirkətin imici PR-çıdan asılı olduğu üçün dijitalı bilən dijital marketoloq ilə çox rahat çalışa bilsin. Dijitalı biləndən sonra ona asan olur, çünki kontenti yazmaq nədir bilir, kontenti müəyyən edir və s.

PR-çı saytın qurulmasının belə nə olduğunu bilməldiir. Saytın rəngləri, bu günün trendlərinə uyğun olub-olmaması, saytda xəbərin yerləşməsinin necə oduğunu bilməlidir. O, bilməlidir ki, PR-çı kimi dijital marketoloqdan tələbləri nələrdir. PR-çı kimi sahəmi daha mükəmməl bilmək üçün davamlı olaraq oxuyuram, öyrənirəm.

– Sizcə, hansı inkişaf mərhələsində şəxslərin və ya şirkətlərin PR-a ehtiyacı olur?

Şirkət və qurumun elə yarandığı birinci gündən PR-a ehtiyacı var.

– Cəmiyyət olaraq (digər Qafqaz ölkələri kimi) həssas xüsusiyyətlərə malikik. Xarici şirkətlər Azərbaycan bazarı üzrə PR sahəsində nələrə daha çox diqqət yetirməlidirlər?

Hər bir ölkənin hər bir yerin özünəməxsus xüsusiyyətləri var. Davranış tərzləri, insanlarla ünsiyyət fərqləri də olur, mentalitet də burda əsas rol oynayır. Biz PR-çılar öz aramızda deyirik ki, ümumiyyətlə, Azərbaycanda PR işləri ancaq özünəməxsus gedir.

– Gələcəkdə PR menecer olmaq istəyənlərə tövsiyəniz nələrdir?

PR menecer olmaq istəyənlər çalışsınlar ki, mətbuatda ən azı özlərini sınasınlar, mətbəxi bilsinlər. Çünki PR menecer müsahibə, reportaj, press-reliz yazmağı da bilməlidir. Daim analizlər etməlidir, sorğular keçirməyi bacarmalıdır, ətrafı geniş olmalıdır. Ətrafın geniş olması üçün də insanlar ilə ünsiyyəti artırmaq lazımdır. Əlaqə geniş olanda istənilən işi daha rahat, keyfiyyətli həll etmək olur. Mütləq şəkildə öz üzərlərində işləməlidirlər, müsahibəmin əvvəlində də qeyd etdiyim kimi dijitalı, lazım olsa marketinqi də öyrənməlidirlər.

PR-çı olmaq istəyən gənclər təcrübə proqramlarına qatılsınlar. Ola bilər sizi işə götürməsinlər, amma uğurlu bir layihənin bir parçası olacaqsınız. Bu sizə təcrübə qazandıracaq. Gənclər, yeni addım atanda birinci növbədə pulu deyil, karyeranı düşünməldir. İnanın, peşəkar olduqdan sonra isə pul qazanacaqsınız.

Birinci öz PR-ınız üçün işləyəcəksiniz, özünüzü biznes mühitində peşəkar kimi təqdim edəcəksiniz. Bir gün iş təcrübəniz elə bir səviyyəyə çatacaq ki, artıq şirkətlər sizi axtaracaq, siz onları deyil.

Oxşar xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir