Prezidentin başlatdığı ciddi media islahatları – Vüqar Əliyevə nə zaman növbə çatacaq?!

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifədən azad olunmasından sonra Azərbaycan jurnalistlərinin ən böyük dostu və dəstəkçisi olan Prezident İlham Əliyev tərəfindən mətbuatın saflaşdırılması və yenilənməsi məqsədi ilə həyata keçirilən kadr islahalatları ictimaiyyətin və mətbu cameənin böyük təqdiri ilə qarşılandı. Öz fəaliyyəti və davranışları ilə Azərbaycan mətbuatının üz qarasına çevrilən KİVDF sədri Vüqar Səfərlinin və MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin tutduğu vəzifələrdən azad edilməsi KİV sahəsindəki islahatlar çərçivəsində atılan olduqca mühüm addımlar oldu.

Təsadüfi deyil ki, hazırda bütün ölkə mediasında, xüsusi ilə də KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin fəaliyyəti dövründə yol verdiyi olduqca ciddi nöqsanlara görə, qanunlar qarşısında cavab verməli olduğu haqqında xəbərlər dərc edilir.

Lakin maraqlıdır ki, Azərbaycan mediasında həyata keçirilən mühüm islahatlar çərçivəsində Vüqar Səfərli və Nuşirəvan Məhərrəmli daxil olmaqla, bir çox şəxslər vəzifələri ilə vidalaşsa da, uzun illərdir Azərbaycan mediasının kabusuna çevrilən Prezident Adminstasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdir müavini Vüqar Əliyev hələ də öz mövqelərini qorumaqdadır.

Azərbaycan mətbuatında yaşanan hər qalmaqallı, xoşəgəlməz olayda adı ilk çəkilən, kobud davranışı və dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən jurnalistlərə düşmən münasibəti ilə yadda qalan Vüqar Əliyev hansısa vasitələrlə özünü bütün bu proseslərin kölgəsində saxlamağı bacarıb.

Azərbaycan mətbuatında az-çox çalışan hər kəsə yaxşı bəllidir ki, Vüqar Əliyevin məlum şöbədəki fəaliyyəti ölkə mediasının inkişafına dəstək vermək, onlarının işini kordinasiya etməkdən daha çox, bir qrup məmurun-icra başçıları, nazir müavinləri, deputatlar, iş adamlarının mətbuatda qorunmasını təşkil etməkdən ibarət olub. Yəqin ki, Azərbaycan mətbuatında çox az adam tapılar ki, Vüqar Əliyev vəzifə səlahiyyətlərindən istifadə etməklə ondan hansısa yazının saytda çıxarılmasını, yazılmamasını tələb etməklə, dövlət adından hədələməsin.

Vüqar Əliyevin ictimai-siyasi şöbədə işlədiyi dönəmlərdə öz yazıları, fəaliyyəti ilə Azərbaycan dövlətinə, onun Prezidentinə ləyaqətlə xidmət edən jurnalistlər kiçik istisnalarla bütün mətbu proseslərdən kənarda saxlanılıb, haqqı olan insanların hər hansı dövlət dəstəyindən faydalanmasına imkan verilməyib.

Əksinə belə adamlar haqqında PA-da düşmən obrazı yaradılmağa çalışılmaqla, sanki dövlətdən küsdürülməsi üçün planlı iş aparılıb.

Təəssüflə qeyd etmək lazımdır ki, hanısa yollarla Prezident Adminstasiyasındakı işinə davam edən Vüqar Əliyev dövlətinə və Prezidentinə bağlı qələm adamlarına qarşı ögey münasibətini davam etdirməkdədir…

Görəsən, Azərbaycan mətbuatında aparılan və böyük təqdir görən islahalatlar dalğası Vüqar Əliyevə nə zaman çatacaq?!

Editor.az

Oxşar xəbərlər