“Prezidentin hər səfəri mühüm hadisədir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar. Prezident səfər zamanı Şuşada görüləcək bərpa işləri ilə bağlı məlumat verib.

Milli Məclisin deputatları Prezidentin Şuşaya növbəti səfərini tarixi hadisə adlandırıblar.

Deputat Nəsib Məhəməliyev deyib ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri tarixi hadisədir:

“Hər rayonun spesifik xüsusiyyətləri, özünəməxsus tarixi abidələri və 44 günlük Vətən Müharibəsində həmin rayonda keçirilmiş döyüş əməliyyatları bu səfərləri məzmunca bir-birindən fərqləndirir. Ölkə Prezidenti bütün səfərləri zamanı ilk növbədə Azərbaycan mədəniyyətinə aid olan tarixi abidələrin, başqa dinlərə mənsub olan məbədlərin, məscidlərin, alman kilsələrinin tarixi ilə bağlı çox əhəmiyyətli bilgilər verir. Ermənilərin 30 illik işğalı müddətində bu tarixi saxtalaşdırmaq cəhdlərini faktlarla ortaya qoyur və dünya ictimaiyyətinə çatdırır. Bu, olduqca əhəmiyyətlidir. Misal üçün, Prezident Şuşa şəhərinə səfərə gedərkən, Şuşanın əsasını qoymuş Pənahəli xanın sarayının necə dağıdıldığını dünya birliyinə nümayiş etdirdi”.

N.Məhəməliyev bildirib ki, uzun illər erməni vandalları özlərini dünyanın qədim, mədəni milləti kimi təbliğ edərək reallığın tam əksini həyata keçiriblər: “Bütün rayonları, kəndləri, yaşayış məntəqələrini dağıdıblar. Tarixi memarlıq abidələrini, dini məbədləri, məzarlıqları məhv ediblər. Onları elə təkcə buna görə goreşən millət adlandırmaq mümkündür. Nəzərə alsaq ki, müharibənin bitməsindən 4 ay keçməsinə baxmayaraq, informasiya müharibəsi ermənilər tərəfindən bir an belə dayandırılmır, əlimizdə olan bütün faktlar dünya birliyinə təkrar-təkrar göstərilməlidir. Eyni zamanda Ermənistanın siyasi hakimiyyətində təmsil olunan ayrı-ayrı üzvləri də diplomatik müstəvidə müharibəni davam etdirirlər. Bildiyiniz kimi, bir çox siyasətçilər Ermənistan daxilində revanş çağırışları aparırlar, yeni müharibənin anonslarını verirlər. Bütün bunlar bizə arxayınlaşmağa imkan vermir. Tarixi saxtalaşdıranların cavabları verilməli, onların əsl siması, iç üzü dünyaya göstərilməlidir. Bu baxımdan, ölkə başçısının hər bir səfəri böyük əhəmiyyət kəsb edir və tarixi hadisə kimi yaddaşlara həkk olunur. Fikrimcə, Prezident 44 günlük müharibədə olduğu kimi indi də şərəfli tarixi yazmağa davam edir”.

Millət vəkili Cavid Osmanovun sözlərinə görə, Prezident Şuşa səfərində erməni vandallarının Azərbaycan torpaqlarında etdikləri vəhşilikləri bir daha dünya birliyinə nümayiş etdirdi:

“Bildiyiniz kimi, Prezident İlham Əliyev 44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın parlaq qələbəsindən sonra işğaldan azad edilmiş vətən torpaqlarına 4-cü səfərini edib. Əlbəttə ki, bu səfər bir daha dünya ictimaiyyətinə erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri çatdırdı. Digər bir tərəfdən, Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycanın güclü və qüdrətli olduğunu yenidən sübut etdi. Eyni zamanda, biz Prezidentin 44 günlük müharibədə olduğu kimi indi də bu ərazilərdə yeni infrastruktur layihələrinin reallaşdırılması, yenidənqurma işlərinin öz imkanları hesabına başladılmasının şahidi olduq. Həmçinin dünya Şuşanın, elə digər torpaqlarımız kimi bizim üçün doğmalığını və əzəli Azərbaycan torpağı olduğunu bir daha gördü”.

Parlamentin üzvü Aqil Abbasın fikrincə, Şuşa səfərinin türk xalqları üçün böyük önəm kəsb edən son çərşəmbə günündə baş tutması olduqca əhəmiyyətlidir:

“Bu, Prezidentin son 3 ayda Şuşaya ikinci səfəridir. İlham Əliyev səfər zamanı dünya birliyinə bir daha önəmli mesajlar ötürdü, Şuşada görüləcək işlər barədə ətraflı məlumat verdi. Pənahəli xanın sarayının, Vaqifin məqbərəsinin bərpası, ümumiyyətlə, Şuşanın abadlaşdırılması və s. barədə çıxış etdi. Ümumən Prezidentin çıxışları şərhsizdir, onu şərh etmək mümkün deyil. Qeyd edim ki, bu səfərlər həmçinin ermənilərin arxasında duran qüvvələrə də mesajdır. Maraqlıdır, əgər sən xristiansansa, niyə alban kilsələrini dağıdırsan, murdarlayırsan?! Əgər sən din adamı, Allah adamısansa… Deməli, ermənilərin insanlıqdan payı yoxdur və dünya da hər zaman bütün bunlara göz yumur”.

Oxşar xəbərlər