Millət vəkili Nazirliyə müraciət edib

“Bu yaxınlarda Tovuzun Əlimərdanlı kəndində yaşayan Əməkdar mədəniyyət işçisi, ustad aşığımız Əli Ürfan Quliyevlə görüşmüş, səhhəti, qayğıları ilə maraqlanmışdıq”.

SOSİUM.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib. O, qeyd edib ki, bir ildən artıqdır ağır xəstə olan, neçə ildir işsiz qalan ustad aşığın qayğılarına, istəklərinə müvafiq olaraq, artıq, Mədəniyyət Nazirliyinə rəsmi məktubla müraciət etmişik:

“Biz belə bir müraciəti daha öncələr də göndərmiş, təəssüflər ki, olumlu cavab almamışdıq; inanırıq ki, Mədəniyyət nazirinin səlahiyyətlərini icra edən hörmətli Anar Kərimovun məsələyə reaksiyası ilə ustadın qayğı və istəklərinə operativ şəkildə baxılacaq”.

Qeyd edək ki, qarşıdan 70 illik yubileyi gələn Aşıq Əli Ürfan Quliyev 1990-2002-ci illərdə Aşıq Hüseyn Bozalqanlı adına Aşıqlar Muzeyinin direktoru olub, uzun illər sənətə layiqincə xidmət edib. Aşığın 60 illik yubileyi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dövlət Filarmoniyasında keçirilib. O, yaşayan ən böyük aşıqlarımızdan sayılır; aşığın ifasında “Dilqəmi” və “Ruhani” saz havaları AzTV-nin “Qızıl fond”una daxil edilib. Yeni nəsil aşıqlarımızın bir neçəsi ya onun biləvasitə yetirməsidir ya da görkəmli aşığı özünə mənəvi ustad bilir, onun kamil ifalarından bəhrələnir və öyrənir. Yalnız mahir saz ifaçısı kimi deyil, epos təfəkkürlü şair-ozan olması ilə də seçilən ustadın yazdığı aşıq şeirləri dillər əzbəridir. “Qəm daşıyan dərviş oldum” şeirlər kitabı 2011-ci ildə, “Eşqsiz insanın qəlbi boş olar” kitabı isə 2018-ci ildə nəşr olunub.

Oxşar xəbərlər