Qarabağda iqtisadi canlanma yaranacaq və…

Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe bütün dünyaya səs saldı. Azərbaycan Xalqı, Azərbaycan Ordusu dəmir yumruğun ətrafında sıx birləşərək qibtə olunacaq Vətən sevgisinə malik olduqlarını bütün dünyaya əyani şəkildə sübut etdilər. İllərdir düşmən tapdağında qalan torpaqlarımızı azad edərək ədaləti bərpa etdik. Xalq öz Ali Baş Komandanına, öz Ordusuna inanırdı.

Hazırda Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Hazırda qarşıda duran əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Hazırda bərpa və yenidənqurma işlərinin əsas məqsədi məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmalarıdır. Bu baxımdan dövlət başçısı işğaldan azad olunmuş rayonlara mütəmadi səfərlər edir. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri qoyulur. 30 ilə yaxın vandalizminə məruz qalan torpaqlarımızda tezliklə iqtisadi canlanmanın və məskunlaşmanın şahidi olacağıq. Bu həm yerli şirkətlər tərəfindən qoyulan investitsiyanın, həm də xarici investitsiyanın regiona cəlb edilməsini şərtləndirir. Bununla bağlı artıq ilkin addımlar atılmağa başlamışdır. Azərbaycan bu gün güclü regional siyasi faktora çevrilib. Bu isə özlüyündə iqtisadi layihələrin təşəbbüsü və reallaşması ilə yanaşı həm də onun təhlükəsizliyinin və rentabelliyinin təmini istiqamətində Azərbaycanın gücündən müsbət mənada istifadə edilməsini aktuallaşdırır.

Cənab Prezident tutarlı faktlarla bəyan etdi ki, Qarabağın çoxşaxəli iqtisadi potensialı mövcuddur, burada müxtəlif təyinatlı loqistik layihələrin icra olunması ücün imkanlar genişdir. Füzuli, Laçın, Zəngilan rayonlarında hava limanlarının inşası, bütünlükdə ərazidə iri infrastruktur işlərinin görülməsi çox böyük potensial tələb etsə də, dövlətimiz və insanlarımız bunun öhdəsindən gəlməyə qadirdir.

Cənab Prezidentin də qeyd etdiyi kimi artıq ərazilərin bir hissəsində işlərin görülməsinə start verilib, 7 min hektardan çox sahəyə payızlıq taxıl əkilib. Yaxın gələcəkdə bölgənin ənənəvi kənd təsərrüfatı sahəsi olan heyvandarlığın ən yüsək səviyyədə təşkili nəzərdə tutulur.

Görüləcək tədbirlər sayəsində Qarabağ alternativ enerji mənbəyinə çevriləcək, burada külək və günəş elektrik stansiyaları tikiləcək, bu sahədə beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Qarabağ “yaşıl enerji zonası” elan edilmişdir.

Biz gənclər Prezidentimizin iradəsinə inanırıq. İnanırıq ki, hər bir azərbaycanlı da Prezidentimizin ətrafında olacaq, Qarabağın əvvəlki gözəlliyinə, iqtisadi inkişafına qayıtması üçün əlindən gələni əsirgəməyəcək, ölkəmizin daha da zirvələrdə olması üçün gecə gündüz çalışacaq, tikinti-quruculuq və abadlıq işlərində də dəmir yumruq olaraq hər birimiz birləşəcək! Biz gənclər də daima Prezidentimizin ətrafında olacaq, onun tapşırıq və tövsiyələrini yerinə yetirəcəyik Biz gənclər gələcəyə umidlə baxırıq! Bilirik ki, gələcəyimiz əmin əllərdədir!

Yaşasın Azərbaycan Xalqı! Yaşasın dəmir iradəli Prezidentimiz cənab İlham Əliyev!

Masallı gənci Fateh Xəlilzadə

Oxşar xəbərlər