Çörəyin qiyməti sabit qalsa da, çəkisi azalır

Dünyanın ən böyük buğda istehsalçısı olan Rusiya buğda ixracına tətbiq etdiyi əlavə vergini 2 dəfə artırıb.

Rusiya Nazirlər Kabinetinin qərarına görə, martın 1-dən etibarən kvota daxilində buğda ixracatının əlavə vergi dərəcəsi ton başına 50 avroya qədər artırılıb. Belə ki, bundan əvvəl rüsum 25 avro idi. Bundan başqa arpa ixracına bir ton üçün 10 avro, qarğıdalı üçün isə 25 avro vergi tətbiq olunacaq.

Qeyd edək ki, vergi rüsumlarının artırılması təklifi ilə bir həftə əvvəl Rusiya Kənd Təsərrüfatı Nazirliyi çıxış etmişdi, ölkənin İqtisadiyyat Nazirliyindən də rüsumun artırılacağı bildirilmişdi.

Rusiya hökuməti bununla daxili ehtiyacları ödəmək və ölkədə ərzaq qiymətlərinin bahalaşmasının qarşısını almağa çalışır. Digər tərəfdən, daxili bazardakı qiymətləri tənzimləmək üçün yanvar-mart aylarında dövlət ehtiyatından daxili bazara təxminən 75 min ton taxıl satmağı planlaşdırır.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə yay aylarında yeni dövlət taxıl ehtiyatını 2,5 – 3,5 milyon tona qədər artırmağı planlaşdırır. Məlumdur ki, Rusiya Azərbaycanın da böyük taxıl idxalçılarından biridir. Bu ölkədə ixrac rüsumlarının artırılması ölkəmizdə taxıl, buğda, un, çörək və digər qiymətlərə təsir edəcəkmi?

SOSİUM.az xəbər verir ki, iqtisadçı Akif Nəsirli cebhe.info-ya açıqlamasında bildirib ki, təkcə Rusiyada deyil, bütün dünyada ərzaq buğdası və digər taxıl məhsullarının qiymət artımı müşahidə olunur:

“Şübhəsiz ki, bu bahalaşma taxıl idxalçısı olan bir ölkə kimi Azərbaycandan da yan keçməyəcək. Doğrudur, bizim indi 2-3 aylıq ehtiyatlarımız var, amma dünyada baş verən bahalaşma sahibkarlara ilk növbədə psixoloji təsir edir. Onlar gələcək işlərini planlaşdıran zaman taxılın tonunu baha alacağını nəzərə alır. Ona görə də psixoloji təsirlə bahalaşmaya meyillilik yaranacaq”.

İqtisadçı qeyd edir ki, əhalini ilk növbədə çörəyin qiymətinin bahalaşıb-bahalaşmayacağı düşündürür: “Hesab edirəm ki, çorəyin bahalaşması bir müddət qiymət şəklində özünü göstərməyəcək. İndi müşahidə etdiyimiz kimi, çörəyin çəkisi azalacaq. Növbəti mərhələdə isə çörəyin bahalaşmasını da görəcəyik. Təbii ki, unun da, taxılın da bahalaşacağı gözləniləndir”.

Akif Nəsirli hesab edir ki, ölkədə çətinlik bir neçə ay sürə bilər:

“İyul ayınadək çətinliyimiz olacaq. Ondan sonrakı dövrdə isə Azərbaycanda taxıl istehsalı başlanacaq. Digər tərəfdən yəqin ki, növbəti mövsümdə işğaldan azad olunan bölgələrdə tam gücü ilə taxıl istehsalı ilə məşğul ola biləcəyik və ölkənin bu sahədə asılılığını bir qədər də azalda biləcəyik”.

Oxşar xəbərlər