Qobustan Gənclər Evi bəyanat yaydı

Qobustan Gənclər Evi Müzəffər Azərbaycan Ordusunun qələbəsi münasibəti ilə bağlı bəyanat yayıb.

Qobustan Gənclər Evinin direktoru Anar İrzaquluyevin adından yayılan bəyanatda deyilir:

10 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə daxil oldu. Məhz bu gün xalqımızın yurd həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Tarixi Azərbaycan torpaqları düşmən işğalından azad edildi. Bu günü xalqımız illərdir gözləyirdi. Bu tarix  xalq olaraq qürurumuzun özümüzə qayıtdığı gündür. Şuşanın işğaldan azad olunması sevincindən iki gün sonra xalq daha möhtəşəm zəfər xəbərini aldı. Artıq öz ordusu haqqında mif yaradan, arxasındakı güclərə söykənərək məğlub olmayacağı təsəvvüründə olan Ermənistan ordusu rəşadətli Azərbaycan Ordusunun qarşısında diz çökdü. Silah-sursatını atıb qaçdı. Ermənistan hakimiyyəti məğlub tərəf olaraq tarixi sənədə imza atmağa məcbur oldu. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin əmrində düşmənə tarixi dərs verdi. Azərbaycanın qəhrəman əsgərləri bu mənəvi zövqü bizə yaşatdı.

Biz, bu gün üzüağ, alnıaçıq, başıdik gəzə bilirik. Bu sevinc hissini qobustanlılar da bölüşdülər. Səhər tezdən hər kəs rayonun Şəhidlər Xiyabanına axışdı. Şəhidlərimizin ruhuna dualar oxundu. Rayon Azərbaycan və Türkiyə bayraqlarıyla rəngləndi. Qobustan Gənclər Evi olaraq, biz də bu fərəh hissini bölüşdük.

Qobustan Gənclər Evi olaraq, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə bu tarixi qələbə münasibətilə öz təşəkkürümüzü bildirir, Cənab Prezidentə uzun ömür, cansağlığı, dövlətimizin inkişafı naminə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq. Onun uğurlu siyasətinin Azərbaycanı bundan sonra da çiçəkləndirəcəyinə, dünya arenasında layiqli yerini tutmasına səbəb olacağına səmimi-qəlbdən inanırıq. Allah bu yolda Cənab prezidentə yar və yardımçı olsun! Rəbbimiz qazilərimizə cansağlığı versin! Vətən yolunda sağlamlığını itirmiş döyüşçülərimizə şəfalar diləyir, şəhidlərimizin ruhu qarşısında baş əyirik! Onlar bizim bu tarixi qələbəmizi öz qanlarıyla yazdılar”.

Ruhları şad olsun! Amin!

Zəfər sənə çox yaraşır, Azərbaycan!

Oxşar xəbərlər