“Quska”nın vəkili məhkəmədə həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunun 13 saylı vəkil bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

SOSİUM.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ruhid Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan vəkil məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir. O, iki vətəndaşın 50 min manatdan çox pulunu mənimsəməkdə ittiham edilir.

Məlumata görə, R.Əkbərov vətəndaşlardan onların yaxınlarının cinayət işi üzrə bəraət yaxud digər yüngülləşdirici qərar verilməsinə nail olacağını vəd edərək külli miqdarda pul alıb.

Xatırladaq ki, R. Əkbərov sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.

Oxşar xəbərlər