Rayonlara gediş-gəlişə icazə veriləcək?

“31 avqusta qədər karantin tədbirləri davam edir. Bir aya yaxındır ki, yoluxma sayında azalma baş verir. Vəziyyət stabilləşib. Müəyyən qədər bir gündən o biri günə artım olur. Sonradan yenidən azalır. Ümumən götürdükdə yoluxma 200-dən aşağıdır. Bu da sərtləşdirilmiş karantin tədbirlərindən və əhalinin sanitar qaydalara riayət etməsindən irəli gəlir”.

SOSİUM.az xəbər verir ki, bu fikirləri qazet.az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov bildirib. O qeyd edib ki, hazırkı gündəlik yoluxma sayı regionlara gediş-gəlişi açmağa imkan verir.

“Yoluxma bu cür davam edərsə, müəyyən məhdudiyyətlərlə regionlara gediş-gəliş mümkün ola bilər. Burada çox ehtiyatlı hərəkət etmək lazımdır. Məktəblərin açılması planlaşdırılır. Bütün diqqətimiz və bütün mübarizə tədbirlərimizi məhz uşaqlarımızın məktəbə getməsinə yönəltməliyik. Bunu təmin etmək üçün yoluxma sayını Bakıda və böyük şəhərlərdə çox aşağı səviyyədə saxlamalıyıq. Regionlara gediş-gəlişi icazəli şəkildə, məhdudiyyətlə etmək daha yaxşı olar”.

“Rayonlara gediş-gəlişin məhdudlaşdırılması yoluxma sayının artmaması üçün edilmişdi. Bakıda yoluxma sayının çox olduğu vaxt rayonlara gediş-gəlişin açılması əhalinin riski demək idi. Hazırda Bakı şəhərində, eləcə də Azərbaycanda aktiv yoluxma sayı 2 mindən aşağıdır. Burada Bakının payına 50 faizdən çox düşür. Bu da az bir rəqəmdir. Bunu nəzərə alaraq, rayonlara gediş-gəlişin müəyyən məhdudiyyətlərlə bərpa edilməsi nəzərdən keçirilə bilər. Bunun üçün növbəti günlərdə də yoluxma sayına diqqət yetirməliyik. Yoluxma sayının azalmasına səbəb həm də şənbə və bazar günləri ictimai nəqliyyatın işləməsinin dayandırılmasıdır. Metronun işləməməsi də təsir edib”, – deyə Nabil Seyidov vurğulayıb.

Oxşar xəbərlər