Rusiya demoqrafik miqrasiya böhranında

Milli Məclisin deputatı Elman Nəsirov yazır:

Rusiya əhalisi fəlakətli səviyyədə azalmaqdadır.

Statistika qurumunun qiymətləndirməsinə görə, 2020-ci ildə əhalinin sayı 146,24 milyon təşkil etmişdir. Bu göstərici 2019-cu illə müqayisədə 510 min nəfər azdır. Basqa sözlə, təkcə bir il ərzində Rusiya əhalisinin itkisi yarım milyondan çox olmuşdur.

Bu artıq “demoqrafik SOS” deməkdir. Bu dəhşətli reallığı Rusiyanın yüksək ranqlı rəsmiləri də etiraf edirlər. Bu baxmdan Rusiya Baş nazirinin müavini Tatyana Qolikovanın səsləndirdiyi fikirlər sensasiya sayıla bilər. Onun mövqeyinə görə, Rusiya Federasiyasında əhalini sayının dinamik olaraq azalması obyektiv səbəblərlə bağlıdır. Nazir müavininin fikrincə, dövlətin qarşısında bu təhlükəli tendensiyaya son qoymaq və 2030-cu ilədək doğumun sabitləşməsi və ölümün azalması hesabına əhalinin davamlı artımını təmin etmək vəzifəsi durur.

Anoloji mövqe ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da şıxış etmişdir. O, martın 31-də jurnalistlərin suallarına cavab verərkən açıq şəkildə bildirmişdir ki, “bütövlükdə ölkəmizdə demoqrafik vəziyyət çox pis vəziyyətdədir. Hələ ki, obyektiv səbəblərdən vəziyyəti tam tənzimləmək mümkün olmamışdır.”

Yeri gəlmişkən, ilk dəfədir ki, Rusiya rəhbərliyi səviyyəsində ölkənin demoqrafik vəziyyətinin dözülməz həddə gəib çatması ilə bağlı açıq bəyanatlar səslənməkdədir. Eyni zamnada unutmaq olmaz ki, demoqrafik proseslər öz mahiyyəti etibarilə ətalətlidir, onun indiki vəziyyəti və nikbin olmayan perspektivləri Rusiyanın 2030-cu ilədək nəzərdə tutulan inkişaf məqsədlərini böyük sual altında qoya bilər.

Heç şübhəsiz, demoqrafiya sahəsində belə acınacaqlı vəziyyətin yaranmasını şərtləndirən əsas amillər əhalini rifahı və sosial-iqtisadi vəziyyətinin kəskin pisləşməsi reallığı ilə bağlıdır. Bu xüsusda Harvard Busines Review jurnalının istinad etdiyi statistika kifayət qədər düşündürücüdür. Burada qeyd olunur ki, 2017-ci ildə Rusiyanı ali təhsilli 58 min nəfər tərk etmişdir. Onların böyük əksəriyyətinin yaşı 30-34 arasındadır. Başqa sözlə. söhbət demoqrafik baxımdan ən məhsuldar olan kəsimdən gedir.

Bu proses 2011-2017-ci illərdə daha çox iqtisadi mötivlərlə bağlı idisə, siyasi amilin də çəkisi kifayət qədər nəzərəçarpacaq olmuşdur. Elmi və yaradıcı işçilər, həkimlər və müəllimlər əksər hallarda iqtisadi mötiv əsasında ölkəni tərk edirdilərsə, digər kateqoriyadan olan insanlar arasında isə siyasi motiv-2012-ci il seçkiləri və 2014-cü il hadisələri ilə bağlı vətənləri ilə vidalaşanlar çoxluq təşkil etmişdir.

Rusiyanın “Ali İqtisadi Məktəbi”nin yaydığı məlumata əsasən, 1992-1998-ci illərdə 5 ölkəyə (Almaniya, ABŞ, İsrail, Kanada, Finlandiya) istiqamətlənən rusiyalı emiqarnatların sayı 950 min nəfərə bərabər olmuşdur. 2002-2010-cu illərdə bu göstərici 500 min nəfəri ötmüşdür.
Ölkədə intellektual miqrasiya qırmızı xəttə yaxınlaşmaqdadır. Belə ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Levan Mindelinin verdiyi məlumata əsasən, “1999-2004-cü illərdə Rusiyanı 25 min alim tərk etmişdir. 30 min alim isə xarici ölkələrin elmi mərkəzlərində illik kontrakt əsasında işləyirlər. Onlar ölkənin bütün elmi potensialının 5-6%-ni təşkil etsələr də, əslində ən istedadlılardır.”

Yeri gəlmişkən, Risiya Elmlər Akademiyasının Rəyasət Heyyətinin 2018-ci il tarixli hesabatında isə qeyd olunur ki, yüksək səviyyəli mütəxəssislərin 2013-2016-cı illərdə ölkəni tərketmə faizi ikiqat artmışdır.

Rusiyada demoqrafik fəlakət və intellektual miqrasiya problemləri öz həllini tapmayacağı təqdirdə tanınmış rusiyalı demoqraf Aleksey Rakşinin proqnozları tam gerçəkləşə bilər. Onun fikrincə, 2040-cı ilədək Rusiyanın əhalisi 130 milyon nəfərə qədər azala bilər. Basqa sözlə, 19 ildə 16 milyon insan itkisi. Müqayisə üçün qeyd edək ki, II Dünya müharibəsində Sovet İttifaqı 11,4 milyon hərbçi, 13,7 milyon isə mülki əhali itkisinə məruz qalmışdır.

Zənnimizcə, Rusiyanın üzləşdiyi demoqrafik fəlakətin miqyasını dərk etmək elə də çətin deyildir. Deməli, rəsmi Moskva təxirəsalınmaz tədbirlər görməli, milli xilas proqramları hazırlamalı, bu prosesdə ənənəvi hərbi-güc faktoruna deyil, davamlı iqtisadi inkişaf modelinə söykənməlidir. Yerlər səhv düşəndə milli fəalakət qaçılmaz olur.

Oxşar xəbərlər